Məhkəmə qərarları › İş №3(050)-2049/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2049/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2049/2025 09.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı şəhəri, Seybətin küçəsi ev 25-də qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-1609/2021 saylı icra sənədinə əsasən Şəxs 19500 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq X3 verilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-1609/2021 saylı icra sənədi xx.xx.2022-ci il tarixdə icra və probasiya şöbəsinin icraatına daxil olmuş, borclu barəsində icraata başlama qərarı və digər sənədlər verilmiş, eləcə də borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına icra sənədi üzrə tələbin yönəldilməsi mümkün olan hər hansı əmlakı aşkar olunmamışdır. Borclu tələbi icra etmədiyinə görə əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində inzibati həbs növündə tənbeh tədbiri seçilmişdir. İcra işi icra məmuru İlkin Həsənovun icraatından onun icraatına daxil olmuşdur. İş onun icraatında olan dövrdə borclu hər ay ödəniş etməklə 11 ay müddətində ümumilikdə 5100 manat ödəniş etmişdir. Borclu icra sənədi üzrə 2025-ci ilin avqust ayında ödəniş etməmişdir. Borclu barəsində protokol tərtib edilməmişdən əvvəl tərəflər arasında icra sənədi üzrə razılıq əldə edilməsinə çalışsa da nəticəsi olmamışdır. Ona görə də borclu barəsində protokol tərtib edilərək məhkəməyə gətirmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-1609/2021 saylı icra sənədindən məlumatlıdır. Maddi imkanı olmadığından borcunu ödəmədiyindən əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində inzibati həbs növündə tənbeh tədbiri seçilmişdir. Barəsində seçilmiş sonuncu inzibati tənbeh qərarından sonra borcluya 11 ay ərzində hər ay təxminən 700 manat olmaqla ümumilikdə 5100 manat ödəniş etmişdir. Maddi imkansızlıq səbəbindən avqust ayında ödəniş edə bilməmişdir. 10 oktyabr 2025-ci il tarixədək borcundan 700 manat ödəniş edəcəkdir. Hazırda himayəsində iki azyaşlı uşağı var. Onların təlim, tərbiyə və məktəb xərclərini qarşılaması səbəbindən avqust sentyabr aylarında ödəniş edə bilmir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınaraq barəsində inzibati həbslə ələqadar olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 bildirdi ki, borclu indiyədək icra sənədi üzrə borcunu tam şəkildə ödəməmişdir. 2022-ci ildən bu günə kimi ona ümumilikdə 6700 manat pul ödənilmişdir. Borclu barəsində tətbiq edilmiş sonuncu inzibati tənbeh tədbirindən sonra hər ay müntəzəm olaraq ödəniş etmiş, sonuncu avqust-sentyabr ayı ərzində ödəniş etməmişdir. Borclu həmin ödənişləri etmiş olsaydı şikayətçi olmayacaqdır. Hazırda o, borcunu tələb edir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İcraata başlamaq haqqında qərarlardan görünür ki, Masallı Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(050)-1609/2021 saylı icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 09 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)- 1609/2021 saylı icra sənədini icra etmədiyi üçün barəsində inzibati protokol tərtib edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati həbs növündə tənbeh tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, işdə iştirak edən şəxslərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra sənədi üzrə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş yekun məhkəmə aktlarının icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətinin yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından Şərh Edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin plenum qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd edir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət yetirməlidirlər. Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamında əks olunmuş dekriminallaşdırma siyasətinə dair tövsiyələrdən irəli gəlir. Məhkəmə təyin olunacaq inzibati tənbeh növünü müzakirə edərək qeyd edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısını almaq məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, barəsində görülmüş sonuncu inzibati tənbeh tədbirindən sonra icra sənədi üzrə bugünədək 5000 manat məbləğindən çox pul ödəməsini nəzərə alaraq, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zeynalov X6 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar