Məhkəmə qərarları › İş №3(050)-19/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-19/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-19/2024 23.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin BDYİ-nin YPX Alayının Xİ Tağımının Yol patrul xidmətinin inspektoru polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Lənkəran rayonu, İstisu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Masallı Rayon Məhkəməsinə daxil olmuşdur. Protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin BDYİ-nin YPX Alayının Xİ Tağımının yol patrul xidmətinin inspektoru polis baş serjantı X2 məhkəmə iclasında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Yeni Ələt-Astara yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində idarə etdiyi “OPEL CORSA” minik markalı, ** EX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən sənədlərin yoxlanılması məqsədi ilə sürücüyə saxlama işarəsi verilmişdir. Avtomaşın saxlanıldıqdan sonra sürücüdən sənədləri tələb edilmiş, sürücünün hərəkətləri şübhə doğurduğundan sərxoşluq vəziyyətinin yoxlanılması ilə əlaqədar tibbi müayinəyə dəvət edilməklə, Lənkəran Şəhər Narkoloji Xəstəxanasına aparılmışdır. Lakin Şəxs sidik nümunəsi verməyərək, tibbi müayinədən keçməkdən imtina etmişdir. Şəxsin ağız suyundan götürülmüş nümunə onun tez-tez su içməsi səbəbindən nəticə verməmişdir. Belə ki, ağız suyundan götürülmüş nümunə onun sərxoş vəziyyətində olmasını təsdiqləməmişdir. Qeyd edilən səbəblərdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 343-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi avtomaşınla Yeni Ələt-Astara yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində Lənkəran istiqamətində hərəkətdə olarkən 726 saylı postda YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Sənədləri yoxlanılarkən YPX əməkdaşı tərəfindən ona sürücülük hüququnun olmaması bildirilməklə idarə etdiyi avtomaşın postun duracağına yerləşdirlmişdir. YPX əməkdaşı hərəkətlərindən şübhələndiyini bildirərək ona tibbi müayinədən keçməli olduğunu bildirmiş, etiraz etməmişdir. Onu tibbi müayinədən keçmək üçün Lənkəran Şəhər Narkoloji Xəstəxanasına aparmışlar. Həkim müayinəsinə təqdim edildikdən sonra sidiyindan analiz götürüləcəyi bildirilmişdir. Saxlanılmadan öncə təbii ehtiyaclarını ödədiyi üçün özündən asılı olmayan səbəbə görə sidik nümunəsi verə bilməmiş, həmin səbəbi həkimə və YPX əməkdaşına da bildirmişdir. Ağız suyundan götürülmüş nümunə isə onun narkotik vasitə qəbul etməməsini təsdiq etmişdir. Ağız suyundan götürülmüş nümunədən əvvəl su içməmişdir. Tibbi müayinədən imtina etməmişdir. Sadəcə özündən asılı olmayan səbəbə görə sidik nümunəsi verə bilmədiyinə görə əgər bu imtinadırsa, imtina yazılmasını demişdir. Sidiyin gəlib-gəlməməsi insandan asılı olan məsələ deyil. Əgər narkotik sərxoşluğunda olsaydı, ağız suyundan götürülmüş nümunə bunu təsdiq edərdi. Sonda Şəxs qeyd olunanları nəzərə alıb barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli iznibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:25-də Yeni Ələt-Astara yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində idarə etdiyi “OPEL CORSA” minik markalı, ** EX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, onun barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə protokol tərtib edilmiş, protokolda Şəxs “protokolla razıyam, məhkəmədən qərarın çıxarılmasını xahiş edirəm.” qeydini aparmışdır. xx.xx.2023-cü il tarixli, 001970 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktda müayinənin vaxtı və nəticəsi qrafasında “14:00”, rəy qrafasında “imtina”, yoxlanılan şəxsin müayinəsinin nəticəsi ilə tanışlığı haqqında qrafasında “müayinə aktı ilə tanış oldum. Etiraz etmirəm. Müayinədən keçməkdən imtina etdim”. Şəxs tərəfindən DİN BDYPİ-nin rəis müavini, Yol-Patrul Xidməti Alayının komandiri Fuad Mayılova ünvanlanmış xx.xx.2023-cü il tarixli izahatda göstərilir ki, “...Saxlanılmadan öncə təbii ehtiyaclarımı ödədiyim üçün sidik analizi verə bilmədiyim üçün həkim müayinəsindən imtina bildirdim və həkim barəmdə akt tərtib etdi.” İşin araşdırılması zamanı məhkəməyə təqdim edilmiş CD diskdə olan görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şəxs analiz üçün sidik nümunəsi götürmək mümkün olmamış, şəxs bunu sidiyinin gəlməməsi ilə əlaqələndirmiş, protokolu tərtib etmiş şəxs həkimə şəxsin ya müayinə üçün sidik verə bilməməsini, ya da vermək istəmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 343-1.1-ci maddəyə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə - altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinə görə şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin müvafiq inzibati xətanı törətməsini sübut etmək vəzifəsi onun barəsində protokolu tərtib etmiş orqanın üzərinə düşür. İşin araşdırılması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tibbi müayinədən imtina etməsi sübuta yetirilməmişdir. Bu hal heç protokol tərtib etmiş vəzifəli şəxsin özünə də məlum deyil. Belə ki, işin araşdırılması zamanı CD diskdə olan görüntüyə baxış keçirilərkən protokolu tərtib etmiş polis əməkdaşı şəxsin ya müayinə üçün sidik verə bilməməsini, ya da vermək istəmədiyini bildirməsi görünür (bax CD). Hər bir şəxsdə sidiyin müəyyən bir vaxt üçün olub-olmaması təbii olan bir məsələdir. Hər bir halda şəxsin analiz üçün sidiyi iradəvi şəkildə verməməsi sübut olunmalıdır. Yoxsa, analiz üçün sidiyin olmaması birmənalı şəkildə tibbi müayinədən imtina kimi qiymətləndirilməməlidir. Protokolu tərtib etmiş şəxsin mövqeyi ilə razılaşılsa onda belə bir məntiq çıxır ki, şəxsin sidiyi yoxdursa, bu birmənalı müayinədən imtina deməkdir. Digər tərəfdən hər iki tərəfin bildirməsinə görə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün şəxsin ağız suyundan götürülmüş nümunə müsbət nəticə verməmişdir. Yəni, şəxs sərxoş vəziyyətdə olmamışdır. Şəxs saat 14:00-da Lənkəran Şəhər Narkoloji Xəstəxanasında olmuş, protokol xx.xx.2023-cü il tarixdə saat 17:25-də tərtib edilmişdir. Dövlət orqanının şəxsin sərxoşluq vəziyyətində olub-olmamasını müəyyən etmək üçün kifayət qədər vaxtı və imkanları olmuş, şəxs bundan imtina etməmişdir. Bir sözlə baxılan iş üzrə şəxsin tibbi müayinədən imtina etməsi sübuta yetirilmir. Məhkəmə şəxsin xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli iznibati xəta haqqında protokolda və xx.xx.2023-cü il tarixli, 001970 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktda qeyd etdiyi “protokolla razıyam, məhkəmədən qərarın çıxarılmasını xahiş edirəm.”; “müayinə aktı ilə tanış oldum. Etiraz etmirəm. Müayinədən keçməkdən imtina etdim”. qeydlər ilə bağlı qeyd edir ki, şəxs bunu sidiyinin gəlməməsi ilə əlaqələndirmişdir (bax CD). Bu mövqeyi şəxs məhkəmə iclasında verdiyi izahatında, həmçinin DİN BDYPİ-nin rəis müavini, Yol-Patrul Xidməti Alayının komandiri Fuad Mayılova ünvanladığı xx.xx.2023cü il tarixli izahatında da nümayiş etdirmişdir. Şəxs DİN BDYPİ-nin rəis müavini, Yol-Patrul Xidməti Alayının komandiri Fuad Mayılova ünvanladığı xx.xx.2023-cü il tarixli izahatında göstərmişdir ki, “...Saxlanılmadan öncə təbii ehtiyaclarımı ödədiyim üçün sidik analizi verə bilmədiyim üçün həkim müayinəsindən imtina bildirdim və həkim barəmdə akt tərtib etdi.” Layıcov Azərbaycana qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 10 aprel 2014cü il tarixli qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 3, 8, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar