Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2/2025 16.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Masallı Rayon Polis Şöbəsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1989-cu ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 21 avqust 2024-cü il tarixdə, saat 21 radələrində Masallı Rayon Polis Şöbəsinin inzibati binasında ünvansız nəlayiq söyüşlər söyərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Bundan əlavə Şəxs eyni tarixdə onu intizama dəvət edən Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, onu yaşadığı evin qarşısında 40-a yaxın polis əməkdaşı saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olduğu zaman onunla yaxşı davranmışlar, hətta onun üçün siqaret belə almışlar. 21 avqust 2024-cü il tarixdən 26 avqust 2024-cü il tarixədək ona qarşı heç bir zorakılıq olmamış, barmaqlarının ucu ilə belə toxunmamışlar. 26 avqust 2024-cü il tarixdə məhkəmə zalından çıxarıldıqdan sonra polis rəisi Azay Ağayevin otağına aparılmış və polis rəisi Azay Ağayev onu nəlayiq ifadələrlə təhqir etmiş, ailə üzvlərinin və ölmüş anasının və bacısının ünvavına nəlayiq ifadələr işlətmişdir. Oda həmin vaxt cavab qaytarmışdır. Həmin vaxt onun qolları qandallı olmuş və polis əməkdaşları tərəfindən qolları tutulmuş, polis rəisi Azay Ağayevdə onun başından vurmuşdur. O, isə polis şöbəsində olduğu zaman hər hansı bir hal baş verməmişdir, hər hansı nəlayiq söyüşlər söyməmiş, başqa hərəkətlərə yol verməmişdir. Polis şöbəsi bütünlüklə müşahidə kameraları ilə əhatə olunmuşdur, əgər o, hər hansı bir hərəkətə yol vermişdirsə və nəsə bir qeyri etik ifadə işlətmişdirsə bununla bağlı sübut təqdim olunsun. Əksinə o, polis şöbəsində olduğu zaman təhqir olunmuş və döyülmüşdür. Onun barəsində olan xüsusi ittiham qaydasında olan şikayətə baxılmasından ötrü məhkəmə zalına gətirilməsi üçün 21 avqust 2024-cü il tarixdə gecə vaxt yaşadığı evin yaxınlığında həbs edib polis şöbəsinə gətirmişlər, lakin adını qoymuşlar ki, guya o, özü şöbəyə gəlmişdir. Lakin o, şöbəyə gəlməmiş gətirilmişdir. 26 avqust 2024-cü il tarixdə məhkəmə zalından çıxdıqdan sonra polis şöbəsinə gətirilmiş və orada Azay müəllim onu təhqir etdikdən sonra polis əməkdaşları tərəfindən onun başına zərbələr vurulmaqla döyülmüşdür. 21 avqust 2024-cü il tarixdə onu polis şöbəsinə gətirmişlər, iki nəfər polis əməkdaşına onu tapşırmışlar, Elşən müəllim polis əməkdaşlarına tapşırmışdır ki, rəisin tapşırığı var bu şəxsə heç kimi barmağı belə toxunmayacaqdır. Növbəti gün barəsində protokol tərtib olunmuş və Zaur Talıbov ona bildirmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunacaq və o, 150 manat məbləğində cərimə olunacaq, hətta cəriməni özü ödəyəcəyini bildirmişdir. Oda inanaraq inzibati xəta haqqında protokola imza etmişdir. Məhkəmədən xahişi odur ki, polis şöbəsində olan müşahidə kameralarından görüntülər götürülərək tədqiq edilsin və əgər onun əməli sübut olunarsa ona ağır cəza verilməsinə razıdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-in sahə rəisi vəzifəsini icra edən polis leytenantı X6 izahatında göstərdi ki, 21 avqust 2024-cü il tarixdə Masallı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru X9 rayonu Ərkivan qəsəbəsi ərazisində xidmətdə olduqları zaman Şəxs barəsində olan müraciət və özünün etdiyi şikayətlə bağlı rayon polis şöbəsinə dəvət etmişlər. Şəxs polis şöbəsinə gəlmiş və onun xidməti otağında Şəxs izahatı alınarkən o, izahat verməkdən imtina etmiş və onlarla aqressiv danışmağa başlamışdır. Dəfələrlə onun intizama dəvət etmiş olsalar da, o, intizamlı olmamış və bu səbəbdən də RPŞ-nin baş təhqiqatçısı Ariz Səfərov, post patrul xidmətinin komandiri İsrail Mirzəyev və baş əməliyyat müvəkgili Elmir Əliyev onun xidməti otağına daxil olmuşlar. Bu zaman onlar nə qədər çalışsalarda Şəxs sakitləşdirə bilməmişlər, Şəxs öz intizamsız hərəkətlərini davam etdirmişdir. Həmin vaxtı Şəxs hər hansı bir zor tətbiq olunmamışdır. Bu halı o, özüdə təsdiq edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin TB-in baş təhqiqatçısı, polis mayoru X7 və Masallı RPŞ-nin PPXB-nin komandiri, polis baş leytenantı X3 şahid X6 ilə eyni məzmunlu izahat verdilər. Məhkəmə Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməməsi barədə vermiş olduğu izahatını inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu inzibti xətaya görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş izahat kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətmiş olduğu əməlləri etiraf etməsə də, onun təqsiri şahidlərin izahatı, inzibati xəta haqqında protokollar, habelə işə əlavə edilmiş digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirilir. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 3(050)-1674 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-412/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilərək Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə Masallı Rayon Məhkəməsi hakiminin 22 avqust 2024cü il tarixli 3(050)-1674 saylı qərarı ləğv edilərək iş yenidən baxılması üçün Masallı rayon məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-412/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Şəxs 26 avqust 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən döyülərək ona xəsarətlər yetirilməsi barədə göstərdiklərinə münasibət bildirilməli, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin hər ikisi ilə təqsirliliyinin başqa sübutlarının da olub-olmaması araşdırılmaqla yeni qanuni qərar qəbul edilməlidir. Masallı Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Masallı rayon Polis Şöbəsinin inzibati binasında quraşdırılmış video-müşahidə kameralarının yaddaş tutumu 15 (on beş) gün olduğu üçün 21-29 avqust 2024-cü il tarixlərində olan görüntülərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Abiyev X8 rayon Polis Şöbəsində saxlanıldığı vaxt ona qarşı hər hansı bir fiziki zor və ya psixoloji təsir göstərilməmiş, qanuna zidd hərəkətlərə yol verilməmişdir. Məhkəmə Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-412/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında göstərilənlərlə bağlı araşdırma aparıb qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərkən 21 avqust 2024-cü il tarixdə saxlanıldığı zaman, eləcədə 22 avqust 2024-cü il tarixdə barəsində hazırkı iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokollar tərtib olunarkən, bununla bağlı məhkəməyə gətirildiyi zaman və məhkəmədə ona 8 gün müddətinə inzibati həbs tənbehi verildikdən sonra belə ona qarşı hər hansı bir zorakılıq edilmədiyini, əksinə ona qarşı mehriban münasibət göstərildiyini bildirmişdir. Hətta o, vermiş olduğu izahatında tərtib olunmuş protokollarıda şəxsən özü imzaladığını bildirmişdir. Şəxs 22 avqust 2024-cü il tarixli izahatından görünür ki, o, 21 avqust 2024-cü il tarixdə Masallı rayonu, Mollaoba kənd sakini X1 barəsində etdiyi müraciətlə əlaqədar olaraq Masallı Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Həmin tarixdə Masallı Rayon Polis şöbəsinin sahə rəsinin otağında müraciətlə bağlı dindirildiyi vaxt, əsəbləşib uca səslə ünvansız nəlayiq ifadələr işlədib qarşısındakı masanın üzərinə yumruqla zərbə vurmuşdur. Onun əsəbləşməyinə görə yaranmış səs-küyə inzibati binada olan polis əməkdaşları otağa daxil olub onu sakitləşdirərək ictimai qaydanı pozduğunu bildirmişlər. Ona polis əməkdaşları dəfələrlə sakitləşməsini və nizam-itizamlı olmasını bildirsələr də, əsəbi olduğu üçün onların sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam edib onların qanuni tələblərinə tabe olmamışdır, həmin vaxt əsəbi idi və etdiyi əməlindən səmimi peşmandır və gələcəkdə bu tip əməllərə yol verməyəcəyinə söz vermişdir. Həmçinin Şəxs 26 avqust 2024-cü il tarixdə Masallı Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı etmiş olduğu müraciəti Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırılmış və həmin hal öz təsdiqini tapmadığına görə xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X4 tərəfindən qəbul edilmiş 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs Masallı Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və aparılmış araşdırma zamanı Elman Abıyevin polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri insanı rəftara məruz qalması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Şəxs şikayətində qeyd etdiyi və Şirvan Apellyasiya Məhkəməsinin qərarında göstərilən xüsusatların araşdırılması ilə bağlı Masallı Rayon Polis şöbəsinə sorğu verilərək 21-29 avqust 2024-cü il tarixlərdə Masallı RPŞ-də olan video-müşahidə kameralarının görüntülərinin məhkəməyə təqdim olunması istənilmişdir. Masallı RPŞ-dən sorğuya cavab olaraq verilmiş məktubda qeyd edilmişdir ki, Masallı rayon Polis Şöbəsinin inzibati binasında quraşdırılmış video-müşahidə kameralarının yaddaş tutumu 15 (on beş) gün olduğu üçün 21-29 avqust 2024-cü il tarixlərində olan görüntülərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Eləcədə sorğuya cavab məktubunda Abiyev X8 rayon Polis Şöbəsində saxlanıldığı vaxt ona qarşı hər hansı bir fiziki zor və ya psixoloji təsir göstərilmədiyi, qanunazidd hərəkətlərə yol verilmədiyi qeyd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və digər proses iştirakçılarının ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələrinin tərkibi vardır və o, həmin maddələrlə təqsirli bilinərək, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsini və onun Masallı Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qərarı ilə 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilməsini nəzərə alaraq təyin ediləcək tənbehin şəkilmiş hesab edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs Masallı Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 3(050)-1674/2024 saylı qərarı ilə 08 (səkkiz) gün müddətə inzibati qaydada həbsdə olduğu müddət nəzərə alınaraq təyin olunmuş inzibati həbs tənbehi çəkilmiş hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver