Məhkəmə qərarları › İş №3(050)-2074/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2074/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2074/2024 11.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayon Ərkivan Bələdiyyəsinin sədri Şəxs iştirakı ilə, Masallı rayon Ərkivan Bələdiyyəsinin sədri (AZE ********) xx.xx.1967-ci ildə anadan olmuş, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında 30 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Masallı rayon Ərkivan Bələdiyyəsinin sədri Şəxs tərəfindən Masallı rayon Ərkivan Bələdiyyəsinin 02 oktyabr 2024-cü il tarixli, 21 saylı iclas protokolu vaxtında təqdim edilməmişdir. Bu hərəkəti ilə Masallı rayon Ərkivan Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayon Ərkivan Bələdiyyəsinin sədri Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, sənədləri göndərilməsi tapşırılmış olsa da, lakin müəyyən anlaşılmazlıq olduğundan və eləcədə sənədlərin elektron daşıyıcılarla göndərilməsini bilmədiklərinə görə sənədlərin göndərilməsi gecikmişdir. Belə ki, əvvəllər həmin sənədlər kağız daşıyıcılar vasitəsi ilə göndərilmişdir, lakin hazırda bütün sənədləşmə işləri eketron qaydada aparılır. Onlar isə bunu bilməmişlər, qəsdən etməmişlər bilmədən olmuşdur. Odur ki, sənədlərin təqdim olunması gecikdirdikləri üçün barələrində inzibati qaydada protokol tərtib olunmuşdur və tərtib olunmuş protokola etiraz etmirlər. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işdə olan 02 oktyabr 2024-cü il tarixli, 21 saylı iclasın protokolundan görünür ki, Bələdiyyənin bələdiyyə qulluqçuları X1 2024-cü il üçün 440 manat 50 qəpik, X2 2024-cü ilə görə 360 manat bələdiyyə büdcəsindən əmək haqqı ödənilməsi və Bələdiyyənin büdcəsindən Silahlı Qüvvələrin Yardım Fonduna silahlı qüvvələrə yardım üçün 20 manat, AR İQT Nazirliyi yanında ƏMDX-nın Ərkivan bələdiyyəsinin qeyri yaşayış sahəsi üzrə icarə haqqı 39 manat pul vəsaitinin köçürülməsi qərara alınmışdır. İnzibati xəta haqqında işdə olan 13 aprel 2023-cü il tarixli, 10 saylı iclasın protokolundan görünür ki, X6 bələdiyyə sədri vəzifəsindən azad edilməsi və bələdiyyənin səlahiyyətləri bələdiyyənin sədr müavini Şəxs həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində qeyd edilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs təqsiri özünün səmimi etirafı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Masallı rayon Ərkivan Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar