Məhkəmə qərarları › İş №3(050)-1750/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1750/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1750/2025 28.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Masallı RPŞ-nin DYPB-nin rəisi, polis mayoru X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 məhkəməyə müraciət edərək, Masallı RPŞ-nin DYPB-nin rəisi X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin halları və tərəflərin izahatları Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 01:34 radələrində Masallı şəhəri ərazisində “Azpetrol” yanacaqdolurma məntəqəsi tərəfdən özünə məxsus “Mersedes Benz C 180” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayon istiqamətində hərəkətdə olduğu zaman Masallı RPŞ-nin YPX-nin inspektoru onu saxlayaraq, spirtli içki qəbul etməsini və yolda olan qoşa nişanlanma xəttinin tələbini pozduğunu bildirmişdir. O, YPX-nin inspektoruna spirtli içki qəbul etmədiyini, qoşa nişanlanma xəttinin tələbini pozmadığını bildirdikdən sonra YPX-nin inspektoru ona heç bir söz deməmiş, o, öz yoluma davam etməyə başlamışdır. Həmin yerdən bir qədər uzaqlaşdıqdan sonra mobil telefonuna sms gələrək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbini pozduğu üçün inzibati qaydada 100 manat məbləğində cərimə olunması barədə xəbərdarlıq edilmişdir. Əgər hər-hansı bir inzibati xəta törətmişdisə, inspektor inzibati xəta ilə bağlı video görüntü təqdim etməli, daha sonra ona cərimə protokolu yazılmalı idi. YPX inspektoru isə ona heçnə bildirmədən, o, həmin yerdən uzaqlaşdıqdan sonra ona cərimə tətbiq etmişdir. Növbəti gün Masallı RPŞ-yə yaxınlaşaraq cərimə olunması ilə bağlı ona hər-hansı sübut və video görüntünün təqdim edilməsini xahiş etsə də, lakin həmin yerdə olan polis əməkdaşları onu otağdan otağa yönləndirməklə sonda belə bir görüntünün olmadığını demişlər. Məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alıb şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək əlavə olaraq göstərdi ki, inzibati xəta baş verdiyi vaxt, yol kənarında YPX avtomobilinin gizli vəziyyətdə dayandığını müşahidə etsə də, lakin yoluna davam etmişdir. Daha sonra həmin YPX avtomobili arxasınca gəlmiş, ona saxlama işarəsi vermişdir. Əmrə tabe olaraq avtomobili saxlamışdır. Bundan sonra YPX əməkdaşı sərxoş olmasından şübhələndiyinə görə ona yaxınlaşaraq ağız qoxusunu iynəmiş, bundan sonra ona içkili olmasını, bundan başqa bütöv nişanlanma xəttini tapdalamaqla ötmə əməliyyatı apardığını deyərək barəsində inzibati xəta haqqında protokol tərtib olunacağını bildirmişdir. YPX əməkdaşına ümumiyyətlə spirtli içki qəbul etmədiyini, inzbati xətanın baş verməsinə dair videogörüntüyə baxış keçirməsini xahiş etsə də, videogörüntü ona təqdim edilmədən, YPX əməkdaşı heç bir sübut təqdim etmədən onun iştirakı ilə protokol tərtib edilməmişdir. Daha sonra dəfələrlə Masallı RPŞ-nin DYPB-yə gedərək səlahiyyətli şəxslərdən videogörüntüyə baxmaq istədiyini xahiş etsə də, YPX avtomobilinin xidməti ərazidə olması səbəbindən videogörüntünün təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Hətta dəfələrlə DİN-nin 102 xidmətinə məlumat verməsinə baxmayaraq, videogörüntü ona indiyədək təqdim edilməmişdir. Bundan sonra barəsində qəbul edilmiş inzibati tənbehvermə qərarının surətini əldə etdikdən sonra şikayətlə məhkəməyə müraciət etmişdir. Sonda F.S.Şahmarov məhkəmədən barəsində əsalətli qərar qəbul edilməsini xahiş etdi. Protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Eləcə inzibati xətanı özündə əks etdirən videogüntünün və xx.xx.2025-ci il tarixli, TP ******* inzibati tənbehvermə haqqında yazılmasına əsas olmuş sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı səlahiyyətli orqana sorğu göndərilməsinə baxmayaraq, məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət əsaslıdır və təmin ediməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Masallı RPŞ-nin DYPB-nin rəisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X4 xx.xx.2025-ci il tarixdə saat 01:34 radələrinə Masallı şəhəri, Babək prospektində “Mercedes Benz C180” minik markalı, ** BO *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin mövqeyi: Məhkəmə iclasında “Mercedes Benz C180” minik markalı, ** BO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X4 tərəfindən Masallı şəhəri Bakı prospektində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozulması təsdiq edilməmişdir. Belə ki, sorğu əsasında inzibati tənbehvermə haqqında qərarın yazılmasına əsas olmuş protokol və inzibati xətanı özündə əks etdirən videogörüntü məhkəməyə təqdim edilmədiyindən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, Yol-Patrul Xidməti Haqqında Təlimatın 4.3-cü madəsinə göstərilir ki, Patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. Həmin Təlimatın 4.7-ci bəndinə əsasən YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Həmin Təlimatın 8.7-ci bəndinə əsasən əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokolla razılaşmayaraq onu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmaqla xidmətin sonunda inzibati təcrübə üzrə baş inspektora (inspektora), yaxud bu vəzifə funksional olaraq həvalə edilmiş vəzifəli şəxsə təhvil verilir. Həmin işə xətanın törədildiyi yerdə patrul avtomobilində quraşdırılmış videokameranın görüntüləri əsasında yuxarı vəzifəli şəxs tərəfindən baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə DYP orqanına baxılması üçün göndərildikdə xəta törədilməsini sübut edən müvafiq görüntülərə dair çəkiliş protokola əlavə edilməlidir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Həmin Məcələnin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcələnin 124.3-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcələnin 124.4-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunvericliyin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Qərardan şikayət vermiş şəxs məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi YPX əməkdaşı onu saxlayan zamanı inzibati xətanın mövcudluğu ilə razılaşmamışdır. Lakin, iş materiallarında olan inzibati tənbeh vermə qərarından göründüyü kimi inzibati xəta xx.xx.2025-ci il tarixdə inzibati xətanı aşkar edən şəxs tərəfindən tərtib edilmiş, həmin vaxt yol verilən inzibati xətanın baş vermə şəraitini əks etdirən protokol kağız daşıyıcıda tərtib edilməmiş və vətəndaşa təqdim edilməmişdir. Qanunvericiliyin qeyd edilən normaları həqiqətdə inzibati xəta törətməsi ilə günahlandırılan şəxsin yerində tanış olmasını, protokoldan narazı olduğu halda, protokolda qeydlərini aparmasını və nəticədə mübahisəli protokol olduğundan həmin protokola baxılarkən vətəndaşın protokol əsasında qəbul ediləcək qərar qəbul edildiyi zaman onun iştirakı ilə törədildiyi iddia edilən xətanın əlamətlərinin müzakirəsini nəzərdə tutmuşdur. Lakin, hazırki vəziyyətdə görünür ki, vətəndaşa törətdiyi xəta ilə bağlı sübutlar təqdim edilmədən yalnız qəbul edilmiş qərarda İXP ******* nömrəli protokolun olduğu ilə bağlı qeydlər aparılmış, hansısa səbəbdən tarixi və nömrəsi olan, lakin məzmunu məlum olmayan protokol vətəndaşla müzakirə edilmədən qərar qəbul edilmişdir. Məhkəmə həm də onu qeyd etməyi zəruri hesab edir ki, sözü gedən şikayət məhkəmənin icraatına daxil olduqdan sonra şikayətin baxılmağa hazırlanması zamanı qəbul edilmiş mübahisəli qərarın hansı əsasla çıxarılması ilə bağlı sübutların təqdim edilməsi üçün Masallı Rayon Polis şöbəsinə məktub ünvanlamış, lakin Polis şöbəsindən qərarın qanuniliyini əks etdirən sübutlar məhkəməyə təqdim edilməmişdir. Yaranmış mənzərə onu göstərir ki, Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən heç bir sübuta əsaslanmadan vətəndaş X1 əməlində inzibati xəta tərkibinin əlamətləri olması qənaətinə gəlinərək qanunsuz qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (İXM 8.2) Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.(İXM 53.2) Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Masallı Rayon Polis X7 Xidmətinin əməkdaşı tərəfindən X1 barəsində yuxarıda qeyd edilən tələblər kobud şəkildə pozularaq protokol tərtib edilmiş və həmin protokol əsasında qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, şikayət verilən qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.5-1maddəsində göstərilən əsaslar müəyyən edilmişdir. Ona görə də qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131-135-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Masallı Rayon Polis şöbəsinin X9 Bölməsinin rəisi, X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X1 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar