Məhkəmə qərarları › İş №3(050)-2004/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-2004/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-2004/2024 22.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Mən Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş olunmuş inzibati xəta haqqında materialı araşdırıb MÜƏYYƏN ETDİM: Masallı rayon Polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Masallı Rayon Məhkəməsinin 3(050)-2004/2024 nömrəli, 03 noyabr 2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinərək nəqiliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. Şəxs vəkili Vəkil2 həmin qərardan apellyasiya qaydasında şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-526/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərarı ilə Şəxs müdafiəçisi Vəkil2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsi hakiminin 03 noyabr 2024-cü il tarixli, 3(050)-2004/2024 saylı qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişvə Şəxs dərhal həbsdən azad edilmişdir. Qərarda apellyasiya məhkəməsi qeyd etmişdir ki, Azəbyacan Respublikası İXM-nin 511.1.1 və 511.1.3-cü maddələrinə görə nəzərdə tutulan hərəkətlər hər iki halda avtoxulqanlıq kimi qiymətləndirilə bilsə də, prosessual baxımdan onlardan hansının inzibati xəta haqqında protokolda qeyd edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu bəndlərdən hər hansı birində nəzərdə tutulan hüquq pozuntusunun şəxs tərəfindən törədilməsi inzibati xəta haqqında protokolda göstərilmədiyi halda onun həmin pozuntuda təqsirli bilinməsi faktiki olaraq şəxsi müdafiəsiz vəziyyətə salır ki, buda yol verilməzdir. Ona görə də, inzibati xəta haqqında protokolda göstərilən hüquq pozuntusunun mövcudluğu məhkəmə tərəfindən araşdırılmalı, protokolda göstərilən hərəkətlər təsdiq edilmədiyi halda müvafiq qərar çıxarılmalı, inzibati xəta haqqında materiallarda ziddiyət və natamamlıq olduğu halda isə inzibati xəta haqqında materiallar işin baxılmağa hazırlanması mərhələsindən geri qaytarılmalı idi. İlk növbədə onu qeyd etməyi zəruri hesab edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə edilməlidir. Lakin inzibati xəta haqqında materialı araşdıraraq, inzibati xəta haqqında materialda olan videogörüntünü özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirərək və apellyasiya məhkəməsinin qərarında qeyd olunmuş halları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokolda olan qüsurun aradan qaldırılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin dispozisiyasına əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə : 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əsasən müəyyən olunur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmasına səbəb onun 02 noyabr 2024-cü il tarixdə özünə məxsus olan “BMW 330İ” minik markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Masallı şəhəri Həzi Aslanov küçəsi küçəsində toy karvanında ictimai qaydaları və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik etmiş, yol səthi üzərində ziqzaqvari hərəkətlər edərək avtoxuliqanlıq etməsi olmuşdur. İş materialına əlavə edilmiş İXP ******* nömrəli, 02 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1ci maddəsinin 511.1.1-ci bəndi ilə protokol tərtib edilmişdir. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin 511.1.1-ci bəndi ilə inzibati xəta haqqında protokol tərtib olunması üçün onun tərəfindən ictimai qayda və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi ilə törədilməlidir. Lakin inzibati xətanın törətməsi barədə videogörüntünü özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilmiş zamanı qara rəngli “BMW 330İ” minik markalı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən avtomobili bir neçə dəfə yerində fırladaraq “təkərlərinin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması, yolun hərəkət hissəsində maşınların hərəkət etməsinə maneçilik törədilməsi, bunun nəticəsində ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması müşahidə olunur. Belə olan halda Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin 511.1.1-ci bəndi ilə deyil, 511.1.3-cü bəndi ilə inzibati xəta haqqında protokol tərtib olunmalı idi. Göründüyü kimi Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir və işə baxılarkən tamamlamaq mümkün deyildir, yəni İnzibati Xətalar Məcəlləsində maddənin bir bəndinin digər bəndinə tövsüf olunması nəzərdə tutulmamışdır. İnzibati xəta haqqında protokolda olan qüsur yalnız İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin 511.1.3-cü bəndi ilə yeni inzibati xəta haqqında protokol tərtib edilməsi ilə mümkündür ki, bu da, Masallı rayon Polis şöbəsinin Yol patrul xidmətinin səlahiyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.5-ci maddəsinin tələbinə görə inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi inzibati xəta haqqında protokolda dəqiq göstərilməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Masallı rayon Polis şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, xüsusilə də qanunçuluq prinsipinin qorunmasının təmin edilməsi, habelə Məcəllənin tələblərinə uyğun olan ədalətli qərarın qəbul edilməsi məqsədi ilə prosesin zəruri etdiyi hallardan çıxış edərək qərardadlar qəbul edir. Bu qərardadlarla məhkəmə etirazların və vəsatətlərin təmin edilib-edilməməsi, ekspertizanın təyin edilməsi, işlərin qapalı baxılması, əlavə materialların tələb edilməsi, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş İXP ******* nömrəli, 02 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar