Məhkəmə qərarları › İş №3(050)-2073/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2073/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2073/2025 10.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X2, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1994-cü il tarixdə Lerik rayonu, Arta kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, Lerik rayonu, Züvüc ərazi dairəsi, Arta kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli 09 sentyabr 2025-ci il tarixli protokola əsasən Şəxs 09 sentyabr 2025-ci il tarixdə uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur, yəni xırda xuliqanlıq etmişdir. Eyni zamanda inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 09 sentyabr 2025ci il tarixli protokola əsasən Şəxs 09 sentyabr 2025 il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X5 izahatında bildirdi ki, 09 sentyabr 2025-ci il tarixdə saat 20:30 radələrində ƏİQ-un üzvləri İTB-in polis sahə rəisi Əlməddin Qasımov, CAB-in əməliyyat müvəkkili Məmməd Məmmədli və NH-in sürücü polis nəfəri Həsən Sultanov ilə birlikdə Masallı rayonu, Banbaşı kəndindən 102 çağırışına cavab olaraq RPŞ-nə gələrkən Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Fantaziya” banket zalının həyətində küçədə ictimai yerdə təxminən 5-7 nəfərin mübahisə etdiklərini, yol hərəkət hissəsində olduqlarını və hərəkətə maneçilik yaratdıqlarını müşahidə etmişlər. Xidməti maşını saxladıqda, bir neçəsi oradan uzaqlaşmışdır. Lakin orada qalan 3 nəfər şəxs avtopatrul tərəfindən aparılan 2 nəfərin geri qaytarılmasını tələb edərək uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları xidməti avtomobildən yerə düşdükdə, həmin şəxslərdən bir neçəsi “əmim və əmi oğlunu” aparan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Sonradan həmin şəxslər polis avtomobilinin qarşısını kəsərək hər bir polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətmişlər. Polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət edərək yol hərəkət zolağından çəkilmələrini, maneçilik yaratmamalarını və polisin qanuni tələblərinə əməl etmələrini tələb etsələr də, onlar qəsdən bu tələblərə məhəl qoymayaraq öz hərəkətlərini 5-10 dəqiqə davam etdirmişlər. Polis əməkdaşları yaxınlıqda olan digər əməkdaşlardan kömək istəmişdir. Qısa müddət sonra PPXB-in əməkdaşlarının köməyi ilə Astara rayon sakini X1, Lerik rayon sakinləri X3 və Şəxs avtopatrula mindirilərək Masallı rayon Polis şöbəsinə gətirilmişdir. Bununla bağlı Masallı rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Zaur Zeynalov raportla məruzə etmiş, həmin raportun icrası ona həvalə edilmişdir. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib olunmuş və digər zəruri olan sənədləri toplayaraq məhkəməyə təqdim etmişdir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, toy mərasiminə gəlmişdir. Gələn qonaqlar arasında yaranmış mübahisəyə özü də, qoşulmuş, içkili olduğundan özünü idarə edə bilməmişdir. Sərxoş olduğuna görə polis şöbəsinin qarşısında əsəbləşərək səs-küy yaratmış, uca səslə nəlayiq ifadələr işlətmişdir. Polis əməkdaşları ona xəbərdarlıq etdiklərini xatırlayır, lakin o, polis əməkdaşlarına tabe olmamışdır. Törətdiyi əməldən səmimi peşman olduğundan barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Masallı Rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZA seriyalı 022105 nömrəli 10 sentyabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 sentyabr 2025-ci il tarixdə, saat 00:50-də inzibati qaydada tutulmuşdur. - AZA seriyalı 009386 nömrəli 09 sentyabr 2025-ci il tarixli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, Şəxs üzərində 09 sentyabr 2025-ci il tarixdə şəxsi axtarış aparılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq ediləcək inzibati tənbeh ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən və məsuliyyətini yüngülləşdirən halları, hal-hazırda işləyərək cərimə ödəmək iqtidarında olmasını nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiqinə zərurət olmadığını, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə törətdiyi İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan o, daha ciddi xəta hesab olunan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs 10 sentyabr 2025-ci il tarixdə, saat 00:50-də inzibati qaydada tutulduğunu və hal-hazıradək tutmada saxlanıldığını nəzərə alaraq hesab edir ki, ona İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat cərimə məbləğinin dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməli və o, dərhal tutmadan azad edilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab olunan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə eyni Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar