Məhkəmə qərarları › İş №3(050)-201/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-201/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-201/2025 10.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, şikayətçi X3 iştirakı ilə, X3 Masallı rayonu DYPİ-nin polis kapitanı X1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli TP- 6996563 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək, Masallı rayonu DYPİ-nin polis kapitanı X1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli TP-6996563 nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1986-cı ildə Masallı rayonunda anadan olmuşdur. Etibarnamə əsasında idarə etdiyi VAZ 21054 markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili Masallı şəhəri, Bakı prospektində “Təzə Bazar” adlanan bazarın yanında idarə etmişdir. Həmin ərazidə sfeteforun qırmızı işığı yanırmış, oda digər avtomobillər kimi işığın yaşıl yanmasını gözləmişdir. Ondan qabaqda YPX-nin avtomobili dayanmışdır. Sfeteforun işığı yaşıl yandıqdan sonra polis maşını hərəkət etmiş, oda avtomobilində düzünə hərəkət etmişdir. Polis maşını Cəlilabad rayonu istiqamətinə, o, isə icazə olan yerdən Masallı şəhəri, H.Əliyev prospektinə dönmüşdür. Döndükdən sonra polis maşını onun dalınca gələrək ona saxlama əmri vermişdir. O, avtomobilini sağa çəkərək saxlamışdır. Polis əməkdaşları ona yaxınlaşaraq yol hərəkəti haqqında qanunu pozduğunu, sveteforun yaşıl işığından sonra ancaq düzünə hərəkət edə biləcəyini bildirmişdir. O, polis əməkdaşına bildirmişdir ki, yol nişanını ona səhv izah edir. İşarədə düzünə yol ancaq dairəyə qədərdir, yəni dairədən sonra nişanın qüvvəsi düşür. Oda dairəni keçib sonradan sola dönmə əməliyyatını yerinə yetirmişdir. Polis dediklərini əsaslandıra bilməmiş və ona qanunsuz bir protokol yazaraq onu 100 manat cərimə etmişdir. O, protokola imza etməmişdir. Sonradan sözügedən qərarı polis şöbəsinə gedib götürmüşdür. Polis kapitanı Asəf Mustafayev ona şər və böhtan atır. O, inzibati xəta törətməmişdir. Yəni o, heç bir qaydanı pozmayaraq barəsində haqsız olaraq qərar qəbul edilir. O qərar ki, heç bir qanuna əsaslanmır. Polis qərarı yazarkən heç bir mötəbər sübuta istinad etməmişdir. Əgər onun qanunu pozması barədə hər hansı bir sübutu varsa məhkəməyə təqdim etsin. Heç bir təqsiri olmadan ona qərar yazılmışdır. Belə hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Qanunun tələblərinə görə X2 qəbul etdikləri protokol və qərarlar Ədalət və Humanizm prinsiplərini özündə əks etdirməlidir. Humanizm - insan rifahının, sosial institutların qiymət meyarının, bərabərlilik ədalət kimi bəşəri prinsipləri insanı məhəbbət və ehtiramı müəyyən edir. Qərardan şikayət vermiş şəxs X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, qanunsuz yerə ona cərimə yazmışlar. Protokolda onun iştirakı olmadan yazılmışdır. Heç həmin protokolu görməmiş və imzada etməmişdir. Yol hərəkəti ilə bağlı nişan olmasına baxmayaraq bütün avtomobillər oradan dönmə edirlər. Heç kimsə gedib qarşıdan hardansa dönmür. Həmin yol nişanı olmuş olas da, yol nişanı düzgün deyildir. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayətçini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan 21 yanvar 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 16:06 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 327.1-ci maddəsinin pozduğuna görə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Hadisə ilə bağlı təqdim edilmiş Diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə sürücü X5 yol nişanlarının tələblərinə riayət etməyərək əks istiqamətli hərəkət zolağına çıxmaqla sola dönərək manevr edib yolayrıcını keçmə qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində qeyd edilmişdir ki, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd edilmişdir ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, Masallı rayonu DYPB-nin rəisi, polis kapitanı X1 tərtib etdiyi inzibati tənbeh vermə haqqında 21 yanvar 2025-ci il tarixli TP-6996563 nömrəli qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları, inzibati Xəta haqqında protokol və qərarla, hadisə ilə bağlı təqdim edilmiş Disklə, eləcədə şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsi polis söbəsi tərəfindən təqdim edilmiş sənədlərlə təsdiqini tapmışdır. Odur ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Masallı rayonu DYPB-nin rəisi, polis kapitanı X1 tərtib etdiyi inzibati tənbeh vermə haqqında 21 yanvar 2025-ci il tarixli TP-6996563 nömrəli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar