Məhkəmə qərarları › İş №3(050)-200/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-200/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-200/2025 24.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Şəxs barəsində Masallı rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 23 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmiş və iş 3(050)-200/2025 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda Şəxs barəsində Masallı rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 23 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmiş və iş 3(050)-197/2025 nömrə ilə qeydiyyata alınmışdır. Həmin inzibati xəta haqqında protokollar Şəxs barəsində eyni orqan tərəfindən tərtib olunaraq baxılması üçün 23 yanvar 2024-cü il tarixdə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Masallı Rayon Məhkəməsinin 3(050)-197/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərardadı ilə Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 23 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 23 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarla bağlı 3(050)-200/2025 nömrəli iş 3(050)-197/2025 nömrəli işlə bir icraatda birləşdirilərək eyni vaxtda baxılması və birləşdirilmiş işdə 3(050)-197/2025 nömrəsi saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qeyd olunmuşdur ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Məhz buna görə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi bir neçə inzibati xətaya dair işlərin məcmusunun hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarı ilə qərara alınmışdır ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Təqdim olunmuş materialları nəzərdən keçirərək və istinad olunan maddi hüquq normasının tələbini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində 3(050)-200/2025 nömrəli iş 3(050)-197/2025 nömrəli işlə bir icraatda birləşdirilərək eyni vaxtda baxıldığından və birləşdirilmiş işdə 3(050)-197/2025 nömrəsi saxlanıldığından 3(050)- 200/2025 nömrəli işin icraatına xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 34.2, 118-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 3(050)-200/2025 nömrəli işin icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar