Məhkəmə qərarları › İş №3(050)-1819/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1819/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1819/2023 14.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx xxxxx 1959-cu ildə Masallı rayonunda doğulmuş, Masallı şəhəri, M.F.Axundov küçəsi, ev 17-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 21 oktyabr 2023-cü il tarixdə saat 12:30 radələrində idarə etdiyi “VAZ 21060 Minik” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun 159-cu km-də hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 21 oktyabr 2023-cü il tarixdə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı nəqliyyat vasitəsini narkotik maddənin təsiri nəticəsində sərxoş halda idarə etdiyi məlum olmuşdur. Belə ki, o, heç bir narkotik maddədən istifadə etməmişdir. O, 21 oktyabr 2023-cü il tarixli müayinədən razı olmadığı üçün özü 30 oktyabr 2023-cü il tarixdə yoxlanışdan küçmişdir. Hazırda təqdim edilmiş müayinə aktındanda görünür ki, o, heç bir narkotik maddədən istifad etməmişdir. Odur ki, inzibati işə xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Xİ Tağım YPX inspektoru polis kapitanı X2 tərəfindən tərtib edilmiş 22 oktyabr 2023-cü il tarixli, İXP ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs 21 oktyabr 2023-cü il tarixdə saat 12:30 radələrində idarə etdiyi “VAZ 21060 Minik” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun 159-cu km-də hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. İşə əlavə edilmiş 21 oktyabr 2023-cü il tarixli 001805 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən narkotik maddə amfetamin qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur. İşə əlavə edilmiş 30 oktyabr 2023-cü il tarixli 1/1289 nömrəli Narkotik vasitələrin və pxixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında aktından görünür ki, 30 oktyabr 2023-cü il tarixdə, saat 10:15-də Şəxs narkotik maddələrin sərxoşluğu vəziyyətində olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri inzibati materiala əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs 30 oktyabr 2023-cü il tarixdə sərxoş vəziyyətində olmadığını bildirən aktın mövcudluğu, həmin şəxsin 21 oktyabr 2023-cü tarixdə birmənalı olaraq sərxoş vəziyyətdə olmadığını deməyə əsas vermir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün qismən etirafı, iş üzrə 21 oktyabr 2023-cü il tarixli 001805 nömrəli inzibati xəta haqqında protokol, 21 oktyabr 2023-cü il tarixli 001805 nömrəli sərxoşluq vəziyyətini təyin edən aktdan, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərar verdim: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar