Məhkəmə qərarları › İş №3(050)-2080/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2080/2025

15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2080/2025 15.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 iştirakı ilə, xx.xx.1987-ci ildə Masallı rayonu Xallıcallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Masallı rayonu, Xallıcallı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş 15 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-55/2025 nömrəli icra sənədinin icrasını tam olaraq həyata keçirməmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-55/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 20 fevral 2025-ci il tarixdən başlayaraq 26 senyabr 2011-ci il təvəllüdlü X1 və 17 iyul 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.47 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-55/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 20 fevral 2025-ci il tarixdən başlayaraq 26 sentyabr 2011-ci il təvəllüdlü X1 və 17 iyul 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.47 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırkı vaxtadək 2632 manatdan cəmi 600 manat aliment pulu ödənilmiş və hazırda 2032 manat aliment borcu vardır. Borclu 2025-ci ilin mart ayında icra məmuru olmuş Habil İsmayılovun yanında olmuş, bildirişi imzalamış, izahat vermişdir. Bundan sonra borcli icra şöbəsinə gəlməmiş, bu səbəbdən də barəsində axtarış qərarı qəbul olunmuşdur. Axtarış qərarı əsasında bu gün polis əməkdaşları borcluya zəng vurub dəvət etmişlər, borcluda icra şöbəsinə gəlmişdir. Borcluya borcunu ödəməsi təklif olunmuş borclu isə iki gün sonra 200 manat ödəyəcəyini bildirmişdir. Tələbkarla əlaqə saxlanılmış tələbkar barəsində tədbir görülməsi üçün məhkəməyə verilməsini bildirmişdir. Ona görə də, barəsində inzibati qaydada protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, əvvəllər işləmiş lakin tələbkarın günahı ucbatından həmin işdən çıxarılmış və aliment borcunu ödəyə bilməmiş borcu çoxalmışdır. Hazırda isə yeni bir iş tapmışdır ki, aliment borcunu ödəsin indidə barəsində protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Əgər barəsində inzibati qaydada həbs seçilmiş olsa ayda işlədiyi işinidə itirəcəkdir, ən azından 200 manatı belə ödəyə bilməyəcəkdir. Hazırkı vaxtda isə iş tapmaq çox çətindir, işini itirəcəyi təqdirdə isə onu heç kimsə işə götürməyəcəkdir. Mart ayında icra məmuru Habil müəllimin qəbulunda olmuş və hər ay 200 manat ödəyəcəyini bildirmiş, Habil müəllimdə ona get ödə demişdir. Bundan sonra onunla heç kimsə əlaqə saxlamamışdır. Bir neçə gün öncə sahə rəisi onunla əlaqə saxlayıb icra şöbəsinə getməli olduğunu bildirmiş, oda gəlmişdir. Axtarışda olması ilə bağlı məlumatı olmamışdır. Aylıq gəliri 300 manatdır buna görə də, ayda 200 manat ödəniş edir. Tələbkarın istəyi aliment almaq deyil, tələbkarın istəyi onu tutdurmaqdır. Bu gün 100 manat ödəyə biləcəkdir, iki günədə 100 manat ödəyəcəkdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməmə İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin qanunun 8.2-ci maddəsin əəsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qanunun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə, hazırkı iş üzrə həm inzibati xəta hadisəsi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar