Məhkəmə qərarları › İş №3(050)-1886/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1886/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1886/2024 17.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, "xxxx" MMC (Ünvanı-Masallı rayonu, Təzəkənd kəndi) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsinin müdiri X1 tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 24 sentyabr 2024-cü il tarixli, ******* saylı protokol tərtib edilmişdir. Tərtib edilmiş 24 sentyabr 2024-cü il tarixli ******* saylı protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC (VÖEN **********) 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditinin aparılmasından yayınmışdır. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında 24 sentyabr 2024-cü il tarixli, ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin törətdiyi inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət keçdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən barəsində İXM-nin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditini aparmaması faktı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən 2024-cü ildə aşkar olunmuş və qeyd olunan idarənin əməkdaşları tərəfindən 24 sentyabr 2024-cü il tarixdə sözügedən inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Bununla da, qeyd olunan inzibati xətanın törədildiyi gündən, yəni 2023-cü ildən hal-hazıradək bir ildən artıq müddət keçmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, inzibati xəta 2023-cü ildə törədildiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC barəsində protokol tərtib olunması və tənbeh tətbiq edilməsi müddəti 01 yanvar 2023-cü ildən başlanmış, protokol isə 24 sentyabr 2024-cü il tarixdə tərtib olunmuş və hazırda işə baxılarkən inzibati tənbeh vermə müddəti ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 114-116, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" MMC barəsində Azarbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar