Məhkəmə qərarları › İş №3(050)-2149/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2149/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2149/2025 02.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Masallı RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Salyan rayonu, Şorsulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkuluğu olmayan, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati protokol sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: Masallı RPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, seriya İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:30-da Masallı şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi “QAZ 33021” yük markalı ** KZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, narkotik sərxoşluğunda şübhəli olduğundan həkim müayinəsinə aparılmış, lakin o, tibbi müayinədən keçməkdən imtina etmişdir. Masallı RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru Nümayəndə məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:30-da Masallı şəhəri, Heydər Əliyev prospektində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “QAZ 33021” yük markalı ** KZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən saxlanılmış, sürücü özünü şübhəli apardığı üçün həkim müayinəsindən keçmək üçün Lənkəran narkoloji xəstəxanasına dəvət edilmiş, lakin sürücü tibbi müayinəsindən keçməkdən imtina etdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəmə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində qardaşı Kərim Əhədova məxsus “QAZ 33021” yük markalı ** KZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən saxlanılmışdır. YPX əməkdaşı hərəkətlərindən şübhələndiyi üçün onu Masallı RPŞ-yə dəvət etməklə sərxoşluqla bağlı müayinədən keçməsi təklif olunmuş, Lənkəran rayonunda yerləşən xəstəxanaya aparılmışdır. Bir müddət əvvəl qurudulmuş marixuanadan istifadə etdiyi üçün aşkarlanmaması üçün bilərəkdən xəstəxanada tibbi müayinədən keçməkdən imtina etmişdir. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Hazırda əməlindən səmimi peşman olduğunu bildirib barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Masallı RPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə saat 16:30-da Masallı şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi “QAZ 33021” yük markalı ** KZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik sərxoşluğunda şübhəli olduğu üçün həkim müayinəsinə dəvət edilmiş, lakin o, tibbi müayinədən keçməkdən imtina etmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli 001146 saylı tibbi müayinə aktından görünür ki, Şəxsn tibbi müayinədən keçməkdən imtina etməsi barədə aktın nəticə hissəsində qeydiyyat aparılmışdır. Masallı RPŞ-nin DYPB-nin rəisi, polis mayoru Asəf Mustafayev tərəfindən verilmiş arayışdan görünür ki, Salyan rayonu, Şorsulu yaşayan Şəxs BDYPİ-nin mərkəzi informasiya sistemi tərəfindən verilmiş məlumatına əsasən sürücülük vəsiqəsi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi onun etirafedici və protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatı, inzibati xəta haqqında protokolla, sərxoşluq vəziyyətini təyin edilməsi barədə tibbi müayinə aktı, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 343-1.5-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 343-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Barəsində inzibati icraat aparılan şəxsin sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsi, narkotik vasitələrdən istifadə etdiyini etiraf etməsinə baxmayaraq, tibbi müayinədən keçməkdən qəsdən imtina etməsi onun şəxsiyyətinin təhlükləli olduğunu göstərir. Məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsi ilə təqsirli bilinməli və barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin aşağı həddində tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 02 oktyabr 2025-ci il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Əhədov X1 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar