Məhkəmə qərarları › İş №3(050)-1856/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1856/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1856/2023 01.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu Boradigah qəsəbəsi M.F.Axundov küçəsi, ev 57-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 31 oktyabr 2023-cü il tarixdə saat 14:40 radələrində Motoskitel markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman nəqliyyat hadisəsi törətmişdir. Yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, həmçinin sərxoş vəziyyətdə avtomobili idarə etdiyi aşkar edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, 31 oktyabr 2023-cü il tarixdə özünə məxsus Motoskitel markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman Masallı rayonu Boradigah qəsəbəsində yerləşən şadlıq qarşısında sağdan sola manevr edərək digər avtomobilin yoluna çıxması nəticəsində avtonəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişdir. Yoxlama zamanı onun sərxoş olduğu müəyyən edilmişdir. Belə ki, o, həmin gün yaşadığı evə 250 qram spirtli içki olan “araq” içkisi içmişdir. Əməlindən səmimi peşmandır. Odur ki, göstərilənləri nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Şəxs barəsində Masallı RPŞ-nin DYPB-nin BDAM-ı polis kapitanı X2 tərəfindən 31 oktyabr 2023-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan 31 oktyabr 2023-cü il tarixdə saat 16:09 radələrində qeyd edilmiş 642594 nömrəli alkotestr aktından görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olmuşdur (alkoqolun miqdarı 4,177%). Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə təyin edilməsini məqsədəuyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şirvan şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar