Məhkəmə qərarları › İş №3(050)-2045/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2045/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2045/2023 17.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs X4 və X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Masallı rayonu Qədirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 01 oktyabr 2023-cü il tarixdə həmkəndliləri X4 və X6 ilə şəxsi münasibətlər zəminində döyərək onlara dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, dava etdikləri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 10-11 arasında Mirəddin “Zil” markalı maşınla onun həyətinə daxil olmuşdur. O, avtomobili saxlatdıraraq niyə onun həyətindən keçdiyini, ayrıca yol olduğunu oradan keçməsini bildirmişdir. Bununla bağlı aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Akif Qasımov, arvadı, oğlu və gəlini onunla dalaşaraq onu döymüşlər. Sonradan o, onların da xəsarət aldığını bilmişdir. Dava-dalaş zamanı onları vurmamış, sadəcə özünü qorumuş, onları özündən uzaqlaşdırmışdır. Kənd sakinləri gəlib onları ayırmışlar. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında təxminən 10-11 arasında taxıl sahəsində əkin işlərinin aparılması ilə bağlı istifadələrində olan nəqliyyat vasitəsi ilə sahəyə toxumluq taxıl aparmışlar. Bu zaman Şəxs onların qarşısını kəsərək buradan yol olmadığını bildirmişdir. Yaz əkin-biçini zamanı isə İlkin həmin yolu çəpərə almış, lakin polis əməkdaşları isə gəlib yolu açmışlar, onlarda məhsulu biçib aparmışlar və həmin zaman onlara yolu təqdim edərək “bu sizin yolunuzdu” demişlər. Taxıl əkməyə gedərkən İlkin onların yolunu kəsdiyi zaman isə İlkinə biçin zamanı polis əməkdaşları gəldiyi zaman öz etirazı nəyə görə bildirmədiyini demişdir. Həmin vaxt aralarında mübahisə olmuşdur. Mübahisə zamanı aralarında dava-dalaş olmuş və İlkin onun qol nahiyəsindən və bədəninin digər nahiyələrindən vuraraq xəsarət yetirmişdir. Barışmamışlar. Məhkəmədən qanunauyğun ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdən iki öncə əməliyyatdan çıxmışdır. Həmin vaxt əkin vaxtı olduğu üçün torpaq sahəsinə taxıl əkini ilə bağlı oğlu istifadələrində olan avtomaşınla sahəyə toxum aparmışdır. Həmin vaxt Şəxs maşının qarışısını kəsmişdir ki, bura onu həyətidir, burdan yol yoxdur. Getdikləri yol isə onlara dövlət orqanlarının nümayəndələri tərəfindən göstərilmişdir. Yolla bağlı oğlu ilə İlkin arasında mübahisə olmuşdur. Həmin vaxt oda oraya gəlmişdir ki, aydınlaşdırsınki mübahisələri nədir. Bu zaman İlkin onu söyüb təhqir edərək itələyib yerə yıxmış və bununla bağlı xəsarət almışdır. Barışmamışlar. Məhkəmədən qanunauyğun ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 947 saylı rəydə qeyd edilmişdir ki, vət. X1 dirsək oynağı nahiyəsinin fasiləli sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, dəmir parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 01 oktyabr 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 952 saylı rəydə qeyd edilmişdir ki, vət. X5 döş qəfəsinin ön hissəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, yumruq ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 01 oktyabr 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Ramil Zeynalov tərəfindən 17 noyabr 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar