Məhkəmə qərarları › İş №3(050)-1756/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1756/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1756/2025 18.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1999-cu ildə Masallı rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Qəriblər kənd ərazisində inzibati binasının qarşısına xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs xx.xx.2025-ci il tarixdə Masallı Rayon Boradigah qəsəbəsi ərazisində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 05 radələrində Masallı rayonu, Qəriblər kəndi ərazisində DYPB-nin YPX-nin əməkdaşları Anar Qurbanlı və Niyaməddin Həsənov birlikdə xidmətdə olarkən, tərəflərindən Şəxs işıq cihazından düzgün istifadə etmədiyi üçün saxlanılmışdır. Onlar həmin vaxtı sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra işıq cihazından istifadə qaydalarının pozulmasını irad bildirmək istəyərkən sürücü Şəxs sərxoş vəziyyətdə olması aşkar olmuşdur. Əməkdaşlar Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməyə dəvət etsələr də, o tibbi müayinədən keçməkdən imtina edərək uca səslə onların ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. Şəxs ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna görə polis əməkdaşları dəfələrlə onu nizam-intizama dəvət etsələr də, o polisin qanuni tələbinə qəsdən məhəl qoymayaraq öz hüquqazidd hərəkətlərini təxminən 15-20 dəqiqə davam etdirmişdir. Bu səbəblə onlar radio-rabitə vasitəsilə ərazidə xidmət aparan PPX-ni hadisə yerinə çağırmışlar və onların köməkliyi ilə Şəxs RPŞ-yə gətirmişlər. Şəxs həmçinin Masallı RPŞ-nin inzibati binasında olarkən uca səslə ünvansız nəlayiq ifadələrlə söyüşlər söyərək polisin qanuni tələblərinə məhəl qoymayaraq öz hüquqazidd hərəkətlərini təxminən bir saat davam etdirmişdir. Sadalanan yol verilmiş hüquqazidd əməllərə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Sonda S.A.Haxverdiyev Şəxs hadisə baş verən vaxtadək özünü normal apardığını, polis əməkdaşlarına qarşı hər hansı hüquqazidd hərəkətə yol vermədiyini, hadisə vaxtı içkili olduğu üçün bu cür hüquqazidd əmələ yol verdiyinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, barəsində tərtib edilmiş inzibati xətalar haqqında protokollarla razıdır. xx.xx.2025-ci il tarixdə Masallı rayonunda “istisu” adlanan ərazidə dostları ilə bir qədər içki içmişlər. Daha sonra özünə məxsus nəqliyyat vasitəsinə əyləşərək idarə etmişdir. Həmin günü saat 04:00 radələrində “Viləş” otelin qarşısında Yol Patrul Xidmətinin əməkdaşları onu saxlamışlar. Söhbət zamanı aralarında mübahisə düşmüş, o polis əməkdaşlarına qarşı qanunsuz davranışlar etmişdir. Polis əməkdaşları onun içkili olduğu üçün maşınının açarını onlara təqdim etməsini tələb etmiş və bununla bağlı aralarında mübahisələri yaranmışdır. O, inzibati xəta törətdiyini etiraf edir, əməlindən peşmançılıq hissi keçirir, bir daha belə səhvlərə yol verməyəcəkdir. O, hərbçi olmuş, vətən müharibəsində iştirak etmiş, eləcə də ordumuzun apardığı bir sıra əməliyyatlarında fəal iştirak etmişdir. Göstərilənlərin nəzərə alınaraq, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis X10 Polisi bölməsi yol patrul xidməti inspektoru polis baş serjantı X6 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 05 radələrində Masallı rayonu Qəriblər kəndi ərazisində DYPB-nin YPX-nin inspektoru, polis serjantı Niyaməddin Həsənov ilə birlikdə xidmətdə olarkən, Şəxs işıq cihazından düzgün istifadə etmədiyi üçün saxlanılmışdır. Sürücüyə yaxınlaşan zaman üzərində spirtli içki iyi gəlmişdir. Buna görədə Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməyə dəvət etmişlər. Lakin o, tibbi müayinədən keçməkdən imtina edərək uca səslə onların ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. Onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, o polisin qanuni tələbinə qəsdən məhəl qoymayaraq öz hüquqazidd hərəkətlərini təxminən 15-20 dəqiqə davam etmişdir. Bu səbəblə onlar radio-rabitə vasitəsilə ərazidə xidmət aparan PPX-ni hadisə yerinə çağırmışlar. Onların köməkliyi ilə Şəxs RPŞ-yə gətirmişlər. Şəxs həmçinin Masallı RPŞ-nin inzibati binasında olarkən uca səslə ünvansız nəlayiq ifadələrlə söyüşlər söyərək polisin qanuni tələblərinə məhəl qoymayaraq öz hüquqazidd hərəkətlərini təxminən bir saat davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis X10 Polisi bölməsi yol patrul xidməti inspektoru polis baş serjantı X3 şahid X6 ilə eyni məzmunlu izahat verərək, həmin xüsusatları təsdiq etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində 17 avqust 2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan CD diskə baxış keçirilən zaman Şəxs uca səslə qışqıraraq polis əməkdaşılarına müqavimət göstərməsi müəyyən olunur. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcısından görünür ki, Şəxs 0.3097 litr alkoqolun miqdarı aşkar olunmuşdur. Həmin kağız daşıyıcıda nəticə ilə razı olduğunu qeyd etmiş və Şəxs imzasını çəkmişdir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 avqust 2025-ci il tarixdə saat 10:05 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs Vətən müharibəsində iştirakına görə 80 manat müavinət alır. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi və polisə qanuni tələblərinə tabe olmaması tam təsdiq olunduğundan o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs kənar şəxslərin eşidəcəyi tərzdə uca səslə ünvansız nəlayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Bundan başqa onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Şəxs təqsiri inzibati xəta haqqında protokol, protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını və vətən müharibəsi iştirakçısı olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal inzibati xətanı sərxoş halda törətməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini vətən müharibəsi iştirakçısı olmasını və məsuliyyətini yüngülləşdirən digər halları nəzərə alaraq hesab edir ki, Babayev X7 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar