Məhkəmə qərarları › İş №3(050)-1991/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1991/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1991/2024 30.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2005-ci ildə Cəlilabad rayonu Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, seriya İXP, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs “Vaz 21063” minik markalı, **-TZ-*** dövlət nömrə nişanlı avtomobil ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan yəni, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, yaşadığı kənddə idarə etdiyi avtomobillə hərəkətdə olduğu zaman kənd yolunda hərəkət edən toy karvanına sonradan qoşulmuşdur. Həmin vaxtı avtomobili ilə toy karvanını ötüb keçmək istəmiş, bu səbəbdən sürəti artırmışdır. Eləcədə qarşısında hərəkət edən avtomobilləri ötdükdən sonra dönmə əməliyyat etmək istəmiş və bunun üçün əyləci basmışdır (tormuz vermişdir). İdarə etdiyi avtomobilin təkərlərini qaldırmaq istəməmiş və qaldırmamışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 29 oktyabr 2024-cü il tarixli 022208 nömrəli protokoldan görünür ki, Şəxs 29 oktyabr 2024-cü il tarixdə saat 18:09-da inzibati qaydada tutulmuş, 30 oktyabr 2024-cü il tarixdə azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə tərtib edilmiş seriya İXP ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Masallı rayonu, Çaxırlı kəndinin ərazisində idarə etdiyi “VAZ 21063” minik markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan yəni, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla avtoxuliqanlıq etməsi qeyd edilmişdir. Məhkəmə iclasında iş materiallarında əlavə edilmiş CD-yə keçirilmiş baxış zamanı Şəxs “Vaz 21063” minik markalı **-TZ-*** dövlət nömrə nişanlı avtomobili ilə toy karvanına qoşulduğu, avtomobilin sürətini artıraraq əks istiqamətli hərəkət zolağına çıxmaqla qarşısında olan avtomobilləri ötdüyü və dönmə əməliyyatı apararkən əyləci basdığı müəyyən edilmişdir. Avtomobilin təkərinin yolun səthindən qaldırması aşkar edilməmişdir. Eləcədə avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmişdir. Məhkəmə işdə olan sənədləri hərtərəfli tam və obyektiv araşdıraraq hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsindən həmin Məcəllənin 327.2-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci madəsində göstərirlir ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. İş materiallarında Şəxs avtoxuliqanlıq etməsini təsdiq edəcək sübut yoxdur. Məhkəməyə sübut kimi təqdim edilmiş CD olan görüntülər onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinin tərkibinin olmasını təsdiq etmir. Lakin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi maddəsinin tərkibinin olmasını təsdiqini tapmışdır, yəni o, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarını pozmuşdur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinin tərkibi yoxdur. Şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun əməlində qeyd edilən inzibati xətanın tərkibinin olmasını sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Göründüyü kimi Şəxs törətdiyi inzibati xəta əməli tövsif edilərkən, onun törətmiş olduğu konkret əməlin cəhətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinin dizpozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluq düzgün müəyyən edilməmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin təsiri altına düşür. Odur ki, onun əməli Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsindən həmin Məcəllənin 327.8-ci madəsinə tövsif edilməli və Şəxs barəsində həmin maddənin sanksiyası həddində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Quliyev X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar