Məhkəmə qərarları › İş №3(050)-2079/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2079/2024

16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2079/2024 16.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Masallı rayonu, Ləngan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ləngan kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan Apellyasiya Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2(106)-995/2020 saylı icra sənədinə əsasən Şəxs 3000 manat kompensasiya verilməklə o, X2, yetkinlik yaşına çatmayan uşaqları və əmlakları ilə birlikdə Daşınmaz Əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışa əsasən Zərərçəkmiş şəxs mülkiyyətində olan Masallı rayonu, Ləngan kəndində yerləşən yaşayış evindən çıxarılmalıdır. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2(106)-995/2020 saylı icra sənədi 05 iyun 2024-cü il tarixdə icra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcun ödənilməsi ilə bağlı dəfələrlə Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş,borcluya ödənilməli olan 3000 manat pul məbləği xx.xx.2024-cü il tarixdə ödənilməsinə baxmayaraq, borclu icra sənədini üzürsüz səbəbdən icra etməyərək, tələbkara məxsus yaşayış evindən çıxmamışdır. Tələbkar Telnaz isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək borclunun ona məxsus yaşyış evindən çıxarılması barədə icra sənədinin icrasını tələb etmişdir. Borclu icra çağırışlarından yayındığına borclunun məcburi gətirilmədi barədə qərar qəbul edilmiş, müəyyən edilərək icra şöbəsinə gətirilməsi təmin edildikdən sonra barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2(106)-995/2020 saylı icra sənədindən məlumatlıdır. İcra sənədi üzrə ona ödənilməli olan 3000 manat kompensasiya məbləği tələbkar tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilməsinə baxmayaraq, mübahisəli evdə qızı, azyaşlı nəvələri, gəlini, oğlu və yaşlı atası ilə birlikdə yaşadığından, yaşamaq üçün başqa gedəcək evləri olmadığından icra sənədinin icrasını təmin etməmiş, mübahisəli evdən çıxmamışdır. Yaşamağa başqa bir evdə tapdığı halda həmin evdən çıxacaqdır. Buna görə də ona vaxt verilməsini xahiş edir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, icra sənədi üzrə borlcuya 3000 manat kompensasiya məbləğinin xx.xx.2024-cü il tarixdə ödənilməsinə baxmayaraq yenə də, icra sənədini icra etməyərək ona məxsus, Masallı rayonu, Ləngan kəndində yerləşən fərdi yaşayış evindən çıxmamışdır. Borclu icra sənədini icra etmədiyi üçün barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(050)-44/2024 saylı qərardadından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2(106)-995/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs məcburi qaydada Masallı rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə qərardad qəbul edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(050)-241/2024 saylı qərardadından görünür ki, Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş 12 avqust 2020-ci il tarixli, 2(106)-995/2020 saylı icra sənədinin icra edilməsi üzrə hərəkətsizlik etməsi qanunsuz hesab edilmiş, qısa müddtə ərzində icra sənədi üzrə zəruri icra tədbirləri görülməsi tapşırılmışdır. Borclunun axtarışı haqqında Masallı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra sənədi üzrə digər borclu xx.xx.1976-cı il təvəllüdlü X2 barəsində axtarış elan edilmiş, qərarın icrası Masallı Rayon Polis şöbəsinə həvalə edilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında ziddiyyətli izahatlar verərək gah özünün evdən çıxmağa razı olduğunu, lakin ailə üzvlərinin çıxmasının çətin olacağını bildirmiş, gah ona vaxt verilməsini evdən çıxacağını qeyd etmiş, hansı vaxtda çıxacağı ilə bağlı isə konkret fikirlər bildirməmişdir. Şəxs qeyd edilən tarixdə İcra və Probasiya şöbəsində izahat verərkən məhkəməq qətnaməsini icra etməyəcəyi ilə bağlı qəti fikrini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Şirvan Apellyasiya Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2(106)-995/2020 saylı icra sənədinin icrasını təmin etməmişdir. Borcluya icra sənədi üzrə ödənilməli olan 3000 manat kompensasiya məbləğinin ödənilməsinə baxmayaraq, icra sənədinin icarından yayınmağa davam etmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, nəticə çıxarmayaraq keçən bu müddət ərzində qərəzli formada qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs hazırda yol verdiyi əməldən peşman olmamasını, məhkəmə iclasında qətnaməni icra edəcəyi ilə bağlı konkret söz vermədiyini, məsuliyyətini yüngülləşdirən halların olmamasını əsas götürərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır inzibati həbs tənbeh növünün hədləri daxilində tənbeh təyin edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 16 noyabr 2024-cü il tarixdən saat 15:50-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Musayev X4 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar