Məhkəmə qərarları › İş №3(050)-2047/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2047/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2047/2023 17.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1995-ci ildə Masallı rayonu Qədirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə həmkəndlisi X3 döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında təxminən 10-11 arasında taxıl sahəsində əkin işlərinin aparılması ilə bağlı istifadələrində olan nəqliyyat vasitəsi ilə sahəyə toxumluq taxıl aparmışlar. Sahəyə gedən yol İlkinin evinin qırağından keçir. Bu zaman İlkin Quliyev qarşısını kəsərək buradan yol olmadığını bildirmişdir. O, İlkinə yaz əkin-biçini zamanı keçdiyi yola çəkmiş olduğu çəpərin polis əməkdaşları tərəfindən sökülərək yol açıldığı zaman öz etirazı nəyə görə bildirmədiyini, indi isə nəyə görə onun yolunu kəsərək torpaq sahəsinə getməyə icazə vermədiyini demişdir. İlkin isə həmin vaxt dövlət orqanının əməkdaşlarının dediyinin ona heç bir dəxli olmadığını, bura onun həyəti olduğunu, buradan keçməyə qoymadığını bildirmişdir. Həmin vaxt aralarında mübahisə olmuşdur. Mübahisə zamanı aralarında dava-dalaş olmuş və İlkin əlində olan küt alətlə onun qol nahiyəsindən və bədəninin digər nahiyələrindən vuraraq xəsarət yetirmişdir. O, isə həmin vaxt İlkini itələyərək özündən uzaqlaşdırmışdır. Daha sonra kənar şəxslər gələrək onları ayırmışlar. Lakin İlkini vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Məhkəmədən qanunauyğun ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Mirəddin qardaşı “Zil” markalı maşınla onun həyətinə daxil olmuşdur. Həmin vaxt Mirəddinlə yanaşı, atası, anası, qardaşı və qardaşı arvadıda gəlmişlər. O, avtomobili saxlatdıraraq yolun burdan olmadığı, buranın onun həyəti olduğunu, ayrıca yol olduğunu oradan keçməsini bildirmişdir. Bununla bağlı aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı onlar ailəlikcə birləşərək onu döymüşlər, eləcədə Mirəddində onu vurmuşdur. Paltarlarını cırmışlar. Kənd sakinləri gəlib onları ayırmışlar. Barışmamışlar. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 949 saylı rəydə qeyd edilmişdir ki, vət. X2 başın sol gicgah nahiyəsinin sıyrığı, sol kürək, döş, qəfəsinin sol yan hissəsinin, sağ bud və sağ said nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, ağac parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 01 oktyabr 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 30 oktyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Əli Axundzadə tərəfindən 17 noyabr 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar