Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2127/2025 17.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan “X2 Ovçu” Məhdud Məsuliyyətli Cəmiyyətin (bundan sonra MMC) nümayəndəsi Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan (hüquqi ünvanı-Masallı şəhəri, H.Əliyev prospekti 99, VÖEN **********) “X2 Ovçu” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında X1 Xidməti Lənkəran-Astara Regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında 11 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan (hüquqi ünvanı-Masallı şəhəri, H.Əliyev prospekti 99, VÖEN **********) “X2 Ovçu” MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran-Astara Regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17- 5/2-68995/2025 nömrəli məktubunda qeyd olunan icrası məcburi olan göstərişi yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan “X2 Ovçu” MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, 2017-ci ilin dekabr ayında “X2 Ovçu” MMC-də işəgötürən kimi əmək fəaliyyətinə başlamışdır. Əvvəllər özünü həmin MMCnin təsisçisi kimi təqdim etmiş Natiq Məmmədovla tanış olmuş, sonuncu onun etibarından sui-istifadə etmək yolu ilə aldadaraq ondan aldığı 1500 manat müqabilində MMC-yə rəhbərlik etməsini ona həvalə edəcəyini, işlədiyi müddətdə yüksək əmək haqqı alacağını bildirsə də, lakin aldadıldığına və ona qarşı dələduzluq hərəkətləri edildiyinə görə bu barədə Masallı RPŞ-yə müraciət etmiş, lakin müraciəti ilə əlaqədar tam araşdırma aparılmamışdır. İşə götürən kimi sənədləşmə onun adından aparılmasına baxmayaraq, MMC-yə rəhbərliyi faktiki olaraq Natiq Məmmədov rəhbərlik etmiş, işçiləri də məhz işə o, götürmüşdür. Daha sonra isə Natiq Məmmədov törətdiyi bu kimi dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilməklə Masallı rayon Məhkəməsi tərəfindən məhkum edilmişdir. MMC isə 2021-ci ilin fevral ayına kimi fəaliyyət göstərmişdir. Əvvəllər həmin MMC-yə adi işçi kimi qəbul olunsa da, lakin sonradan MMC onun adına rəsmiləşdirilmişdir. Həmin vaxtdan hazırki vaxta kimi MMC faktiki olaraq fəaliyyətini dayandırmışdır. Bir müddət əvvəl Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən ona zəng olunaraq MMC-nin 800 manatdan yuxatrı vergi borcunun olması bildirilsə də, lakin 2024-cü ilin aprel ayıında ona yenidən Vergilər İdarəsi tərəfindən zəng olunaraq MMC-nin müqaviləsinin müddətinin başa çatdığı və fəaliyyətinin dayandırılması barədə məlumat verilmişdir. MMC-nin əvvəllər əsas fəaliyyəti qanunsuz ovçuluqla məşğul olan şəxslərə qarşı qanuni tədbirlər görülməsi ilə bağlı olsa da, fəaliyyətləri formal xarakter daşımış, heç bir fəaliyyət aparılmamışdır. Hazırda MMC-nin fəaliyyətinin dayandırılması barədə müvafiq sənədin əldə edilməsi üçün 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmiş, müraciətinə əsasən ona təqdim olunmuş məlumatdan da bir daha görünür ki, “X2 Ovçu” MMC-nin fəaliyyəti vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2026-ci il tarixədək dayandırılmışdır. Sonda Nümayəndə qeyd olunanları nəzərə alıb inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə inzibati xəta haqqında ptorokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X2 Ovçu” MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 539.1-1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsasına görə xitam verilməlidir. İş materiallarında olan: X1 Xidməti Lənkəran-Astara Regional şöbəsi tərəfindən “X2 Ovçu” MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli icrası məcburi göstərişdən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17 sentyabr tarixli 425 nömrəli Qərarına əsasən 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Qanun qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək müəyyən edilmişdir. “Əmək və məşğulluq” altsisteminə baxış zamanı tərəfinizdən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin 10 iş günü müddətində təmin edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Lənkəran Astara regional şöbəsinə məlumat verilməsi Sizdən tələb olunur. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən “əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Bu icrası məcburi göstərişdə müəyyən edilmiş müddət ərzində tədbirlər icra edilmədiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərəfimizdən müvafiq qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılacaqdır. X1 Xidməti Lənkəran-Astara Regional şöbəsi tərəfindən “X2 Ovçu” MMC-nin direktoru Nümayəndə oğun ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, X1 Xidməti Lənkəran-Astara Regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-68995/2025 nömrəli icrası məcburi göstəriş məktubu ilə 10 iş günü müddətində qüvvədə olan işçilərin əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsini təmin edib nəticəsi barədə X1 Xidməti Lənkəran-Astara Regional şöbəsinə məlumat verilməsi tələb olunmasına baxmayaraq, heç bir tədbir görülməmiş və məlumat verilməmişdir. Bu səbəbdən inzibati xəta haqqında prootkolun tərtib edilməsi məqsədi ilə Nümayəndə xx.xx.2025-ci il tarixdə saat 14:00-a X1 Xidməti Lənkəran-Astara Regional şöbəsinə dəvət edilmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məlumatdan görünür ki, “X2 Ovçu” MMC-nin fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılmışdır. Məhkəmənin mövqeyi: Məhkəmə tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən inzibati məsuliyyət əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə yaranır. Məhkəmə iclasında təqdim edilmiş 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi tərəfindən “X2 Ovçu” MMC-yə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2021-ci il tarixli ərizənizə əsasən müəssisənin fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılmışdır. Məhkəmə hesab edir ki, müəsissənin fəaliyyəti dayandırıldığından, yəni faktiki olaraq fəaliyyət göstərmədiyindən müəssisənin qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi kimi öhdəliyi də yaran bilməzdi. Göründüyü kimi, “X2 Ovçu” MMC-nin əməlində inzibati xəta hadisəsi olmadığı halda, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-cı maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X2 Ovçu” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-2127/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2127/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver