Məhkəmə qərarları › İş №3(050)-203/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-203/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-203/2023 01.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1999-cu ildə Masallı rayonu Türkoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu Türkoba kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati Xəta haqqında xx.xx.2022-ci il tarixli Protokola görə Şəxs 18 dekabr 2022-ci il tarixdə saat 18:40 radələrində “Vaz 2107” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, həmçinin sərxoş vəziyyətdə avtomobili idarə etdiyinin aşkar edildiyi qeyd edilmişdir. Bu səbəbdən Şəxs barəsində 18 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, atası yatdığı üçün evə çörək almaq lazım olduğundan 18 dekabr 2022-ci il tarixdə atasına məxsus “Vaz 2107” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək çörək almaq üçün evdən çıxmışdır.Kənd yolunda hərəkətdə olduğu zaman arxadan gələn maşının işıq cihazları ilə ona işarə etdiyini görmüşdür.Arxadan gələn maşının kim olduğunu bilmədiyi üçün yoluna davam etmişdir.Bir qədər sonra həmin vatomobilin polis avtomobili olduğunu görmüşdür.Bu zaman polis əməkdaşları onu saxlamışlar o avtomobildən düşmüşdür.Polis əməkdaşlarından biri ondan hara getdiyini soruşmuşdur.O da çörək almağa getdiyini bildirmişdir.Bu zaman digər polis əməkdaşı onun idarə etdiyi avtomobilin sükanı arxasına oturaraq avtomobili idarə etmişdir.O, isə digər polis əməkdaşı ilə birlikdə polis şöbəsinə gəlmişdir.Polis Şöbəsində olduqları zaman polis əməkdaşlarının sualına cavab olaraq nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyini, lakin nəqliyyat vasitəsini idarə edərkən spirtli içki qəbul etmədiyini, sərxoş olmadığını bildirmişdir.Bu zaman alkotestr vasitəsi ilə sərxoşluq vəziyyəti yoxlanılmış, sərxoş olduğu bildirilmişdir.Lakin o, polis əməkdaşları ilə razılaşmamış və spitli içki qəbul etmədiyi üçün alkotestrə imza etməmişdir.Həmçinin polis əməkdaşlarına onu həkim müayinəsindən keçirilməsindən ötrü klinikaya aparmasını bildirmişdir.Lakin polis əməkdaşları bunu etməmişlər.Oda şöbədən çıxaraq evinə getmişdir və həmin gün atası ilə birlikdə Lənkəran şəhər Narkoloji xəstəxanasına gedərək müayinədən keçmiş və müayinə nəticəsində onun sərxoş olmadığı məlum olmuşdur.Bununla bağlı akt tərtib edilmişdir.Sürücülük məktəbini bitirmişdir, lakin sürücülük vəsiqəsi almadığı üçün sürücülük hüququ yoxdur.Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdən görünür ki, Şəxs barəsində polis baş serjantı X2 tərəfindən xx.xx.2022-ci il tarixdə saat 18-40 radələrində AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan 18 dekabr 2022-ci il tarixdə saat 15:01 radələrində qeyd edilmiş 00213 nömrəli alkotestr aktından görünür ki, Şəxs avtonəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olmuşdur (alkoqolun miqdarı 4,177%). İşdə olan 18 dekabr 2022-ci il tarixdə saat 20:50 radələrində yazılmış 2918 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur.Nəticə 0,00 %. İş materiallarında olan Masallı RPŞ-in DYPB-in arayışından görünür ki, Şəxs BDYPİ-nin MİS-dən olan məlumata əsasən nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dispozisiyasına əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi ilə müşayiət edilən hərəkətlərə yol verilməsi inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, qeyd edilən maddənin dispozisiyasında göstərilən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmə hallarının baş verməsi ilə nəticələnən inzibati xəta hadisəsi baş verməmişdir.Bununla da Şəxs İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin tələblərini pozduğu qeyd olunsa da, araşdırma zamanı protokolda qeyd olunan sərxoş halda avtomobilin idarə edilməsi hadisəsinin baş vermədiyi müəyyən edilmişdir. Lakin iş materiallarında olan Masallı RPŞ-in DYPB-in arayışına əsasən Şəxs BDYPİ-nin MİS-dən olan məlumata əsasən nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi olmadığı üçün Şəxs əməlində İXM-in 332.2-ci maddəsinin tərkibi olduğu üçün və İXM-in 332.2-ci maddəsi ilə olan inzibati xətalara aidiyyəti üzrə baxılması Masallı RPŞ-in DYPB-in səlahiyyətinə aid olduğu üçün həmin hissədə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsində qeyd edilmişdir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Lakin, Şəxs əməlində İXM-in 332.2-ci maddəsinin tərkibi olduğundan və İXM-in 332.2-ci maddəsi ilə olan inzibati xətalara baxılması PŞ-in DYPB-in səlahiyyətinə aid olduğu üçün həmin hissədə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs əməlində İXM-in 332.2-ci maddəsinin tərkibi olduğundan və İXM-in 332.2-ci maddəsi ilə olan inzibati xətalara baxılması Masallı RPŞ-in DYPB-in səlahiyyətinə aid olduğu üçün həmin hissədə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar