Məhkəmə qərarları › İş №3(050)-2147/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2147/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2147/2025 13.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1955-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olamaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis X3 Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında videoçəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Masallı RPŞ-nin X2 sahə rəisi, polis kapitanı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Masallı Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Boradigah qəsəbə ərazisində özünə məxsus ov tüfəngi ilə 03 ədəd cürə (gərəf) ovlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan aparılan şəxs Şəxs məhkəmə iclasında inzbati xətanı etiraf edərək izahatında göstərdi ki, ov həvəskarıdır. Ovçular və Balıqçılar Cəmiyyətinin üzvüdür. xx.xx.2025-ci il tarixdə Masallı rayonu Boradigah qəsəbəsinin ərazisində özünə məxsus 12 kalibirli, “Kral” markalı, 22-K14109 nömrəli, yivsiz tüfəngi ilə 03 ədəd çöl quşu ov etmişdir. Onun Masallı rayon Boradigah qəsəbə ərazisində ov etmək üçün icazəsi olmamışdır. Ovdan geri qayıdan zaman polis əməkdaşları onları saxlamışdır. Hazırda etdiyi əməldən peşmançılıq hissi keçirir. Qeyd olunanlara əsasən qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində ovçuluq fəaliyyətinin subyektləri sırasına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ov etmək hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, habelə ovçuluq təsərrüfatları və ovçular cəmiyyətləri aid edilmişdir. “Ovçuluq haqqında” Qanunun 12.2-ci maddəsində ovçuluq fəaliyyətinin ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilməsi müəyyən edilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənəddir. Ovçuluq bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ovçuluq biletindən yalnız onun sahibi istifadə edə bilər. Üzvlük bileti isə ovçunun ovçular cəmiyyətində üzv olduğunu təsdiq edən sənəd olmaqla, ovçuluq bileti əsasında üzvü olduğu ovçular cəmiyyəti tərəfindən verilir. Ov etmək üçün icazə isə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazənin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Ovçuluq bileti və üzvlük bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmir. Ovçuya verilən ov etmək üçün icazədən yalnız özü istifadə edə bilər və icazə verildiyi müddət üçün etibarlıdır (həmin Qanunun 14-cü maddəsi) İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tərkibi olduğundan inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilməsi, Şəxs 12 kalibirli, “Kral” markalı, 22-K14109 nömrəli, yivsiz lüləli silahı, batareyka və radio saxlanılması üçün Masallı RPŞ-nin aidiyyatı xidmət sahəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 2158 saylı şəhadətnamədən görünür ki, 12 kalibirli, “Kral” markalı, 22- K14109 nömrəli, yivsiz lüləli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. Oxşar müddəalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın 1.5-ci bəndində ifadə olunmuşdur. Həmin Qaydalara əsasən ovçuluq fəaliyyəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində ovçuluq bileti və üzvlük bileti əsasında verilmiş ov etmək üçün icazəyə müvafiq olaraq həyata keçirilir. Ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquqi sənəddir. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün ovçuluq bileti və ov etmək üçün icazəsi olan fiziki şəxs ovçu sayılır. İş materialları ilə müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbə ərazisində özünə məxsus silahla ov etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin üzvüdür. (bilet № 13/68) Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə ov silahının Şəxs mülkiyyətində olmaqla qanuni surətdə əldə etməsini, ilk dəfə inzbati xəta törətməsini, əməlindən peşman olmasını nəzərə alaraq silahın müsadirə olunmasını məqsədə müvafiq hesab etmir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin barəsində törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş ov hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasg İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və həmin maddənin sanksiyası çərçivəsində ondan götürülmüş 12 kalibrli, “Kral” markalı, 22-K14109 nömrəli, yivsiz lüləli ov silahı, batareyka və radio müsadirə edilməməklə 06 (altı) ay müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərarın icrası müvafiq olaraq Masallı Rayon Polis şöbəsinə və Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar