Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1791/2024 02.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, şikayətçi X3 və Masallı rayon PŞ-nin Yol patrul xidmətinin baş inspektoru polis mayoru X1 iştirakı ilə, X3 Masallı Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin polis kapitanı X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli TP-6732276 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək, Masallı Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin polis kapitanı X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli TP-6732276 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Ona yazılmış qərarla razı deyildir. Qərar əsassız və qanunlara zidd yazılmışdır. Aşağıdakı fikirləri ilə qərarın qanunsuz olduğunu sübut edəcəkdir. Qərarda göstərilən tarixdə Heydər Əliyev prospekti ilə hərəkət etmişdir. Yol Patrul əməkdaşları ona saxla əmri vemişlər. Oda öz növbəsində avtomobilini sağa çəkərək saxlamışdır. Özünü təqdim etmədən ona yaxınlaşan polis əməkdaşları onun İXM-nin 327.2-ci maddəsi ilə qaydanı pozduğunu bildirmişdir. O, qaydanı pozmadığını, video görüntünün ona təqdim edilməsini xahiş etmişdir. Lakin onlar pozuntunu gözlə aşkar etdiklərini və ona bu barədə protokol yazacaqlarını bildirmişlər. O, protokolla razı olmadığını, qərarın surətini ünvanına rəsmi qaydada göndərilməsini xahiş etmişdir. Lakin onlar ona əsassız protokol yazmışlar və qərarın surətini də göndərməmişlər. Sonradan qərarın surətini polis şöbəsindən özü şəxsən gedərək almışdır. Yəni hörmətli məhkəmə o, heç bir qaydanı pozmayarq barəsində haqsız olaraq qərar qəbul edilir. O, qərar ki, heç bir qanuna əsaslanmır. Polis qərarı yazarkən heç bir mötəbər sübuta istinad etməmişdir. Əgər onun qanunu pozması barədə hər hansı bir sübut varsa məhkəməyə təqdim etsinlər. Heç bir təqsiri olmadan ona qərar yazılmışdır. Odur ki, hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Qanunun tələblərinə görə X5 qəbul etdikləri protokol və qərarlar Ədalət və Humanizm prinsiplərini özündə əks etdirməlidir. Humanizm - insan rifahının, sosial institutların qiymət meyarının, bərabərlilik ədalət kimi bəşəri prinsipləri insanı məhəbbət və ehtiramı müəyyən edir. Qərardan şikayət vermiş şəxs X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Musaküçə dairəsində yol ilə düz hərəkətdə olduğu zaman yol polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ilkin olaraq ondan sürücülük vəsiqəsinin kateqoriyasını soruşmuş, oda sürücülük vəsiqəsinin “B” kateqoriyalı olduğunu demişdir. Polis əməkdaşıda “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi avtomobili idarə etmək olmadığını, avtomobilin çəkisinin yoxlanılmasının lazım olduğunu bildirmiş və ondan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini istəmiş oda vermişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə baxdıqdan sonra polis əməkdaşı tonnajına düşdüyünü, idarə edə biləcəyini demişdir. Sonra polis əməkdaşı ona körpünün yanından döndüyünü demiş, o, isə dönmədiyini demişdir. Sonra isə polis əməkdaşı ona protokol yazacağını bildirmiş, oda buna öz etirazını bildirmişdir. Lakin etmiş olduğu etirazlara baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və polis əməkdaşı ona 10 gün müddətində qərar çıxacağını, gəlib görüntülərlə tanış ola biləcəyini demişdir. Oda polis şöbəsinə gedərək görüntülərlə tanış olmuş və görüntülərdə onu dönmə əməliyyatı etməsi görünməmişdir. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Masallı rayonu Yol patrul xidmətinin baş inspektoru polis mayoru X4 məhkəmə iclasında izahatında bildirdi ki, sürücü dönmə əməliyyatı aparılmasının qadağan olduğu yerdə dönmə etmişdir, eləcədə həmin yerdə körpü və mağaza vardır. Sürücünün qadağan olunmuş yerdə dönmə etməsi video görüntüdə öz təsdiqini tapır, belə ki, sürücü öz sözü ilə etiraf edir ki, dönmə etmiş və ona kömək etməsin, “dedim manevr etmək olar dedi olmaz”. Görüntüyə gəldikdə isə uzaqdan olduğu üçün görüntü məhdudiyyəti olur, bu zaman sürücü təsdiq edirsə barəsində protokol tərtib olunur. Məhkəmədən şikayət əsassız olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan 04 sentyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə saat 16:38 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 20 avqust 2024-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Hadisə ilə bağlı təqdim edilmiş Diskə baxış zamanı müəyyən edilmişdir ki, 20 avqust 2024-cü il tarixdə DYP-nin əməkdaşı sürücü X6 avtomobilin idarə edildiyi və yol hərəkəti pozuntusu baş vermiş ərazidə dönmə əməliyyatı etmək olarmı deyərək sual verir, sürücü X7 olmaz deyə cavab vermişdir. İş materilları, tərəflərin izahatları, baxış keçirilmiş Disklə müəyyən edilmişdir ki, X7 xx.xx.2024-cü il tarixdə saat 16:38 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, Masallı RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 04 sentyabr 2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları, inzibati Xəta haqqında protokol və qərarla, eləcədə şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsi polis söbəsi tərəfindən təqdim edilmiş sənədlərlə təsdiqini tapmışdır. Odur ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Masallı RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 04 sentyabr 2024-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1791/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1791/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver