Məhkəmə qərarları › İş №3(050)-2/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2/2024 09.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1989-cu ildə Masallı rayonundan andan olmuş, evli orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Kosakül kəndində qeydiyyatda olan, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 04 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi “Nisa Mebel” adlı obyektin sahibi X5 tərəfindən müvafiq icazə olmadan açıq məkanda qanunsuz reklamın yerləşdirilməsi göstərilmişdir. Məhməmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 inzibati xəta haqqında protokolla razı olmayaraq bildirdi ki, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən ona əsassız olaraq protokol yazılmış, həmin protokolun əsasında Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməklə 1500 manat inzibati qaydada cərimə edilmiş, həmin qərardan apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilməklə iş baxılması üçün yenidən Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Masallı rayonunda Ələt-Astara şossesinin kənarında yerləşən «Nisa Mebel» obyektinin mülkiyyətçisi o, deyildir. Həmin obyekti əvvəllər icarə müqaviləsi əsasında mülkiyyətçisindən icarəyə götürüb işlətmiş, lakin müflis olduğundan 2 il əvvəl həmin obyektdən çıxmış və xx.xx.2022-ci il tarixdə yazdığı ərizəsinə əsasən adına olan VÖEN-i bağlatdırmışdır. «Nisa Mebel» mebel dükanının ona heç bir aidiyyəti yoxdur. Obyektin mülkiyyətçisi Qaçar Əzizov adlı şəxsdir. Həmin obyekti mülkiyyətçi icarə müqaviləsi əsasında Arzu Bəyəliyevaya icarəyə vermişdir. Arzu Bəyəliyeva ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti əsasında fəaliyyət göstərir. Həmin obyektin yaxından-uzaqdan ona heç bir aidiyyəti yoxdur. Sözügedən obyekti işlətmədiyindən reklam agentliyi ilə heç bir müqavilə bağlamaq məcburiyyətində də olmamışdır. Lakin Agentliyin əməkdaşları sözügedən obyektin kimə məxsus olmasını araşdırmadan əsassız olaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Sonda P.H.Həsənov göstərilənləri nəzərə alıb barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Elektron sistemdən çıxarışdan görünür ki, X5 ********** VÖEN-i ilə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixli, 000369 nömrəli aktdan görünür ki, Ələt-Astara şossesinin kənarında yerləşən «Nisa Mebel» obyektində açıq havada müvafiq icazə almadan reklam quraşdırmışdır. xx.xx.2023-cü il tarixli, 000369 nömrəli “Açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə” yazılı göstərişdən görünür ki, X3 “Reklam haqqında” AR Qanunun 26.2.-ci maddəsinə əsasən 5 gün müddətində müvaviq icazənin alınması, əks halda qanunsuz reklamın dayandarılmasının tələb olunmuşdur. İnzibati xəta haqqında 04 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsi ilə protokol tərtib edilmişdir. Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubdan görünür ki, X5 xx.xx.2022-ci il tarixdən fəaliyyətini dayandırımışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş X5 barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, X5 tərəfindən Ələt-Astara şossesinin kənarında yerləşən «Nisa Mebel» obyektində açıq havada müvafiq icazə almadan reklam quraşdırılması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, lakin X2 Ələt-Astara şossesinin kənarında yerləşən «Nisa Mebel» obyektinin mülkiyyətçisi olması və ya mülkiyyətçidən icarəyə götürüb işlətməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Hansı ki, həmin sübutlar inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən məhkəməyə təqdim edilməli idi, ona görə ki, baş vermiş inzibati xətanın X5 tərəfindən törətdilməsini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Lakin işdə olan sənədlərə əsasən bu sübut olunmur. 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş məlamata əsasən isə vergi ödəyicisi kimi X2 fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2047-ci il tarixədək dayandrılmışdır. Beləliklə məhkəmə inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, belə hüquqi nəticəyə gəlir ki, X5 barədə gəlinmiş nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar