Məhkəmə qərarları › İş №3(050)-1809/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1809/2025

04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1809/2025 04.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis Şöbəsinin YPX-nin inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, 23 may 1995-ci ildə Masallı rayonu, Binə Xocavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Binə Xocavar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Masallı Rayon Polis Şöbəsinin YPX-nin inspektoru, polis baş serjantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 12 avqust 2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir. Tərtib edilmiş protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 12 avqust 2025-ci il tarixdə, saat 00:05 radələrində “Chevrolet Cruze” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş halda idarə etmişdir. Məhkəmə iclası zamanı protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis Şöbəsinin YPX-nin inspektoru, polis baş serjantı X2 izahatında göstərdi ki, 11 avqust 2025-ci il tarixdə, saat 23:30 radələrində Masallı şəhəri, Bakı prospektində xidmətdə olarkən nəzarət qaydasında “Chevrolet Cruze” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsünə saxla işarəsi verərək saxlatdırmışdır. Saxlanılan zaman avtomobili idarə edən sürücü Şəxs nəfəsindən spirtli içki qoxusu gəldiyi üçün o, Masallı RPŞ-nə dəvət edilib alkotester müayinəsindən keçirilmişdir. Həmin vaxt sürücü Şəxs avtomobili sərxoş halda idarə etdiyi müəyyən edildiyi üçün avtomobil Masallı RPŞ-nin duracağına yerləşdirilmiş, bu barədə akt və sözügedən protokol tərtib edilmişdir. Sorğu zamanı Şəxs tərkibində alkoqol olan enerji içkisi içdiyini və alkotesterin nəticəsi ilə razı olduğunu bildirmişdir. Hesab edir ki, tərtib edilmiş protokol qanuni və əsaslıdır. Ona görə də Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Belə ki, 11 avqust 2025-ci il tarixdə, saat 23:30 radələrində Masallı rayonu, Binə Xocavar kəndindən etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı prospektinə çıxıb hərəkətdə olan zaman Masallı RPŞ-nin YPX-nin əməkdaşları heç bir əsas olmadan onu saxlatdıraraq ondan spirtli içki qəbul edib-etməməsini soruşmuş, o, isə ümumiyyətlə spirtli içki qəbul etmədiyini onlara bildirmişdir. Bundan sonra polis əməkdaşları ona sərxoşluğunu müəyyən etmək üçün Lənkəran şəhərinə həkim müayinəsinə getməli olduqlarını bildirmiş, o da heç bir etirazının olmadığını demişdir. Buna baxmayaraq onu alkotester müayinəsindən keçməsi üçün Masallı RPŞ-nə aparmışlar. Şöbənin həyətində polis əməkdaşı alkotester vasitəsi ilə onun sərxoşluğunu yoxlamış, yoxladıqdan sonra ona yüngül dərəcəli sərxoş olmasını bildirmişdir. Həmin vaxt onlarla razılaşmayıb spirtli içki qəbul etmədiyini bildirdikdə, polis əməkdaşları onunla aldadıcı formada söhbət apararaq ola bilsin enerji içkilərindən istifadə etməsini şifahi olaraq ona etiraf etdirmişlər. İzahatı alınarkən polis əməkdaşları spirtli içki qəbul etməsi barədə ona etirafedici izahat yazdırmaq istəmiş, lakin o, izahatını yarıda saxlayıb onların dediyi qaydada yazmaqdan imtina etmişdir. Sonradan bildiyinə görə barəsində sözügüdən protokol tərtib edilmiş, lakin protokolun surəti ona verilməmişdir. Bundan sonra o, tibbi müayinədən keçmək üçün dərhal Lənkəran şəhərinə getmiş və orada saat 00:50-də həkim müayinəsindən keçmiş, nəticədə onda alkoqol və ya başqa sərxoşluğun aşkar olunmaması barədə protokol tərtib olunmuşdur. Göründüyü kimi onun barəsində inzibati xəta haqqında sözügüdən protokol 00:05-də, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu isə 00:50-də, yəni 45 dəqiqə sonra tərtib olunmuşdur. Məhz bu səbəbdən də hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan işin icraatına xitam verilməlidir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil da çıxışında Şəxs əməlindən inzibati xəta tərkibi olmadığından barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan alkotester müayinəsinin cavabından (protokoldan) görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 00:03-də Şəxs 0,330 promil alkaqol sərxoşluğu aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının 12 avqust 2025-ci il tarixli, 001305 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 00:50-də Şəxs hər hansı sərxoşluq aşkar olunmamış, ayıq olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, 11 avqust 2025-ci il tarixdə, saat 23:30 radələrində Masallı RPŞ-nin YPX-nin əməkdaşları Masallı şəhəri, Bakı prospektində xidmətdə olarkən nəzarət qaydasında “Chevrolet Cruze” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, saxlanılan zaman avtomobili idarə edən sürücü Şəxs nəfəsindən spirtli içki qoxusu gəldiyi üçün o, Masallı RPŞ-nə dəvət edilib alkotester müayinəsindən keçirilmiş, həmin vaxt sürücü Şəxs avtomobili sərxoş halda idarə etdiyi müəyyən edildiyi üçün avtomobil Masallı RPŞ-nin duracağına yerləşdirilmiş, bu barədə akt və xx.xx.2025-ci il tarixdə, saat 00:05-də sözügedən protokol tərtib edilmişdir. Şəxs alkotesterin nəticəsi ilə razılmadığı üçün Lənkəran şəhərinə gedərək orada saat 00:50-də həkim müayinəsindən keçmiş və nəticədə onda alkoqol və ya başqa sərxoşluğun aşkar olunmaması barədə protokol tərtib olunmuşdur. Göründüyü kimi Şəxs barəsində inzibati xəta haqqında sözügüdən protokol 00:05-də, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu isə 00:50-də, yəni 45 dəqiqə sonra tərtib olunmuşdur. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin müvafiq inzibati xətanı törətməsini sübut etmək vəzifəsi onun barəsində protokolu tərtib etmiş şəxsin (orqanın) üzərinə düşür. Eyni zamanda, “Layıcov Azərbaycana qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 10 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “Əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd olunan qanunvericiliyin tələbinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməlidir. Lakin, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 12 avqust 2025-ci il tarixli, 001305 nömrəli tibbi müayinə protokolundan göründüyü kimi xx.xx.2025-ci il tarixdə, saat 00:50-də Şəxs hər hansı sərxoşluq aşkar olunmamış, ayıq olmuşdur. Yəni Şəxs avtomobili sərxoş halda idarə etməmiş və hər hansı qayda pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar