Məhkəmə qərarları › İş №3(050)-1829/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1829/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1829/2024 23.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X5 Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1994-cü ildə Masallı rayonu, Binə Xocavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Binə Xocavar kəndində qeydiyyatda olmaqla yaşayan; Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 20 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Masallı Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(050)-1793/2022 nömrəli icra sənədlərinin icrasını tam olaraq həyata keçirməmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(050)- 1774/2022 nömrəli icra sənədi üzrə Şəxs 2420 manat aliment borcu yaranmışdır. Bu gün yəni xx.xx.2024-cü il tarixdə yaranmış borcundan 1850 manat ödəniş etmişdir. Qalan borcu da hər ay verilməli olan aliment məbləğindən əlavə ödənişlər etməklə yekunlaşdıracağına söz verir. Məsələnin həllini məhkəmənin mülahizəsinə buraxaraq, təqdimat üzrə qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(050)-1774/2022 nömrəli icra sənədindən məlumatlıdır. O, məhkəmə qətnaməsinə hörmətlə yanaşır və hər ay aliment borcunu ödəməyə etiraz etmir. İcra sənədi üzrə yaranmış 2450 manat borcundan hazırda 1850 manat ödəniş edir. Qalıq borcu hər ay müntəzəm şəkildə əmək haqqından ödəyəcəkdir. Hal-hazırda borcunu tam ödəyə bilmir. Borcunu tam ödəyə bilməməsinin səbəbi, icradan qərəzli olaraq yayınmaq deyil, maddi imkansızlığıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, borclu məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmamışdır. Maddi imkansızlıq səbəbindən ödənişləri vaxtı-vaxtında edə bilmir. Lakin barəsində tərtib edilmiş protokol məhkəmə iclasında daxil olduqdan sonra icrasına cəhd etmiş və yaranmış aliment borcundan 1850 manat ödəmiş, qalan borcunu da işləməklə ödəyəciyinə söz verir. Bundan başqa borclunun adında hər hansı əmlak olmadığından tələbin bir dəfəlik olaraq ödənilməsini icra edə bilmir. Bununla da məhkəmə belə qənaətə gəlir ki, borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə, hazırkı iş üzrə həm inzibati xəta tərkibi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar