Məhkəmə qərarları › İş №3(050)-1760/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1760/2025

03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1760/2025 03.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, DİN BDYPİ X1 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, MÜƏYYƏN ETDİ: X4 DİN BDYPİ X1 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətalara görə 600 manat cərimə olunmuşdur. Lakin hesab edir ki, onun əməlində qeyd olunan inzibati xətanın tərkibi mövcud deyildir, buna görə də iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Kamaz 541150 yük” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı maşın Qaradağ rayonu, Səngəçal qəsəbəsində hərəkətdə olarkən xüsusi texnika vasitəsi ilə icazə verilən yük parametrini aşmağa görə İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən inzibati qərar qəbul edilməklə 600 manat cərimə olunmuşdur. Həmin qərarla razı deyil və ləğv olunmasını tələb edir. Belə ki, ilk öncə vurğulanmalıdır ki, həmin maşını o, idarə etməmiş, həmin vaxt o, avtomobildə olmamış və qeyd olunan inzibati xətanı o, törətməmişdir. O, ümumiyyətlə birinci qərar qəbul olunan zaman da, yəni xx.xx.2025-ci il tarixdə də nəqliyyat vasitəsini idarə etməmiş, fotoşəkildə və videoçəkilişdə də görünür ki, nəqliyyat vasitəsini o, idarə etmir, idarə edən şəxs başqasıdır. Lakin qanunsuz olaraq onun barəsində qərar qəbul olunmuşdur. O, qeyd olunan inzibati xətanı törətməmiş, o, nəqliyyat vasitəsini idarə etməmiş, buna görə də hazırkı qərar ləğv olunmalı və icraata xitam verilməlidir. Bundan başqa, qərar çəkinin hansı xüsusi texnika vasitə ilə qeydə alınması, həmin ölçmə cihazının nömrəsi və digər göstəriciləri qeyd olunmamışdır. Odur ki, həmin qərarın ləğv olunması və icraata xitam verilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o, əvvəllər nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etmiş, inzibati xəta baş verən vaxt etibarnamə qüvvədə olmuşdur. Göstərilənləri nəzərə alaraq barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Şahid izahatında göstərdi ki, O, sürücü işləyir. Yük daşıma ilə məşğul olur. **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi tərəfindən xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etmək üçün ona verilmişdir. xx.xx.2025-ci il tarixdə qeyd edilən nəqliyyat vasitəsini o idarə etmişdir. Bakıdan Masallı rayon ərazisinə yanacaq gətirmişdir. 4 ay olardı kı, nəqliyyat vasitəsini o, idarə edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şahidin ifadələrini dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 06:34-də M-247.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində “KAMAZ 541150” yük markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməyə görə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 600 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Nəqliyyat vasitəsindən X5 Etibarnamədən görünür ki, X3 tərəfindən “KAMAZ 541150” yük markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilməsi üçün Şahid etibar edilmişdir. İş materillarında olan CD diskə baxış keçirilən zaman xx.xx.2025-ci il tarixdə “KAMAZ 541150” yük markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini kimin tərəfindən idarə edilməsi müəyyən olunmur. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Həmin Məcəllənin 127-1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. İnzibati tənbeh vermə haqqında elektron qərar qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilir. Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. Bölünən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir. Nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə ötürülür. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi İXM-nin 353.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati tənbeh vermə haqqında qərar xüsusi texniki vasitələrin məlumatları əsasında qəbul edilir. İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və bölünən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir. Səlahiyyətli orqan tərəfindən icazə verilən çəkidən artıq yükün yüklənməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Nəzərdə tutulan çəkidən artıq yük daşındığı halda həmin yük nəzarət məntəqəsində boşaldılmalı və digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir. Məhkəmə araşdırıması zamanı belə bir halın baş verməsi müəyyən olunmamışdır. Bundan başqa xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Bundan başqa məhkəmə onuda qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid **-ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında onun idarə etdiyini bildirmişdir. Lakin qərardan şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdə hadisə baş verən vaxt **-ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kimin tərəfindən idarə edilməsi müəyyən olunmur. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsi halı da araşdırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən sübut təqdim edilmədiyindən onun şikayəti əsaslı hesab edilməlidir. Qanunvericiliyin tələbinə əsasən təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş şəxsin, yəni səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, X4 barəsində DİN BDYPİ X1 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı heç bir sübuta istinad edilmədən qəbul edilmiş, X2 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, DİN BDYPİ X1 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN BDYPİ-yə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə inzibati xəta törətməsinə dair DİN BDYPİ X1 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-yə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar