Məhkəmə qərarları › İş №3(050)-2062/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2062/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2062/2024 28.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Zərərçəkmiş şəxs iştirakı ilə. xx.xx.1971-ci ildə Masallı rayonu, Səmidxan kəndində doğulmuş, Masallı rayonu Səmidxan kəndində qeydiyyatda olmaqla yaşayan Səlimzadə (Səlimov) İlham Yusif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Səlimzadə (Səlimov) İlham Yusif oğlu xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus avtomobilin şüşələrini sındıraraq maddi ziyan vurmuşdur. Səlimzadə (Səlimov) İlham Yusif oğlu bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Səlimzadə (Səlimov) İlham Yusif oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə Səlimzadə (Səlimov) İlham Yusif oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, özünə məxsus avtomobili avtovağzalın həyətində saxlamışdır. Avtomobilin yanına gəldiyi zaman avtomobilin şüşələrinin sındığını görmüşdür. Bu səbəbdən o, DİN-nin 102 xidmətinə zəng vurmuş və oraya polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları orada olan müşayət kameralarına baxış keçirmişlər və onun avtomobilinin şüşələrini sındıran şəxsin İlham Səlimov olduğu müəyyən olunmuşdur. Məhkəmədən barəsində inzibati icraat aparılan şəxsin cərimə olunmasını xahiş etdi. İşə əlavə olunmuş Masallı RPŞ-in İTB-in sahə rəisi polis kapitanı Cəlal Əbülfəzli tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Səlimzadə (Səlimov) İlham Yusif oğlu xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus avtomobilin şüşələrini sındıraraq maddi ziyan vurmuşdur. İşə əlavə olunmuş DİN-nin Masallı RPŞ-in TB-nin təhqiqatçısı, polis mayoru Zaur Zeynalov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, törədilmiş əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilməsi, Səlimzadə (Səlimov) İlham Yusif oğlunun əməlində Azərbaycan Respublikasının İXM-nın 232-1-ci maddəsinin tərkibi vardır və onun həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilməsi, Qərarın surəti maraqlı tərəflərə göndərilməklə qəbul edilmiş qərardan narazı olduğu halda prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququnun olması ona izah edilməsi, Qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual nəzarəti həyata keçirən Masallı rayon Prokuroruna göndərilməsi, material saxlanılması üçün Masallı RPŞ-nin dəftərxanasına verilməsi qərara alınmışdır. İşə əlavə olunmuş 28 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus Vaz-2109 minik markalı, ** SY *** dövət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cəmi 80 manat müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Səlimzadə (Səlimov) İlham Yusif oğlunun təqsiri xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Səlimzadə (Səlimov) İlham Yusif oğlunun inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Səlimzadə (Səlimov) İlham Yusif oğlu barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli həcmində cərimə tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRAR VERDİM: Səlimzadə (Səlimov) İlham Yusif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurmuş olduğu ziyanın bir misli həcmində, yəni 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar