Məhkəmə qərarları › İş №3(050)-1754/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1754/2025

29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1754/2025 29.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, Masallı Rayon Polis X7 Polisi Bölməsinin inzibati təcrübə üzrə baş inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Aberon rayonu, Pirəkəşkül hərbi şəhərciyi ev 138, mənzil 59-da qeydiyyatda olmaqla, Cəlilabad rayonu, Əzizabad kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati protokol sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis baş serjantı X4 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, seriya İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:06 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi “Dodge Neon” minik markalı, ** UP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən YPX-nin əməkdaşı tərəfindən saxlanılmış, sərxoşluq vəziyyətinin yoxlanılması ilə bağlı alkoltestr müayinəsindən keçirilmiş, yoxlama zamanı sürücünün avtomobili alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 03 radələrində sərxoş olduğu üçün özünə məxsus “Dodge Neon” minik markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün tanışı Ramin Baxşəliyevə vermiş, özü isə arxa sərnişin oturacağında əyləşmişdir. Masallı şəhəri H.Əliyev prospektində hərəkətdə olduqları vaxt YPX əməkdaşı tərəfindən saxlanılmışlar. Tanışı Ramin avtomobili yolun kənarına lakin hərəkət hissəsinə yaxın yerdə saxlamış, özü avtomobildən düşərək YPX əməkdaşına yaxınlaşmışdır. YPX əməkdaşları avtomobili idarə edərək polis şöbəsinin duracağına aparmalı olduqlarını dedikləri üçün o, avtomobilin polis əməkdaşları tərəfindən aparılmasına razı olmamış, avtomobili daha təlükəsiz yerdə qalması üçün avtomobilə əyləşərək yolun kənarından təxminən 1-2 metr kənara sürərək saxlamış və avtomobildən düşmüşdür. Bundan sonra polis əməkdaşları ona iradlar bildirib avtomobilin açarını ondan istəyərək mübahisə etməyə başlamışlar. Eyni zamanda sərxoş vəziyyətdə sükan arxasına əyləşib avtomobili idarə etdiyi üçün barəsində protokol tərtib ediləcəyini bildirmişlər. O, avtomobili idarə etmək fikri olmadığını, sadəcə avtomobilə əyləşib yolun kənarından daha təhlükəsiz yerdə saxlamaq niyyəti ilə 1-2 metr məsafədə avtomobili idarə etdiyini ona demişdir. O, YPX əməkdaşına post patrul xidməti avtomobilinin dəvət edilməsini, YPX avtomobilində əyləşdirilməsi üçün onların səlahiyyətlərinin olmadığını bildirmiş, buna baxmayaraq YPX əməkdaşı Amil Yunusov digər əməkdaşla birlikdə onu YPX avtomobili ilə Masallı RPŞ-yə gəlmişlər. İdarə etdiyi avtomobil də cərimə meydançasına aparılmışdır. Orada alokoltestr müayinəsindən keçirilmiş, həmin müayinə cavabında məcburən ona bir bakal pivə içməsi və nəticə ilə razı olması barədə qeydlər aparılmış, sərxoş olmasını təsdiq etmişlər. Daha sonra təsir altında ondan sərxoş halda avtomobil idarə etməsi barədə izahatını almışlar. Halbuki, YPX əməkdaşı tərəfindən saxlanılarkən sükan arxasında tanışı Ramin olmuş, o, sərxoş olduğu üçün həmin vaxt avtomobil idarə etməmişdir. Sonda Şəxs qeyd edilənlərin nəzərə alınıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Polis X7 Polisi Bölməsinin inzibati təcrübə üzrə baş inspektoru X5 izahatında göstərdi ki, şəxs saxlanılarkən orada iştirak etməsə də, lakin həmin şəxs DYPByə dəvət olunub dindirilərkən məlum olmuşdur ki, “Dodge Neon” minik markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil Masallı şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən YPX-nin əməkdaşı Amil Yunusov tərəfindən saxlanılmışdır. Məlum olmuşdur avtomobili idarə edən şəxsin sürücülük hüququ olmamışdır. Bundan sonra həmin şəxs sükandan kənarlaşdırılmışdır. Həmin vaxt avtomobildə sərnişin qismində olan Şəxs sərxoş halda sükan arxasına keçərək avtomobili idarə etməklə kənara bir qədər sürdüyü üçün YPX əməkdaşı Amil Yunusov ona yaxınlaşmış, sərxoş halda avtomobili idarə etməsinə görə iradını bildirməklə, həmin şəxsi də sükandan kənarlaşdırmışdır. Bundan sonra Şəxs adlı şəxs alkoltestr müayinəsindən keçirilmiş, sərxoş olması müəyyən edilmişdir. Hər iki şəxs DYPB-yə dəvət edilmiş, Şəxs verdiyi izahatında avtomobili sərxoş vəziyyətdə idarə etməsini qeyd etmiş, həmçinin alkoltestrin nəticəsi ilə razılaşmışdır. Məhkəmə tərəfindən inzibati xəta haqqında material Masallı RPŞ-nin DYPB-yə geri qaytarıldıqdan sonra Şəxs izahatı yenidən tərtib olunmuş, sonradan ona zəng edilərək barəsində tərtib edilmiş izahatla tanış olması və imzalanması üçün DYPB-yə gəlməsi barədə bildirilsə də, o, gəlmək imkanlarının olmadığını demiş, izahatın məzmunu ilə tanış olduqdan sonra imza edilməsinə etiraz etməmişdir. Bu səbəbdən izahat tərtib edilməklə materiala əlavə edilmişdir. Qeyd edilən səbəblərdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2025-ci il tarixli, seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:06 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi “Dodge Neon” minik markalı, ** UP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən YPX-nin əməkdaşı tərəfindən saxlanılması, sərxoşluq vəziyyətinin yoxlanılması ilə bağlı alkoltestr müayinəsindən keçirilmiş, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi ilə bağlı protokolda qeydlər aparılmışdır. Protokolun “izahat verən şəxs” qrafasında protokolla tanış oldum, xahiş edirəm, Masallı rayon Məhkəməsində baxılsın” qeydi aparılmış və Şəxs tərəfindən imzalanmışdır. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair alkoltestrin nəticəsini əks etdirən kağız daşıyıcınının əslindən görünür ki, Şəxs 4,177% promildə alkoqolun miqdarı aşkar olunmuşdur. Digər qeydləri oxumaq mümkün deyildir, alkoltestrin nəticəsində yuxarı hissədə imza hansı ki, həmin imzanın kimə məxsus olmasının mümkün etmək deyildir, aşağı hissədə isə “1 bakal pivə içmişəm nəticə ilə razıyam gördüyüm ilə” qeydləri aparılmış, imzalanmışdır. İkinci imzanın kimə məxsus olması müəyyən deyildir. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair alkoltestrin nəticəsini əks etdirən kağız daşıyıcınının kserosurətindən görünür ki, həmi kağız daşıyıcıda qeyd edilən məlumatlar alocolvisor- jupiter-x Seriya № 930043, qeydiyya No: 03433, tarix iyun 23, 2025, boş test 0,000%, Müddət 1,568 saniyələr, həcm 0.5543lirt, subyektin adı Şəxs, avtomobilin nömrəsi ** UP *** qeyd edilmiş, kağızdaşıyıcının yuxarı hissəsində imza qeyd edilməmiş, aşağı hissədə “1 bakal pivə içmişəm nəticə ilə razıyam gördüyüm ilə” qeydləri aparılmış, imzalanmış, həmin qeyd və imzalar alkotestrin nəticəsini əks etdirən kağız daşıyıcınının əslində aparılmış qeydiyyatla eynilik təşkil edir. X3 tərəfindən yazılmış izahatın məzmunundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 03 radələrində “Dodge Neon” minik markalı, ** UP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Şəxs sərxoş olduğundan idarə etmək üçün ona vermiş, sürücülük hüququ olmadan avtomobili idarə etdiyi zaman polis əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücülük hüququ olmadığı üçün onların iştirakı ilə avtomobil duracağa yerləşdirimişdir. Barəsində yazılmış protokolla razıdır, izahatı özü yazmış, doğrudur, imzası ilə təsdiq etmişdir. Masallı RPŞ-nin DYPB bölməsinin rəisi Asəf Mustafayev tərəfindən verilmiş xx.xx.2025ci il tarixli arayışdan görünür ki, BDYPİ-nin MİS-dən alınmış məlumata əsasən Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək 051313 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsi mövcud olmasına baxmayaraq təhvil verilməmişdir. İş materiallarında olan Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Dodge Neon” minik markalı, ** UP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil YPX əməkdaşı tərəfindən saxlanılmış, sükan arxasında sürücü X3 avtomobili yol kənarına yaxın hissədə saxlamaqla avtomobildən düşmüş, daha sonra sürücünün arxa hissəsində arxa oturacaqda Şəxs avtomobildən düşərək YPX avtomobilinə yaxınlaşmışlar, daha sonra avtomobildə sağ ön və arxa hissədə olan iki nəfər digər sərnişinlər də düşərək YPX əməkdaşına yaxınlaşmışlar. Bundan sonra Şəxs YPX əməkdaşı ilə birlikdə yenidən ** UP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yaxınlaşmış, Şəxs sükan arxasına keçərək avtomobil azca yoldan kənara çəkərək yenidən saxlamış, bundan sonra olan görüntülərdə YPX əməkdaşları ilə aralarında sözlü mübahisə etdikləri müşahidə olunmuşdur. Videogörüntülərdə olan səslər kəsilmiş formada dinlənilərkən YPX əməkdaşının Şəxs nə səbəbə sərxoş halda avtomobili idarə etməsi soruşulmuş, Şəxs avtomobili idarə etmədiyini, əməkdaşın təkidi ilə yol kənara çəkdiyini bildirmişdir. Videgörüntüdə səs yazılar tam şəkildə qeyd edilmədiyindən YPX əməkdaşları ilə sürücü və avtomobildə olmuş digər şəxslər arasında hansı məzmunda söhbət aparılmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə iş materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, CD diskə baxış keçirib habelə məhkəməyə təqdim edilmiş sübutları tədqiq edərək belə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xətanın tərkib əlamətləri olmadığından barəsində inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin izahatları və hadisənin videogörüntüsü ilə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03 radələrində sərxoş olduğu üçün özünə məxsus “Dodge Neon” minik markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün sürücülük hüququ olmayan tanışı X1 vermiş, özü isə arxa sərnişin oturacağında əyləşmişdir. Masallı şəhəri H.Əliyev prospektində hərəkətdə olduqları vaxt YPX əməkdaşı tərəfindən saxlanılmışlar. Şəxs avtomobildən düşərək YPX əməkdaşlarına yaxınlaşaraq biraz söhbət etdikdən sonra avtomobilin polis əməkdaşları tərəfindən aparılmaması üçün avtomobilə əyləşərək avtomobili təxminən 1-2 metr məsafədə yolun bir az da kənarına sürmüş və avtomobili saxlayaraq avtomobildən düşmüşdür. Polis əməkdaşları onun az məsafədə də olsa avtomobili sərxoş vəziyyətdə idarə etməsi qənaətinə gəldiklərindən onun barəsində protokol tərtib edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İXM-nin 333.1-ci maddəsinə əsasən avtomobilin sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən inzibati xətanın nəzərdə tutulmasında qanunvericiliyin məqsədi sürücülərin sərxoş vəziyyətdə avtomobil idarə etmələrinin qarşısının alınması, sərxoş vəziyyətdə olan şəxsin özüidarə etmədə çətinlik çəkdiyindən həmin vəziyyətdə avtomobil idarə edərkən digər hərəkət iştirakçılarının həyat və əmlak təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda sürücünün özünün həyatı üçün də yaran biləcək arzuolunmaz nəticələrin qarşısının alınmasından ibarətdir. Şəxs avtomobili idarə etmə trayektoriyasına nəzər yetirdikdə açıq-aşkar görmək mümkündür ki, o, avtomobili idarə edərkən yuxarıda qeyd edilən halların heç biri başa verə bilməzdi. Yəni, o, sadəcə yolun kənarında dayanmış vəziyyətdə dayanmış avtomobilin polis əməkdaşları tərəfindən aparılmasının qarşısını almaq üçün təxminən 1-2 metr məsafədə yolun daha da kənarına doğru idarə edib saxlamış və avtomobildən düşmüşdür. Qeyd edilən səbəblərdən şəxsin sərxoş vəziyyətdə avtomobili idarə etməsinə görə məsuliyyəti istisna edilir. Bundan başqa, Məhkəməyə təqdim edilmiş alkoltestr müayinə nəticələrinə dair kağız daşıyıcılarda göstərilən məlumatların üst-üstə düşmədiyi müəyyən edilmişdir. Halbuki, orqanın nümayəndəsi şəxsin ilkin müayinə nəticəsini əks etdirən məlumatların silinməsi nəticəsində həmin məlumatların əks olunduğu kağız daşıyıcının surətini çıxardıqlarını, həmin kağızlarda göstərilən məlumatların eyni olduğunu bildirmişdir. Lakin, həmin kağız daşıyıcılarda sərxoşluğun dərəcəsini əks etdirən rəqəmlərin eyni olmadığı, sənədin əslində 4,177 %, müayinə nəticəsinin surətində isə alkoqolun miqdarı kimi 0,5543 göstərilmişdir. Bununla bağlı orqanın nümayəndəsi ona həmin kağız daşıyıcılarda olan ziddiyyətlərlə bağlı verilmiş sualı cavablandıra bilməmişdir. Görünüdüyü kimi, həmin müayinə nəticələri həqiqəti əks etdirməmişdir, iki nüsxədə məhkəməyə təqdim edilmiş alkoltestr barədə kağız daşıyıcılarda olan məlumatlar ziddiyyət təşkil etmişdir. Məhkəmə qeyd edir ki, vətəndaşın barəsində alkoltestrin aşkar edilmiş göstəricilərinin düzgün olmaması və yaxud vətəndaşın həmin alkoltestr cihahızı vasitəsi ilə lazimi qaydada müayinədən keçirilməməsi ilə bağlı əsaslı şübhələr olduğundan həmin cihaz vasitəsi ilə aşkar edilmiş sərxoşluq müayinəsinin nəticələri mötəbər sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, Şəxs inzibati xətanı törətməmişdir, baxmayaraq ki, o, sərxoş vəziyyətdə olduğunu etiraf etmiş, onun avtomobili YPX əməkdaşının müşayiəti altında təxminən 1-2 metr məsafədə yol kənarına doğru sürməsi onun avtomobili sərxoş halda idarə etməsi ilə bağlı nəticəyə gəlməyə imkan vermir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqanın nümayəndəsi isə şəxsin təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, əməldə inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 105.1, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar