Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2126/2024 22.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1992-ci il tarixdə Masallı rayonu, Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki azyaşlı uşağı olan, hal-hazırda işləməyən, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 22 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Masallı rayon Məhkəməsinin 2(050)-3061/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli və 2(050)-221/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 bildirdi ki, Masallı rayon Məhkəməsinin 2(050)- 3061/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs vurulmuş ziyana görə 4000 manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat, cəmi 4060 manat məbləğində pul alınaraq X7 verilməlidir. İcra sənədi icraata qəbul edildikdən sonra 12 dekabr 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Borclu çağırışlara gəlmədiyindən və o, yaşadığı ünvanda olmadığından 27 fevral 2024-cü il tarixdə barəsində axtarış elan olunmuşdur. Bundan başqa Masallı rayon Məhkəməsinin 2(050)-221/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 3080 manat maddi ziyanın məbləği və 50,80 manat ödənilmiş dövlət rüsumu, cəmi 3130 manat 80 qəpik məbləğində pul alınaraq X6 verilməlidir. İcra sənədi icraata qəbul edildikdən sonra 18 aprel 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Borclu 22 noyabr 2024-cü il tarixdə axtarış nəticəsində Masallı rayon Polis əməkaşları tərəfindən saxlanılaraq Masallı rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Borclu icra sənədləri üzrə borcdan heç bir ödəniş aparmamışdır. Lakin halhazırda hər bir tələbkara 500 manat ödəniş, hər ay isə hər bir tələbkara 250 manat ödəmək istədiyini bildirir. Bununla bağlı tələbkarlarla əlaqə saxlanılmış və 500 manat pulu qəbul etməyə hazır olduqlarını, lakin borclunun hər ay 250 manat ödəniş edəcəyinə inanmadıqlarını bildirmişlər. Borclu öz hərəkətləri ilə icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, ailəli olmaqla 3 aylıq və 4 yaşında iki uşağı vardır. O, 2013-2017-ci illərdə Masallı rayon Polis şöbəsində əməliyyat rabitə qrupunun inspektoru vəzifəsində işləmiş, 2017-ci ildə özü işdən çıxmışdır. 2017-2020-ci illərdə səyyar aşpaz olaraq fəaliyyət göstərmişdir. Eyni zamanda tələbkarlar X5, X2 və başqa bir neçə şəxsdən malqara alaraq satmış, lakin ziyana düşdüyü üçün həmin şəxslərə pullarını qaytara bilməmişdir. Buna görə də, Masallı Rayon Məhkəməsinin 07 iyul 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinini 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra Lənkəran rayon Məhkəməsinin 21 və ya 22 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinini 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını 9 saylı cəzaçəkmə müəssisəsində çəkmiş və 07 iyul 2023-cü il tarixdə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmin vaxtdan hal-hazıradək heç bir yerdə işləmir. Şəkərli diabet və birsulyos xəstəsiliyindən əziyyət çəkdiyindən 6 ay olar ki, müalicə alır və hər ay atası müalicəsinə 400-500 manat vəsait xərcləyir. Bundan sonra müalicəsi təxminən 30-35 gün davam edəcəkdir. Ondan sonra işləyib borclarını ödəmək fikri vardır. Ona icra sənədləri ilə bağlı bir dəfə zəng olunmuşdur. Lakin o, işləmədiyindən borcdan ödəniş aparmamışdır. Eyni zamanda hesab edir ki, el arasında olan fikrə əsasən əgər şəxs pul üstündə məhkum olundusa pulu ödəməməlidir və o, da bu fikirdə olmuşdur. Buna baxmayaraq hal-hazırda hər bir tələbkara 500 manat ödəniş etmək istəyir, qalan borcdan isə hər ay hər bir tələbkara 250 manat ödəcəkdir, ödəmədiyi halda məsuliyyət daşıyacağını bilir. Bununla bağlı məhkəməyə ərizə təqdim etdi və məhkəmədən ona cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Masallı rayon Məhkəməsinin 2(050)-3061/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs vurulmuş ziyana görə 4000 manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat, cəmi 4060 manat məbləğində pul alınaraq X7 verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Masallı rayon Məhkəməsinin 2(050)-221/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 3080 manat maddi ziyanın məbləği və 50,80 manat ödənilmiş dövlət rüsumu, cəmi 3130 manat 80 qəpik məbləğində pul alınaraq X6 verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, Şəxs yaşadığı yeri məyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs xəstəliyini, iki azyaşlı uşağının olmasını və hər iki icra sənədi üzrə ödəniş etməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə məsuliyyəti yüngülləşdirən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır və gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yadda qalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. İş materiallarından görünür ki, Şəxs inzibati qaydada tutulmamışdır. Yuxarıda qey olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-2126/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2126/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver