Məhkəmə qərarları › İş №3(050)-2043/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2043/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2043/2025 03.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis X2 Polisi bölməsi yol patrul xidməti baş inspektor polis baş leytenantı Nümayəndə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Masallı rayonunda, Sərçuvar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləyən, Masallı rayonunda, Sərçuvar kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23:43 radələrində Şəxs Masallı rayonu, H.Əliyev prospektində “TOYOTA PRİUS” minik markalı, **-VY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərini pozmuşdur. Protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis X2 Polisi bölməsi yol patrul xidməti baş inspektoru, polis baş leytenantı Nümayəndə məhkəmə iclasındakı izahatında göstərdi ki, 31 avqust 2025-ci il tarixdə gecə saat 23:40 radələrində Bakı prospektində xidmət aparılan zaman “Lanur” şadlıq evinin qarşısında onlarla üzbəüz maşın gəlmiş və saxlamışdır. Onlar həmin maşına yaxınlaşmışlar. Həmin vaxt maşını Şəxs idarə etmişdir. Aralarında olan söhbət zamanı Şəxs spirtli içki qəbul etdiyini bildirmişdir. O, nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında “Lanur” şadlıq evinin qarşısından bir neçə metr idarə etdiyini etiraf etmiş, lakin hazırda ayıq sürücü gözlədiyini qyd etmişdir. Şəxs maşını spirtli içkinin təsiri altında idarə etdiyi üçün polis şöbəsinə gətirilmişdir. Şöbədə alkotestr müayinəsindən keçirilmiş barəsində sənədləşdirilmə işləri aparılmaqla inzibati protokol tərtib edilmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İfadəsinin davamında Nümayəndə göstərdi ki, əvvəlcə şəxs alkotestr müayinəsindən keçirilmiş, daha sonra barəsində inzibati protokol tərtib edilmişdir. Texniki səhvlik nəticəsində alkotestrin keçirilmə tarixi, protokolun tərtib edilmə tarixindən sonra göstərir. Məhkəmə iclasında Şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saat 23:40 radələrində toydan çıxmışdır. “Lanur” şadlıq evinin qarşısında avtomobil dayanacağında avtomobilini saxlamışdır. İçkili olduğuna görə, ayıq sürücü gözləmişdir. Maşında kondisoneri yandırmış, dostları ilə telefona baxmışlar. Həmin vaxt Yol Patrul xidmətinin əməkdaşı onlara yaxınlaşmışdır. Aralarında sorğu-sual zamanı o, polis əməkdaşına içkili olduğunu, maşınını idarə etməsi üçün ayıq sürücü çağırdığını və onu gözlədiyini bildirmişdir. Bundan sonra polis şöbəsinə aparılmışdır. Nəqliyyat vasitəsini də ayıq sürücüsü polis şöbəsinə gətirmişdir. Polis şöbəsində alkotestr müayinəsindən keçirilmiş və digər sənədləşdirilmə işləri aparılmışdır. Həmin axşam maşını şöbədə saxlanılmış, özü isə evə getmişdir. Həmin günün səhəri polis şöbəsinə getmiş izahatı alınmışdır. Polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsi saxlanılan zaman içkili olduğu üçün özündə olmamış nə danışıqdığını bilməmişdir. Ona görə də polis əməkdaşına maşını içkili vəziyyətdə idarə etdiyini bildirmişdir. Həqiqətdə isə o, maşını içkili vəziyyətdə idarə etməmişdir. İçkili olduğu üçün ayıq sürücünün gəlməsini gözləmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcısından görünür ki, Şəxs 4,177% promildə alkoqolun miqdarı aşkar olunmuşdur. xx.xx.2025-ci il tarixli Şəxs izahatından göstərilmişdir ki, o, xx.xx.2025-ci il tarixində etibarnamə əasında idarə etdiyi **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili Masallı şəhər ərazisində “Lanur” şadlıq sarayında park üçün nəzərdə tutulmuş ərazidə park etmişdir. Maşında ayıq sürücü gözləmişdir. YPX əməkdaşları ona yaxınlaşmış və burada niyə saxladılarını soruşmuş, sənədlərini istəmişlər. O, da sənədlərinin qaydasında olduğunu və ayıq sürücü gözlədiklərini bildirmişdir. Polis əməkdaşları ondan xidməti maşınlarına əyləşmələrini xahiş etmişlər. Heç bir tabesizlik göstərmədən polis şöbəsinə gətirilmişdir. Avtomobilini ayıq sürücüsü şöbəyə gətirmişdir. Polis şöbəsində alkotestr müayinəsindən keçirilmişdir. O, içki içdiyini etiraf etmişdir. Öncə ondan akta qol çəkməsi tələb edilmiş o, qol çəkməmişdir. Sonra nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etməsini qeyd etməsini tələb etmişlər. O bu tələbə razılıq verməmişdir. O, nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etməmişdir. Sonda Şəxs işin məhkəməyə göndərilməsini xahiş etmişdir. İş materiallarında olan CD diskə baxış keçirilən zaman müəyyən olunur ki, Şəxs nəqliyyat vasitəsini polis əməkdaşlarının idarə etdiyi nəqliyyat vasitəsilə qarşı qarşıya gələrək saxlamışdır.Yol patrul xidmətinin əməkdaşı Şəxs yaxınlaşmışdır. Aralarında olan söhbət zamanı Şəxs içkili vəziyyətdə nəqliyyat vasitəsini “Lanur” şadlıq evinin qarşısında bir neçə metr idarə etdiyini, daha sonra maşını saxlayaraq ayıq sürücü gözlədiyini bildirmişdir. Eləcə də videogörüntüdən Şəxs alkotestr müayinəsindən keçirilməsi və digər sənədləşdirilmə işlərinin aparılması müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli protokolu tərtib etmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin yoxlanılmasına dair alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcısı, CD disk, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Belə ki, məhkəmə iclasında CD diskə baxış keçirilən zaman onun nəqliyyat vasitəsini idarə etməsi müəyyən olunur. Eləcə də polis əməkdaşı tərəfindən sorğu-sual olunan zaman nəqliyyat vasitəsini bir neçə metr idarə etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar