Məhkəmə qərarları › İş №3(050)-1948/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1948/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1948/2023 07.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Şəmkir rayonu, Şiştəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 azyaşlı övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla, Masallı şəhəri, Seybətin küçəsində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 06 noyabr 2023-cü il tarixdə Masallı rayonu, Çaxırlı kəndində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs 06 noyabr 2023-cü il tarixdə tarixdə Masallı rayonu, Çaxırlı kəndində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Masallı RPŞin İTB-in polis sahə rəisi Ramoin Mirzəyev polis nəfəri Yusif Paşayevlə birlikdə Masallı rayonu, Çaxırlı kənd ərazisində xidmətdə olarkən Çaxırlı kənd ərazisində yerləşən kafədə bir nəfər şəxsin kafe səhibi ilə mübahisə edərək ucadan ünvansız söyüş söydüyünü eşidib, ora yaxınlaşmışdılar. Bu zaman özünü kafenin sahibi kimi təqdim edən X5 onlara yaxınlaşaraq həmin şəxsin kafedə əyləşərək spirtli içki qəbul etdiyini pulunu tələb etdikdə həmin şəxs pulu vermək isdəmədiyini bu səbəbdən onunla mübahisə edərək onu təhqir etdiyini bildirmişdir. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək onu nizam-intizama dəvət etsələr də, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, onlara aqressiv formada cavab verərək, hüquqa zidd hərəkətlərini davam etmişdir. Bir daha polis əməkdaşları həmin şəxsə ictimai yerdə söyüş söyməməsini izah etməklə nizam-intizama dəvət etsələr də, yenidən qanuni tələblərə tabe olmadığından onu RPŞ-yə dəvət etmişlər. Masallı RPŞ-də həmin şəxsin Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla Masallı şəhər ərazisində yaşayan Şəxs olması müəyyən edilmişdir. Göstərilən səbəblərdən barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 06 noyabr 2023-cü il tarixdə saat 19 radələrində Masallı rayonu, Çaxırlı kəndinin ərazisində yerləşən kafedə yemək yeyib spirtli içki qəbul etmişdir. Lakin hesabı ödəyə bilmədiyindən kafenin sahibi Samid adlı şəxslə aralarında mübahisə yaranmış, həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşımış, özlərini təqdim etdikdən sonra ona ictimai yerdə söyüş söyməyin inzibati xəta olduğunu bildirib, onu nizam-intizama dəvət etsələr də, lakin sərxoş olduğundan ünvanısız söyüş söyərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən polis əməkdaşları onu Masallı RPŞ-yə aparmış, barəsində inzibati xəta haqqında protokol tərtib etmişdilər. Sonda Şəxs əməlindən peşman olduğunu bildirib barəsində yüngül inzibati tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi X6 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-in İTB-in polis sahə nəfəri polis serjantı Yusif Paşayevlə birlikdə Masallı rayonu, Çaxırlı kənd ərazisində xidmətdə olarkən Çaxırlı kənd ərazisində yerləşən kafədə bir nəfər şəxsin kafe səhibi ilə mübahisə edərək ucadan ünvansız söyüş söydüyünü eşidib, ora yaxınlaşmışdılar. Bu zaman özünü kafenin sahibi kimi təqdim edən X5 onlara yaxınlaşaraq həmin şəxsin kafedə əyləşərək spirtli içki qəbul etdiyini, pulunu tələb etdikdə həmin şəxs pulu vermək isdəmədiyini, bu səbəbdən onunla mübahisə edərək onu təhqir etdiyini bildirmişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək onu nizam-intizama dəvət etmişdilər. Həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq onlara aqressiv formada cavab verərək, öz hərəkətlərinə davam etdirmişdir. Bir daha həmin şəxsə ictimai yerdə söyüş söyməməsini izah edib, onu nizam-intizama dəvət etsələr də, yenidən onların qanuni tələbinə tabe olmadığından onu RPŞ-yə dəvət etmişlər. RPŞ-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1988-ci il təvəllüdlü Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla Masallı şəhər ərazisində yaşayan Şəxsdur. Bu səbəbdən barəsində raportla şöbə rəisinə məruzə etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində 06 noyabr 2023-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 noyabr 2023-cü il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli alkotestin cavabından görünür ki, Şəxs 0,418% alakqolun miqdarı müəyyən edilmiş, o, sərxoş vəziyyətdə olmuşdur. Şəxs təqsiri inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı, şahidin ifadəsi və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən hal onun 2 azyaşlı uşağının olmasıdır.; inzibati tənbehi ağırlaşdıran hal onun sərxoş halda inzibati xəta törətməsi və eyni inzibati xətanı qərar qüvvəyə mindiyi gündən 1 il ərizndə təkrar törətməsidir. Belə ki, Hüseynov X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 510-cu naddəsi ilə məsuliyyətə cəlb edilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X7 barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 06 noyabr 2023-cü il tarixdən saat 19:30-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar