Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1949/2023 07.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs İmadəddin qızının iştirakları ilə. xx xxxxxx 1991-ci ildə Masallı rayonu, Zuvandlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Yeni Zuvand kəndində qeydiyyatda olan və yaşayan; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı rayonu, Yeni Zuvand kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Masallı rayon İcra və Probasiya şöbəsində Masallı rayonu, Yeyənkənd kənd sakini Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan döymə inzibati xəta hərəkətini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuşdur, onunla 2018-ci ildə ailə qurmuş, birgə nikahdan 1 azyaşlı övladı var, münasibətləri xx.xx.2023-cü il tarixədək müddətdə yaxşı olsa da, sonradan münasibətləri korlanmış, münasibətlərinin korlanmasına səbəb Əsmərin ona xəyanət etməsi olmuşdur. Bu səbəbdən Əsmər Masallı rayonu, Abasbəyli kəndində yaşayan atası İmaməddinin yaşadığ evə getmişdir. Eyni zamanda Əsmər ilə boşanmaq məqsədi ilə Masallı rayon məhkəməsinə müraciət etməsinə baxmayaraq azyaşlı övladı xx.xx.2020-ci il təvəllüdlü X2 onda qalmışdır. Məhkəmənin müvəqqəti təmiant tədbiri barədə qərardadına əsasən Əsmər hər həftənin 6-cı günü saat 10:00-dan 18:00-a dək olan müddət ərzində Masallı rayonu İcra Probasiya şöbəsinin inzibati binasında oğlu Nihad ilə görüşmüşdür. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində oğlu Nihad ilə birlikdə Masallı rayonu İcra Probasiya şöbəsinin inzibati binasına gəlmiş, saat 12 radələrində oğlu Nihad ilə Əsmər ünsiyyətdə olduğu zaman Əsmərə güvənmədiyinə görə onun ünsiyətdə olduğu otağın qapısının ağzına gedərək, oğlu Nihadın nə etdiyinə baxmaq istəmiş, həmin vaxt Əsmər ona demişdir ki, “Nasir əmim” mənə deyib ki, Elvini yuxarı ünsiyyət olan otağa yaxın buraxmasın, bundan sonra Əsmər ilə aralarında sözlə mübahisə yaranmış, o, Əsmərə demişdir ki, “Nasir kimdir mən övladımı görmək istəyirəm”. Həmin vaxt Əsmər onun üzərinə gələrək yüksək səslə qışqırıb həmin yeri tərk etməsini istəmişdir. Həmin vaxt Əsmər ilə aralarında dava-dalaş olmaması üçün həmin yeri tərk etmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Əsmər ilə aralarında sözlə mübahisə baş verməsinə baxmayaraq Əsməri döyməmiş, Əsmər onun barəsində Masallı RPŞ-nə qərəzli olaraq müraciət etmişdir. Onun heç bir günahı yoxdur və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs İmadəddin qızı izahatında göstərmişdir ki, Şəxs ilə 2018-ci ildə ailə qurmuş, münasibətləri xx.xx.2023-cü il tarixədək müddətdə yaxşı olsa da, sonradan münasibətləri korlanmış, münasibətlərinin korlanmasına səbəb onun Elvinə xəyanət etməsi barədə Elvinin əsassız müraciətlər etməsi olmuşdur. Hal-hazırda valideynləri ilə birlikdə yaşayır. O, Elvin ilə boşanmaq məqsədi ilə Masallı rayon məhkəməsinə müraciət etməsinə baxmayaraq azyaşlı övladı, 25.01,2020-ci il təvəllüdlü X2 atası Elvində qalmışdır. Bu səbəbdən hər həftənin 6-cı günü saat 10:00-dan 18:00-a dək olan müddət ərzində Masallı rayonu icra Probasiya şöbəsinin inzibati binasında oğlu Nihad ilə ünsiyyətdə olur. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində atası İmaməddin ilə birlikdə Masallı rayonu icra Probasiya şöbəsinin inzibati binasına gəlmiş, orada oğlu Nihad ilə ünsiyyətdə olduğu zaman saat 12 radələrində Elvin onun ünsiyətdə olduğu otağın qapısının ağzına gələrək onunlə söhbət etmək istədiyini demişdir. Bu səbəbdən həmin otaqdan çıxıb dəhlizdə Elvin ilə sözhbət etdiyi zaman Elvin ona Nihadı verməyəcəyini bildirmişdir. Elvinin bu sözlərindən sonra aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Elvin onu itələmiş və həmin vaxt müvazinətini saxlaya bilməyib arxaya gedərək baş nahiyəsi divara dəymişdir. Hazırda aralarında barışıq əldə olunmamış və məhkəmədən Elvin barəsində inzibati həbs cəzası verilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli 977 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin qançırı müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 07 oktyabr 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. 07 sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxsnın əməlində cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxsnın Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞin İTB-nə verilməsi qərara alınmışdır. Həmin qərarda olan X1 izahatında görünür ki, o, 2012-ci ilin may ayından Masallı rayon Mühafizə şöbəsində mühafizəçi işləyir. Zərərçəkmiş şəxs Şəxs əvvəllər tanımamış, onlarla aralarında narazılıq və ya düşmənçilik ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Masallı şəhəri, H.Əliyev prospekti ərazisində yerləşən Masallı rayonu icra Probasiya şöbəsinin inzibati binasında xidmətdə olduğu zaman, Zərərçəkmiş şəxs inzibati binanın 2-ci mərtəbəsində azyaşlı övladı X2 ilə ünsiyyətdə olan zaman, Şəxs ona yaxınlaşaraq ikinci mərtəbədə olan oğlu Nihadı görmək istədiyini deyib binanın 2-ci mərtəbəsinə qalxmış, həmin vaxtdan 3 dəqiqə sonra binanın 2-ci mərtəbəsində Elvin ilə Əsmərin arasında mübahisə səslərini eşidərək onlara yaxınlaşmış, həmin vaxt Elvinin əl ilə işarə edərək Əsmərin üzərinə gedib yüksək səslə mübahisə etdiyini görmüş, o, Əsmərdən nə olduğunu soruşduğu zaman Əsmər ona Elvinin onu döydüyünü demiş, o, həmin şəxslərin arasına girib kənarlaşdıran zaman Elvin yenədə Əsmərin üzərinə gedib onu vurmaq istəməsinə baxmayaraq, Elvini həmin yerdən kənarlaşdırmışdır. Həmin vaxt Əsmərin atası İmaməddində həmin yerə yaxınlaşmış. Əsmərin səhhəti narahat olduğu üçün Əsmərə ilkin tibbi yardım göstərilməsi üçün TTY-nin 103 xidmətinə məlumat vermiş, bundan sonra Masallı RPŞ-nə məlumat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli zərər çəkmiş Zərərçəkmiş şəxs İmadəddin qızının məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsnın əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati qaydada cərimə cəzası tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-1949/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1949/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver