Məhkəmə qərarları › İş №3(050)-2106/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2106/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2106/2025 18.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Masallı Rayon Polis şöbəsinin Boradigah PB-nin polis sahə rəisi, polis mayoru Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cüi ildə Masallı rayonu, Mahmudavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsinin Boradigah Polis bölməsindən daxil olmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, Masallı rayonu, Mahmudavar kəndində yaşadığı evdə şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı kürəkəni Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İşin halları və tərəflərin izahatları: Masallı Rayon Polis şöbəsinin Boradigah PB-nin polis sahə rəisi, polis mayoru Nümayəndə izahatında göstərdi ki, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, arvadını evinə gətirmək üçün Masallı rayonu, Mahmudavar kəndində yerləşən qayınatası Şəxs yaşadığı evə getdiyini, lakin aralarında yaranan mübahisə zamanı qayınatası Şəxs onu döydüyünü bildirmişdir. Müraciət əsasında Masallı RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Mahmudavar kəndində yerləşən kənd sakini Şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində sonuncu və Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəmnində baş verən mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs qəsdən vuraraq dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Bu fakt alınmış izahatlar və ekspert rəyi ilə təsdiq edilmişdir. Toplanmış material üzrə Masallı RPŞ-nin TB-də Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində tədbir görülməsi qərara alınmışdır. Bu səbəbdən barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs kürəkənidir. Uzun müddətdir ki, aralarında ailə münasibətləri zəmnində narazılıqlar vardır. Belə ki, Zərərçəkmiş şəxs qızı Şəhanə Abıyeva ilə rəsmi nikahda olmaqla birlikdə Masallı rayonu, Ərkivan qəsəbəsində yaşamışdır. Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda onu və ailə üzvlərini narahat etmiş, mütəmadi qızı Şəhanə ilə mübahisə yaradaraq onu döymüşdür. Lakin, ailənin dağılmaması üçün qızı Şəhanə Abıyeva dözmək məcburiyyətində qalmışdır. xx.xx.2025-ci il tarixdə yenidən aralarında ailə münasibətləri zəmnində baş vermiş mabahisə zamanı qızı Şəhanə Abıyevanı döymüş, həmin tarixdə Şəhanə onun yaşadığı ünvana geri qayıtmış, bir daha ərinin və uşaqlarının yanına qayıtmayacağını bildirmişdir. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs yaxın qohumlarını onun yaşadığı ünvana göndərərək Şəhanənin evə qayıtmasını tələb etmiş, lakin Şəhanə geri qayıtmaq istəmədiyindən, Amid özü də oğlu Hüseyn və tanımadığı bir nəfər şəxslə yaşadığı ünvana gəlmişdir. Amid Şəhanənin evə aparmaq istədiyini bildirərək, orada yersiz mübahislər etməyə başlamışdır. O, Zərərçəkmiş şəxs qızının geri qaytımaq istəmədiyini, lakin ona heç bir maneçilik törətmədiyini desə də, Amid onunla mübahisə etməyə davam etdiyindən, ona evindən çıxıb getməsini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxslə aralarında sözlü mübahisələr olsa da, lakin onu vurmamış, heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs mübahisə zamanı öz-özünə xəsarət yetirməklə onun barəsində DİN-nin 102 zəng xidmətinə şikayət etmiş, bundan sonra polis əməkdsaşları yaşadığı ünvana gələrək Amid Abiyevi oradan aparmışlar. Zərərçəkmiş şəxs şikayəti yalan və böhtan olmuşdur. O, həmçinin Amidi vurmadığı üçün əməlindən peşman olmadığını bildirib barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, X1 ilə 2008-ci il tarixdə evlənmişlər və evli olduğu müddətdə beş övladı doğulmuşdur. Ən kiçik övladının üç yaşı və böyük övladının on yeddi yaşı vardır. Bir müddət Şəhanə ilə ailədaxili narazılıqları olsa da, lakin sonralar birlikdə yaşamağa davam etmişlər. Şəxs onun qayınatasıdır. Əvvəllər onunla Əlibaba arasında mübahisə olmamışdır. xx.xx.2025-ci il tarixdə arvadı Şəhanə ilə aralarında yaranmış mübahisə səbəbindən səhər saatlarında qayınatası Əlibaba onun yaşadığı ünvana gəlmiş və arvadı Şəhanəni Masallı rayonu, Mahmudavar kəndində yerləşən yaşayış ünvanına aparmışdır. Dəfələrlə xəbər göndərərək Şəhanəyə evə qayıtmasını xahiş etsə də, lakin qayınatası buna imkan verməmişdir. xx.xx.2025-ci il tarixdə o, əmisi X3 arvadı Şəhanəni geri gətirmək üçün qayınatası Əlibabanın evinə göndərmişdir, lakin qohumları Şəhanənin geri gəlmək istəmədiyini bildirdikdə özü, oğlu Hüseyn və tanış Həzrətlə birlikdə Şəhanəni gətirmək üçün qayınatası Əlibabanın yaşadığı evə getmişlər. Arvadı Şəhanə ilə söhbət edən zaman qayınatası Əlibaba onun yanına gəlmiş və onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Əlibaba buna səbəb kimi onun arvadı ilə arasında olan sözlü mübahisəni bildirmişdir. Əlibabanı sakitləşdirmək istədikdə sonuncu əlində olan və ona məlum olmayan cisimlə ona bir neçə zərbə endirmiş və o, xəsarətlər almışdır. Həmin zərbələr onun üz və qol nahiyyələrimə dəymişdir. Bundan sonra hadisə yerində olan şəxslər Əlibabanı ondan uzaqlaşdırmışlar. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək qayınatası barədə şikayət etmişdir. Hazırda Əlibaba ilə barışmamış, ona qanuni cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs atası, Şəxs isə babasıdır. xx.xx.2025-ci il tarixdə atası Amidlə anası X1 arasında inciklik olduğu üçün anası Şəxs Masallı rayonu, Mahmudavar kəndindəki fərdi yaşayış ünvanına getmişdir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində anası Şəhanəni geri gətirmək üçün o, atası Zərərçəkmiş şəxs və həmkəndlisi Şahid2lə birlikdə babası Şəxs yaşadığı ünvana getmişlər. Bu zaman babası Əlibaba yaşadığı ünvanda atası Amidlə mübahisə edərək anası Şəhanəni evlərinə geri gətirməsinə maneçilik törətdərək mübahisə yaratmış, mübahisə zamanı babası Əlibaba atası Amidin ünvanına nalayiq ifadələr işlətməyə başlayaraq onları yaşadığı ünvandan qovmağa cəhd etmiş və Əlibaba əlindəki yad cisimlə Amidin bədəninin müxtəlif nahiyyələrinə bir neçə zərbə endirəərk ona xəsarət yetirmişdir. Onlar atası Amidi Əlibabanın əlindən almış, atasının DİN-nin 102 ximətinə müraciətindən 10 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları yaxınlaşmış, mübahisə sakitləşdikdən sonra onlar həyətdən çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, uzun müddətdir ki, sonuncu ilə dostluq münasibəti vardır. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində o, Zərərçəkmiş şəxs və sonuncunun oğlu Şahid1lə birlikdə Şəxs yaşadığı Masallı rayonu, Mahmudavar kəndində yerləşən yaşayış ünvanına getmiş, məqsədləri isə Amidin arvadı Şəhanəni geri gətirmək olmuşdur. Şəxs yaşadığ ünvana çatdıqdan sonra o, avtomaşının yanında gözləmiş, Amid oğlu Hüseynlə birlikdə evə qalxmışlar. Şəxs yaşadığı ünvana gəldikdən az keçmiş, evdən səs-küy və mübahisə səsləri eşidərək dərhal onların yanına getmiş, yanlarına çatdıqda, Şəxs Zərərçəkmiş şəxslə mübahisə etdiyini, mübahisə zamanı Amidi döydüyünü bilmiş, hadisəni birbaşa görməsə də, lakin Amidin sifətində və başında xəsarətlərin olduğunu görmüş, məlum olmuşdur ki, Şəxs Zərərçəkmiş şəxsı döyüb ona xəsarət yetirmiş, orada olan şəxslər onları kənarlaşdırmağa çalışmışlar, Amidin qolundan tutaraq onu həyətə çıxarmış, Amid DİN-nin 102 ximdətinə müraciət etdikdən sonra polis əməkdaşları həmin ünvana gəlmişlər. Mübahisə sakitləşdikdən sonra oradan çıxıb getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsinib tərkibi olduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Masallı MTE və PA şöbəsinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 702 saylı ekspert rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “alnın, sol yanağın, boynun sağ və sol yarısının ön hissəsinin, döş qəfəsinin ön hissəsinin, sağ çiyin və sağ bazu nahiyyəsinin sıyrıqları” müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, əllə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 31 iyul 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, Masallı rayonu, Mahmudavar kəndində yaşadığı evdə şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı kürəkəni Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirdiyindən Masallı Rayon Polis şöbəsinin Boradigah PB-nin polis sahə rəisi, polis mayoru Nümayəndə tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxsnın döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar, ekspert rəyi, protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Barəsində icraat aparılan şəxs zərərçəkmiş şəxsi döymədiyini, ona heç bir xəsarət yetirmədiyini, aralarında sözlə mübahisə yarandığını bildirsə də, məhkəmə barəsində icraat aparılan şəxsin izahatını inandırıcı hesab etmir, həmin izahatı özünü müdafiə xarakteri kimi məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilmiş izahat kimi qiymətləndirir. Barəsində icraat aparılan şəxsin təqsiri iş materialları ilə tam sübütü yetirilir. Həmçinin, qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədiyini bildirsə də, bununla bağlı aparılmış araşdırma nəticəsində Masallı Rayon Polis şöbəsində qəbul edilmiş cinayət işininin rədd edilməsi haqqında qəbul edilmiş qərardan şikayət etməmişdir. Həmin qərarda Şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi təsdiq edilmiş və İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi qənaətinə gəlinmişdir. Göründüyü kimi, Şəxs protokolun tərtib edilməsinə səbəb olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın qanuniliyini mübahisələndirməyərək həmin qərarla müəyyən edilmiş işin faktiki halları ilə razılaşmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, yaşını, zərəçəkmiş şəxslə qohumluq münasibətində olduğunu, ilk dəfə inzibati xətaya yol verdiyini, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar icra edilməsi üçün Masallı Rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar