Məhkəmə qərarları › İş №3(050)-1892/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1892/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1892/2024 16.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1993-cü ildə Bərdə rayonu, Soğanverdilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı olan, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatda olan; Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, özünə məxsus “Hyundai Tucson minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 16 avqust 2024-cü il tarixdə axşam saatlarında Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən dostunun evinə gəlmiş, həmin vaxtı dostu Nurlanın Boradigah qəsəbəsində yerləşən evində dincəlmişlər və 17 avqust 2024-cü il tarixdə Bakı şəhərinə qayıtmaq qərarına gəlmişlər. Həmin günü saat 20 radələrində Boradigah qəsəbəsindən çıxıb Bakı şəhəri istiqamətində avtomobili idarə edərkən Bakı şəhərinə gedən magistral yola çıxmaqdan ötrü dairəvi yola daxil olmuş, avtomobilin surətini 20 km\saata endirmiş və dairəvi yolda hərəkəti tənzimləyən hər hansı bir yol nişanının olub-olmamısını aydınlaşdırmaqdan ötrü yolun ətrafına nəzər yetirmişdir. Hər hansı bir hərəkəti tənzimləyən yol nişanı görmədiyindən yoluna davam etmiş, dairəvi yolda hərəkətdə olarkən, həmin vaxtı anidən idarə etdiyi avtomobilin minik avtomobili ilə toqquşmasının səsini eşitmiş, həmin avtomobili toqquşma anına kimi görməmişdir. Dərhal avtomobildən aşağı düşmüş, digər avtomobildə olan qadın sərnişinin xəsarət almasını görmüş, dərhal ətrafa yığışmış şəxslərin köməkliyi ilə həmin qadını Masallı rayon Mərkəzi xəstəxanasına yola salmışdır. Avtomobili idarə etmək hüququ verən B1, B, kateqoriyalı sürücülük vəsiqəsi olmuş, hadisə vaxtı özü və idarə etdiyi avtomobildə sərnişin qismində olan tanışlarının xəsarət almadıqlarını bildirmişdir. Əməlindən peşman olduğunu, hazırkı iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, ona qarşı şikayət və tələbin olmadığını bildirib barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə tərəfindən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Zərərçəkmiş şəxs X4 ilə məhkəmə iclasında əlaqə saxlanılaraq, baxılan inzibati iş üzrə ona məlumat verilmiş və işlə bağlı mövqeyi öyrənilərkən o, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbinin olmadığını barəsində yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi» barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış material Masallı RPŞnin DYPB-yə göndərilmişdir. Bəhs edilən qərarda olan MTE və PA Masallı şöbəsinin xx.xx.2024-cü il tarixli 868 saylı rəyindən görünür ki, vət. X3 başın alın nahiyəsinin tüksüz hissəsinin kəsilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarət kəsici əşyanın təsirindən törənmişdir, avtomobil qəzası zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 17 avqust 2024cü il tarixlə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. MTE və PA Masallı şöbəsinin xx.xx.2024-cü il tarixli 796 saylı rəyindən görünür ki, vət. X1 və sol diz və sol dirsək oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi və geniş qançırı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissənin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 17 avqust 2024-cü il tarixlə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2024-cü tarixli, seriya İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barəsində tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallarla sübuta yetirilir. Belə ki, Şəxs əməli özünün etirafedici izahatı, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adı çəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın İcrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar