Məhkəmə qərarları › İş №3(050)-2113/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2113/2025

19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2113/2025 19.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1996-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fəhləliklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Masallı rayonu, Boradigah qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 19 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16(010)-166/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16(010)-166/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 10 iyun 2025-ci il tarixdən hesablanmaqla 02 aprel 2020-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Şəxs 10 iyun 2025-ci il tarixdən hesablanmaqla 09 may 2021-ci il təvəllüdlü X2 üçün hər ay bir uşağa hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icraatına qəbul edildikdən sonra 11 iyun 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. İcra sənəd aidiyyəti üzrə Masallı rayon İcra və probasiya şöbəsinə göndərilmiş və 18 sentyabr 2025-ci il tarixdə borclu şöbəyə gəldiyindən icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borcluya təqdim olunaraq izahatı alınmışdır. Borclu öz hərəkətləri ilə icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, borcunu ödəmək istəyir, lakin hazırda maddi vəziyyəti çətindir. O, əvvəlcə 20 manat məbləğində ödəniş etmiş, 18 sentyabr 2025-ci il tarixdə isə bildirişi aldığı üçün bu gün 200 manat məbləğində ödəniş etmişdir. Masallı rayon İcra və probasiya şöbəsinə 18 sentyabr 2025-ci il tarixdə özü könüllü olaraq gəlmişdir. Bundan sonra da, ödənişlərini davam etdirəcəkdir. O, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmır, sadəcə azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi üçün onu heç bir işə qəbul etmirlər və fəhləliklə məşğul olur. Məhkəmədən ona borcun ödənilməsi üçün vaxt verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16(010)-166/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 10 iyun 2025-ci il tarixdən hesablanmaqla 02 aprel 2020-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Şəxs 10 iyun 2025-ci il tarixdən hesablanmaqla 09 may 2021-ci il təvəllüdlü X2 üçün hər ay bir uşağa hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. - Masallı rayon İcra və probasiya şöbəsinin borclu Şəxs 18 sentyabr 2025-ci il tarixli izahatından görünür ki, icra sənədi barədə xəbəri vardır, ödəniş etmək istəyir, lakin maddi vəziyyəti çətin olduğu üçün edə bilmir, hər ay aliment pulundan əlavə olaraq 50 manat borcundan ödəyəcəkdir. - Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs ünvanlanmış 11 iyun 2025-ci il tarixli bildirişdən görünür ki, məhkəmə qətnaməsini icra etmədiyi halda ilkin olaraq inzibati qaydada görüləcəyi, sonra toplanmış materialların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdimat veriləcəyi barədə məlumat qeyd edilmişdir. - Şəxs barəsində olan icra işi ilə bağlı elektron sistemdən çıxarışdan görünür ki, avtomobil nəqliyyatı məlumatları tapılmamış, işləməsi barədə məlumat tapılmamış, pensiya məlumatları, sosial ödəniş məlumatları yoxdur. İcra məmuru tərəfindən borclunun mülkiyyətində əmlak olması ilə bağlı zəruri hesab olunan digər sorğuların nəticəsi əldə olunaraq iş materiallarına əlavə edilməmişdir. Bundan başqa borclunun mülkiyyətində daşınmaz əmlak olub-olmaması ilə bağlı ərazi idarəsinə sorğu göndərilərək cavab alınmamışdır. Eyni zamanda iş materiallarında görünür ki, Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən borclunun evində tələbin yönəldilə biləcəyi əmlakın müəyyən olunması üçün onun yaşadığı evə baxış keçirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən “üzürsüz səbəbdən icra edilməməsi” tələb olunan imperativ norma borclu Şəxs əməlində yoxdur. Borclu Şəxs icraata başlama haqqında qərarı və bildirişi 18 sentyabr 2025-ci il tarixdə almış və həmin borcdan 200 manat məbləğində ödəniş etmiş, lakin icra məmuru buna baxmayaraq borclunun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı aydın oldu ki, AZEMİS elektron məlumatlarına əsasən borclunun rəsmi olaraq heç bir yerdən gəliri yoxdur, adında daşınar və daşınmaz əmlakı həmçinin yoxdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar