Məhkəmə qərarları › İş №3(050)-1799/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1799/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1799/2024 27.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.2003-cü ildə Astara rayonu Suparibağ kəndində doğulmuş, Astara rayonu Suparibağ kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:37 radələrində idarə etdiyi “X4” markalı, ** BQ *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun 143-cü km-də hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 12-13 radələrində Ələt-Astara yolunun Masallı rayonu ərazisində yerləşən polis postunun yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanıldığı zaman sənədləri yoxlanılmış və bundan sonra polis postuna dəvət olunmuşdur. Polis postunda olduğu zaman ondan sidiy analizi götürülmüş və onun narkotik vasitələrdən istifadə etdiyi bildirilmişdir. O, isə narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. Lakin buna baxmayaraq polis əməkdaşları narkotik vasitədən istifadə etməsini onun boynuna qoyaraq izahatındada yazmasını və işinin rahat olacağını bildirmişlər. Daha sonra polis əməkdaşları ondan pul istəmişlər, o, isə üzərində istədikləri məbləğdə pul olmadığını bildirdiyi zaman pul gətirməsi üçün onu buraxmışlar. Onu buraxdıqdan sonra o, Bakı şəhərinə getmiş və DİN-nin 102 məlumat xidmətinə zəng vuraraq olanlarla bağlı onlara məlumat vermişdir. Daha sonra səhəri gün Bakı şəhərində yerləşən Respublika Narkoloji Mərkəzinə müraciət edərək müayinədən keçmiş və onun narkotik vasitələrdən istifadə etmədiyi müəyyən olunmuşdur. Bununla bağlı ona xx.xx.2024-cü il tarixdə akt verilmişdir. DİN-nin 102 məlumat xidmətinə etdiyi zəng bağlı baş idarəyə dəvət olunaraq izahatı alınmışdır. Cərimə ödəməyə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən barəsində sürücülük hüququndan məhrum etmə ilə bağlı inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İşə əlavə edilmiş Xİ Tağım YPX inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:37 radələrində idarə etdiyi “X4” markalı, ** BQ *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun 143-cü km-də hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 277 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən narkotik maddə marixuana qəbulu nəticəsində narkotik sərxoş vəziyyətdə olmuşdur. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 1/2476 nömrəli Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında aktından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 12:45-də Şəxs narkotik maddələrin qəbulu aşkar edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri iş üzrə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli 277 nömrəli sərxoşluq vəziyyətini təyin edən aktdan, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs təqdim etdiyi xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətində olmadığını bildirən aktın mövcudluğu, həmin şəxsin xx.xx.2024-cü tarixdə birmənalı olaraq sərxoş vəziyyətdə olmadığını deməyə əsas vermir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdılması növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar