Məhkəmə qərarları › İş №3(050)-1946/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1946/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1946/2023 06.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-xx xxxx 1987-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan; Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs 06 noyabr 2023-cü il tarixdə saat 00:30 radələrində “KİA CED” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Masallı şəhəri, H.Əliyev prospekti narkoloji vasitənin təsiri altında avtomaşını idarə edərkən qarşısında dayanmış vəziyyətdə olan DİN-nin Avtomobil Təsərrüfatına aid “KİA” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və maddi ziyan vurmuşdur. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 06 noyabr 2023-cü il tarixdə, saat 24:00 radələrində toydan çıxmış və etibarnamə ilə idarə etdiyi “KİA CED” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən YPX-nin Vüsal adlı əməkdaşı onu saxlamış, alkotester vasitəsi ilə onu yoxlamış, spritli içki qəbul etmədiyinə görə buraxılmışdır. Həmin gün saat 00:30 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində dairədə dayanmış və qəza işıqlarını yandırmışdır. Bu vaxt YPX-nin əməkdaşı Anar ona yaxınlaşmışdır. O, Anara iradını bildirmişdir ki, ondan nə istəyir. Anar onun uzaq qohumudur və hesab etmişdir ki, Anar onunla ədavət aparır. Anarın ona əhəmiyyət vermədiyini görüb, maşına minərək oradan uzaqlaşmışdır. “Heydər Əliyev” prospektində “Şahmat evinin” yaxınlaşanda qarşısında 60 km/saat sürətlə hərəkətdə edərkən qarşısında manevr edən YPX-nin əməkdaşının idarə etdiyi “KİA” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomaşınla toqquşmuşdur. Həmin vaxt hər iki avtomobilə ziyan dəysədə, lakin heç kim bədən xəsarəti almamışdır. Hadisə baş verən zaman o, avtomaşını narkotik vasitənin təsiri altında idarə etməmişdir. Həmin gecə o toyda olan zaman, əyləşdiyi stolda kimsə narkotik vasitə istifadə etmiş və ola bilsin ki, narkotik vasitənin tüstüsü ona təsir etmişdir. Göstərilənləri nəzərə alaraq barəsində cərimə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasından şahid qismində dindirilən DİN-in Masallı RPŞ-in DYPB-nin xidməti inspektoru, polis baş serjantı X1 izahatında göstərmişdir ki, Şəxs Masallı rayonu, Ərkivan qəsəbəsində qala deyilən ərazidə yolun hərəkət istiqamətində avtomaşını qeyriqanuni saxladığına görə yol patrul xidmətinin inspektoru Emil Həbibov ona yaxınlaşaraq özünü təqdim etmişdir. Vətəndaş barəsində avtomaşını qeyri-qanuni saxladığı üçün protokol tərtib etmək üçün sənədlərini yoxlamaq istəmişdir. Lakin Elvin birdən özbaşına maşınına minərək yüksək sürətlə həmin yeri tərk edərək Masallı Rayon istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt qarşıda avtomobil dayanmış və Elvinin tanışı kimi, ona əhəmiyyət verməmələrini xahiş etmişdir, bu səbəblə keçikdiklərinə görə ona çata bilməyəcəyini anlayıb, hava xətti ilə digər YPX əməkdaşlarına bu barədə məlumat vermişdir. Daha sonra həmin istiqamətdə gələrkən, digər YPX əməkdaşı Vüsal Həsənov süni tıxac yaratmaqla Şəxs saxlamaq istədiyini, lakin sonuncunu DİN Avtomobil Təsərrüfatına aid avtomobilə dəyərək, maddi ziyan vurmasını görmüşdür. Məhkəmə iclasından şahid qismində dindirilən DİN-in Masallı RPŞ-in DYPB-nin xidməti inspektoru, polis baş serjantı X4 şahid X1 ilə eyni məzmunda izahat vermişdir. Məhkəmə iclasından şahid qismində dindirilən DİN-in Masallı RPŞ-in DYPB-nin xidməti inspektoru, polis baş serjantı X2 izahatında göstərdi ki, Masallı rayon Qarabağ küçəsi ərazisində “KİA” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman məlum rabitə vasitəsi ilə məlumat verilmişdir ki, “KİA CED” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tabesizlik göstərir və “İsgəndərli” körpüsündə suni tıxac yaradılmalı olduğunu bildirmişlər. O sayrışan işıqları yandıraraq suni tıxac yaratmaq üçün Şəxs idarə etdiyi avtomaşının qabağını kəsmişdir. Həmin vaxt Şəxs avtomaşını yüksək sürətlə hərəkət etdiyi üçün avtomaşını saxlaya bilməyərək “KİA” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə arxa hissədən toqquşaraq idarə etdiyi avtomobilə maddi ziyan vurmuşdur. Maddi ziyan ödənilməmişdir. Həmin avtomobil DİN Avtomobil Təsərrüfatının balansındadır. İşə əlavə olunmuş 06 noyabr 2023-cü il tarixli, 000825 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqəsdi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində narkotik vasitə THC+ (kannabinoid) aşkar olunmuşdur. Müayinə zamanı protokolda şüurun vəziyyəti səmtləşmir, nitq qabiliyyəti ifadəsiz, gözün selikli qişasınn hiperemiyalaşıb, bəbəklər genişlənib, sərxoşluq dərəcəsi kannabinoid pozitiv kimi qeyd edilmişdir. İşə əlavə olunmuş 06 noyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 noyabr 2023-cü il tarixdə, saat 02:01-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli şahidlərin ifadələri, inzibati xəta haqqında protokol, 06 noyabr 2023-cü il tarixli, 000825 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqəsdi ilə aparılan tibbi müayinə protokolu, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs narkotik vasitə qəbul etməməsi, toyda yanında əyləşən şəxslərin istifadəsi nəticəsində ola bilsin ki, müayinə zamanı sidiyindən kannoboid aşkar olunması barədə izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində gösrəilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-ci maddəsi ilə tənbeh tədbiri görülməlidir. Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-ci maddəsinə əsasən Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla doqquz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, inzibati hadisəni inzibati xətadan yayınmaq məqsədi ilə törətməsini, dəymiş maddi ziyanı ödəməməsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla inzibati həbs tənbeh tədbiri tətbiq olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-43, 109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 06 noyabr 2023-ci il tarixdən saat 02:01-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar