Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2134/2024 26.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1980-ci il tarixdə Masallı rayonu, Tüklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 3 uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Masallı rayonu, Tüklə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 26 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-464/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-464/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 187000 (yüz səksən yeddi min) manat məbləğində pul X2 xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 477 manat məbləğində pul cavabdeh Şəxs iddiaçı X2 xeyrinə tutulmalıdır. İcra sənədi Suraxanı rayon İcra şöbəsinin icraatına qəbul edildikdən sonra 03 aprel 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Borclu icra sənədi üzrə borcdan 21000 manat ödəniş aparmışdır və tələbkar bunu təsdiq edir. İcra sənədi 06 noyabr 2024-cü il tarixdə onun icraatına daxil olmuş və o, bu barədə borcluya xəbərdarlıq göndərmişdir. Borclu öz hərəkətləri ilə icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, ailəli olmaqla 3 uşağı vardır. Özü Sədərək ticarət mərkəzində mağazada satıcı işləyir və aylıq qazancı ***-**** manat aralığında dəyişir. X1 İ Qarabağ müharibəsində şəhid olmuşdur. Oğlu isə Daxili qoşunlarının zabiti olmaqla leytenant rütbəsində xidmət edir. Oğlu 2023-cü ildə Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatında iştirak etmişdir. Onun aylıq qazancı az olmasına baxmayaraq 2024-cü ilin avqust ayında tələbkara olan borcundan 21000 manat ödəniş etmişdir. 2024-cü ilin dekabr ayında isə 15000 manat ödəniş edəcəkdir. O, icra sənədinin icrasından heç vaxt qərəzli olaraq boyun qaçırmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşamasına baxmayaraq 25 noyabr 2024-cü il tarixdə icra məmuru tərəfindən göndərilmiş bildirişi almış və bugün icra şöbəsinə gəlmişdir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən onun evinə tələbin yönəldilə biləcəyi əmlak olub-olmaması ilə bağlı baxış keçirilməmişdir. Həmin ev onun mülkiyyətində olsa da, bankda girovdadır. Bundan başqa anasından Masallı rayonunda miras əmlak qalmışdır ki, həmin əmlak da, 11 nəfər vərəsə arasında bölünməlidir. Məhkəmədən ona 500 manat məbləğində cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-464/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 187000 (yüz səksən yeddi min) manat məbləğində pul X2 xeyrinə tutulmalıdır. İş materiallarında olan tələbkar X2 02 oktyabr 2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, Şəxs 20000 manat məbləğində pul ödəmişdir. İş materiallarına əlavə edilmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs ünvanlanmış 23 noyabr 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, icra məmuru borclunu 29 noyabr 2024-cü il tarixdə Masallı rayon İcra və Probasiya şöbəsinə dəvət etmişdir. Tələbkar həmin xəbərdarlığı 26 noyabr 2024-cü il tarixdə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs ünvanlanmış 26 noyabr 2024-cü il tarixli bildirişdən görünür ki, məhkəmə qətnaməsini icra etmədiyi halda ilkin olaraq inzibati qaydada görüləcəyi, sonra toplanmış materialların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdimat veriləcəyi barədə xəbərdar olunmuşdur. Tələbkar həmin bildirişi 26 noyabr 2024-cü il tarixdə qəbul etmişdir. İş materiallarında olan Şəxs barəsində olan icra işi ilə bağlı elektron sistemdən çıxarışdan görünür ki, avtomobil nəqliyyatı məlumatları tapılmamış, əmək müqaviləsi məlumatı, pensiya məlumatları, sosial ödəniş məlumatları yoxdur. Avtomobil nəqliyyatı ilə bağlı DİN ünvanlanmış sorğunun nəticəsi olaraq məlumat tapılmadığı qeyd edilmişdir. Qiymətli kağız məlumatları, İpoteka və Kredit Zəmanəti fondu məlumatları, notariat aktları, kredit məlumatları və digər məlumatlar üzrə sorğu olunsa da, “zəhmət olmasa gözləyin” yazısı qeyd olunmuş və həmin məlumatlar üzrə nəticə əldə edilməmişdir. Göründüyü kimi icra məmuru tərəfindən zəruri hesab olunan sorğularla bağlı edilmiş sorğuların nəticəsi əldə olunaraq iş materiallarına əlavə edilməmişdir. Bundan başqa tələbkarın adında avtomobil nəqliyyatı ilə bağlı DİN-ə sorğu ünvanlansa da, mülkiyyətində daşınmaz əmlak olub-olmaması ilə bağlı ərazi idarəsinə sorğu göndərilərək cavab alınmamışdır. Eyni zamanda iş materiallarında görünür ki, Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən borclunun evində tələbin yönəldilə biləcəyi əmlakın müəyyən olunması üçün onun yaşadığı evə baxış keçirilməmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur, əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu icra sənədinin icra olunmasına yönəlmiş hərəkətləri etməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirir, borcundan böyük məbləğdə ödəniş etmiş və qalan borcunu ödəməkdən də, yayınmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən “üzürsüz səbəbdən icra edilməməsi” tələb olunan imperativ norma borclu Şəxs əməlində yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı aydın oldu ki, borclu ailədə yeganə qazanc gətirən şəxs olmaqla aylıq qazancı ***- **** manat olduğu halda borcundan 21000 manat ödəniş etmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-2134/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2134/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver