Məhkəmə qərarları › İş №3(050)-2054/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2054/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2054/2024 27.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, X2katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1966-cı ildə Lənkəran şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Banbaşı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis Şöbəsindən daxil olmuş 09 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Banbaşı kəndində yerləşən “Çay evi” ndə qumar oyunu oynamışdır. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X8 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmaqla baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində kənd ərazisində olan toy mərasimindən çıxdıqdan sonra həmkəndliləri X4, X3 ilə birlikdə Masallı rayonu, Banbaşı kəndində, yol kənarında olan “Çay evində stolda əyləşmişdir. Bir qədər söhbət etdikdən sonra qumar oynamaq qərarına gəlmişlər. Onlar öz aralarında adam başına 20 qəpikdən qumar oynamağa başlamışdır. Bir neçə dəqiqədən sonra digər həmkəndlisi X6 təsadüfən onların yanına gələrək, “DURAKA” oynadıqlarını görmüşdür. Cənnət Əzimov da onların yanında əyləşərək, pul qarşılığında “DURAKA” oynamağa başlamışdır. Bir neçə saatdan sonra polis əməkdaşları onlara yaxınlaşaraq qumar oynadıqlarını müəyyən etmişdir və onları Masallı RPŞ-yə dəvət etmişlər. Qumar oyununun qadağan olunduğunu bilir, səhvini başa düşür. Bu səbəbdən də barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə səlahiyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı, ******* nömrəli xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Banbaşı kəndində yerləşən “Çay evi”ndə qumar oyunu oynadığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Masallı RPŞ-nin Təhqiqat bölməsiin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, materialın təsviri hissəssində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, qumara qoyulmuş 25 ədəd 20 qəpiklik, 10 ədəd bir manatlıq pul əskinazları və iki qutu “DURAKA” kartı maddi sübut kimi tanınmaqla, saxlanılması üçün masallı RPŞ-nin aidiyyəti xidmət sahəsinə təhvil verilməsi, Masallı rayonu, Banbaşı kənd sakinləri Şəxs, X7, X4 və X1 əməllərindən Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin tərkib əlamətləri olduğundan, onlar barəsində inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edimiş qərarın surəti masallı RPŞnin İTB-yə göndərilməsi qərara alınmışdır. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Masallı rayonu, Banbaşı kənd sakinləri Şəxs, X7, X4 və X1 birlikdə qumar oynadıqları anın videogörüntüsü çəkilərək protokola əlavə olunmuş və 25 ədəd 20 qəpiklik, 10 ədəd bir manatlıq pul əskinazları və iki qutu “DURAKA” kartı maddi sübut kimi götürülmüşdür. Məhkəmə hesab edir ki, İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi Masallı rayon Polis şöbəsinin inzibati xəta haqqında 09 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* saylı protokolu, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq İXM-nin 525-ci maddəsi ilə tövsif olunmuşdur, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Məhkəmə İnzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlindən peşman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşkar edilmiş predmetlər müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, qumara qoyulmuş 25 ədəd 20 qəpiklik, 10 ədəd bir manatlıq pul əskinazları və iki qutu “DURAKA” kartı Şəxs aid hissədə müsadirə edilməklə barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar