Məhkəmə qərarları › İş №3(050)-2075/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2075/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2075/2024 15.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, X1 iclas katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Masallı rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1966-cı ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs fala baxmaq adı ilə ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs aldadaraq 400 manat pulunu ələ keçirərək xırda talama əməlləri törətmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Orxan Balakişiyev tərəfindən 15 noyabr 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, baxıcılıqla məşğul olur. o, Asifdən pul almamışdır. Asifin arvadı acıq edib getdiyi üçün Asif onun yanına gəlib arvadını qaytarması üçün ona köməklik etməsini xahiş etmişdir. Hər dəfə Asif onun yanına gəldiyi zaman 3-5 manat pul vermişdir. Sonuncu dəfə Asif onun yanına gəldiyi zaman Asifə gedib arvadını gətirməsini demiş, Asifdə cavabında arvadına əyilməyəcəyini demişdir. Sonuncu dəfə Asif onun yanına gəldiyi zaman ona pul verməmişdir. Asif ona böhtan atır 450 manat pul olmayıb, ümumilikdə Asif onun yanına gəlib getdiyi dövrlərdə ümumilikdə 50 manat pul vermişdir. O, Asifdən özü pul almamışdır, Asif özü pulu qoyub çıxıb getmişdir, hər dəfə 3-5 manat. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında göstərdi ki, 2018-ci ilin yanvar ayının 5-də arvadı acıq edərək çıxıb getmişdir. Qardaşı gəlib arvadını və oğlunu aparmışdır. Arvadının evə qayıtması ilə bağlı anası və atası gedib onun gətirmək istəsələrdə arvadı gəlməmişdir. Daha sonra ona Masallı rayonu Alvadı kəndində baxıcılıq fəaliyyəti ilə məşğul olan şəxs olduğunu demişlər. Həmin vaxtdan Zümrüdün yanına gəlib getmişdir. Elə gün olmuşdur ki, gündə iki-üç dəfə gəlib getmişdir. 2021-ci ilin may ayına kimi gəlib getmiş, lakin bir nəticəsi olmamışdır. Evi eşiyi, həyət-bacası dualarla, düyünlərlə. Sonuncu dəfə onun yanına getdiyi zaman Zümrüd ona gedib arvadının ayaqlarına qapanmasını, barışmasını demişdir. O, isə cavabında 6 ildir ki, barışmadığını, bundan sonra barışmayacağını, arvadının ardıycan getməyəcəyini bildirmişdir. Bundan sonra Zümrüd ona yenidən evlənməsini məsləhət görmüşdür. Oda acıqla durub getmişdir. Həmin vaxt əlində pul olmuşdur, lakin o, ona elə dediyi üçün oda pul verməmişdir. Bundan sonra o, DİN-nin 102 zəng xidmətinə müraciət etmişdir. Cəlilabaddan gəlib getməsi ilə bağlı 15 manat yol xərci vermişdir. Hər dəfədə 10-15-20 manat Zümrüdə pul vermişdir. Gündə əgər 3 dəfə getmişdirsə 5 manatda vermişdir. Ümumilikdə 7000 manata yaxın pul vermişdir. Məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. İşdə olan 14 noyabr 2024-cü il tarixli Masallı RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, lakin Şəxs əməlində İXM-nın 227-ci maddəsinin tərkibi olduğuna görə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı RPŞ Boradigah PB-nə göndərilmişdir. Şəxs təqsiri özünün qismən etirafı ilə yanaşı inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsində göstərilir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş ictimai işlər inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən Şəxs üzərinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmasını qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 240 (iki yüz qırx) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar