Məhkəmə qərarları › İş №3(050)-2111/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2111/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2111/2025 18.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Masallı rayonu, Köçəkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay-himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Köçəkli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 18 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qulliev X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2727/2024 saylı icra sənədinin icrasını tam təmin etməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: İcra məmuru X12 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2727/2024 saylı icra sənədi xx.xx.2025-ci il tarixdə icra göndərilmiş, xx.xx.2025-ci il tarixdə icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Borcun könüllü icra müddətində ödənilməsi ilə bağlı borcluya icra və probasiya şöbəsi tərəfindən bildiriş ünvanlanmış, borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icra çağırışlarından yayınmışdır. Borclu barəsində axtarış elan edilmiş, tutularaq Masallı rayon İcra şöbəsinə gətirildikdən sonra icra sənədinin icrası təmin edilməsi və aliment borcunun ödənilməsini tələb etmişdir. Məlum olmuşdur ki, borclu Şəxs şəxsiyyətini təsdiq edən sənəd mövcud olmadığından qeyd edilən müddət ərzində onun müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa borclu ilə aparılan proflakitiki söhbət zamanı məlum olmuşdur, tərəflər arasında məhkəmə qaydasında təsdiqlənmiş barışıq sazişi mövcud olmuş, həmin barışıq sazişinə əsasən tərəflərin birgə nikahdan doğulmuş uşaqları ananın himayəsinə verilsə də, işə məhkəmə qaydasında baxıldıqdan sonra uşaqların ikisi atasının himayəsində qalmış, digər uşaq isə anasının himayəsində olmuşdur. Barışıq sazişinin təsdiq olunduğu gündən, xx.xx.2023-cü il tarixdən 2024-cü ilin avqust ayına kimi tərəflər billikdə yaşamış, daha sonra ayrılmışlar. Tələbkar isə uşaqların onun himayəsində olduğu müddətdə ödənilməmiş aliment borcunu tələb etmişdir, Hesablama zamanı borclunun əvvəlki aylar üzrə ödənilməmiş, 3000 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi barədə borcluya təklif edilsə də, lakin maddi imkanının olmadığını borcu ödəyə bilməyəcəyini qeyd etmiş, göstəriən səbəblərdən barəsində protokol tərtib edilməklə baxılması üçün məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, tələbkar X5 arasında mediasiya şöbəsində xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinə əsasən birgə nikahdan doğulmuş üç nəfər uşağın saxlanması üçün hər ay hər bir uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimenti tələbkar Röya Orucovaya ödəməsi barədə öhdəlik götürmüşdur. Buna baxmayaraq 2024-cü ilin avqust ayına kimi Röya Orucova və azyaşlı uşaqları ilə birlikdə yaşmışlar. Təxminən 2024-cü ilin avqust ayında aralarında nikah məhkəmə qaydasında pozulduqdan sonra uşaqların ikisi onunla, biri isə tələbkar Röya Orucovanın yanında qalmışdır. İcra sənədi üzrə tələbkara 3000 manat borcu yoxdur, aliment səhv hesablanmışdır. Barışıq sazişini xx.xx.2023-cü il tarixdə bağlasalar da, faktiki olaraq Röya Orucova ilə birlikdə yaşamışlar. 2024-cü ilin avqust ayından etibarən uşağın biri anasının yanında qaldığından, barışıq sazişinin şərtinə əsasən hal-hazıradək ona 1200 manat borcu qalmışdır. Bir uşağa görə hazırda tələbkara ödənilməmiş 1200 manat aliment borcunda 300 manatını bu gün, qalan 900 manatını isə bir ay ərzində ödəməyi öhdəsinə götürür. İcra sənədinin icrasından qərəzli yayınmaq niyyəti olmamış, həmin icra səbəbindən məlumatsız olmuşdur. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, zərərçəkmiş şəxslə telefon əlaqəsi saxlanılmaqla inzibati xəta haqqında işə münasibəti aydınlaşdırılmışdır. Zərərçəkmiş şəxs işə onun iştirakı olmadan baxılmasını, borclu ilə 2024-cü ilin avqusta ayında faktiki olaraq ayrıldıqlarını, həmin tarixə qədər isə birlikdə azyaşlı uşaqları ilə bərabər yaşadıqlarını, ayrıldıqları vaxtdan uşaqlardan birinin onun yanında, iki uşağın isə borclunun yanında qaldığını bildirmişdir. Aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2727/2024 saylı icra sənədindən görünür ki, X5 ilə Şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilmiş: Tərəflərin birgə uşaqları xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 anaları X2 yanında qalmaqla onun himayəsinə verilmiş; Şəxs xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, üç uşaq üçün 300 manat sabit pul məbləğində aliment barışıq sazişi qüvvəyə mindiyi gündən hər ayın 01-dən X2 xeyrinə tutulması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2727/2024 saylı icra sənədi xx.xx.2025-ci il tarixdə yenidən icraya yönəldilmiş, xx.xx.2025-ci il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmaqla həmin icra sənədi üzrə xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun verdiyi izahatlardan məlum olmuşdur ki, borclu Şəxs ilə tələbkar X5 arasında mediasiya şöbəsində xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinə əsasən birgə nikahdan doğulmuş üçün nəfər uşağın saxlanması üçün üç uşağa görə cəmi 300 manat sabit pul məbləğində alimenti Şəxs tələbkar Röya Orucovaya ödəməsi barədə öhdəlik götürmüşdur. Barışıq sazişi bağlanmasına baxmayaraq, Şəxs 2024-cü ilin avqust ayına kimi Röya Orucova və üç azyaşlı uşaqları ilə birlikdə yaşamışlar. xx.xx.2024-cü il tarixdə aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, həmin tarixdən birgə nikahdan doğulmuş iki nəfər uşaq onun himayəsində qalmış, digər uşağı isə anası ilə birlikdə yaşamışdır. Məhkəmə iclası zamanı aparıla hesablama nəticəsində məlum olmuşdur ki, borcunun icra sənədi üzrə 3000 manat deyil, bir uşağa münasibətdə 1200 manat ödənilməmiş borcu yaranmışdı. X10 bununla razılaşaraq məhkəmə iclası zamanı tələbkarın hesab kartına 300 manat ödəniş etmiş, qalan 900 manat məbləğin isə bir ay ərzində tələbkara ödəmək istəməsini bildirmişdir. Tələbkar da məhkəmə iclasında onunla aparılan telefon danışığı zamanı borclu ilə 2024-cü ilin avqust ayına qədər birlikdə yaşadıqlarını, həmin tarixdən ayrıldıqdan sonra birgə nikahdan doulmuş iki nəfər uşağın atasının yanında qalmasını etiraf etmiş, bir uşağa görə ödənilməmiş qalmış 1200 manat borcdan 300 manatın hazırda ödənilməsinə razılıq vermişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Məhkəmə qeyd edilən maddədə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulduğunu, Şəxs borcundan 300 manat ödəniş etməsini, qalıq 900 manat borcun bir ay ərzində ödəmək fikrində olduğunu bildirərək icra sənədinin icrasından qəsdən boyun qaçırmadığını nəzərə alaraq, belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yaranmamışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar