Məhkəmə qərarları › İş №3(050)-18/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-18/2023

04.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-18/2023 04.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxxxx 1997-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis Şöbəsindən daxil olmuş 04 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan Şəxs üzərində 11 dekabr 2022-ci il tarixdə çəkisi 0.315 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərdi ki, heç yerdə işləmir, narkotik maddə qurudulmuş marixuana istifadə edir. 11 dekabr 2022-ci il tarixdə, səhər saatlarında yaşadığı kənddə gəzərkən mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli olduğunu bildirib RPŞ-nə gətirmişlər. RPŞ-də vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt onun üzərində Lənkəran rayonu Qumbaşı kəndindən tanımadığı şəxsdən özü istifadə etməkdən ötrü 15 manata aldığı bir ədəd kağıza bülükmüş narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Hazırda törətdiyi əmələ görə peşmandır, əməlindən peşman olmasını nəzərə alınmasını xahiş edib barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İşdə olan Masallı RPŞ-nin təhqiqatçısı polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 30 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd olunmuş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surətinin Masallı Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 11 dekabr 2022-ci il tarixli 19/1267 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şəxs üzərindən aşkar edilib götürülmüş bir büküm narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə…” sözlər və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0.315 qram olan bitki mənşəli tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar. (qurudulmuş marixuananın təmiz çəkisi 0.315 qram, tədqiqata sərf edildi 0.02 qram, qalıq 0.295 qram. İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 12 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, cinayət işinin rədd edilməsi haqqında qərar, inzibai xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən peşman olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Onun əməlində iş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İş materillarında olan Masallı Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş şübhəli şəxsin tutulması haqqında və tutulmuş şəxsin buraxılması haqqında qərarlardan görünür ki, Şəxs 11 dekabr 2022-ci il tarixdə saat 12:30-da tutulmuş və 11 dekabr 2022-ci il tarixdə saat 16:15-də tutulmadan azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə məvafiq hesab edir. Eyni zamanda Şəxs narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul dövlət hesabına aid edilməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0.295 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Qərar qanuni qüvvəyə mindikdən sonra narkomaniyadan məcburi müalicənin icra olunması üçün qərarın surəti ixtisaslaşdırılmış tibb müəssisəsinə və Masallı Rayon İcra və Probasiya Şəbəsinə göndərilsin. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0.295 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul dövlət hesabına aid edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar