Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2154/2025 20.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Qərardan şikayət verən X6 iştirakı ilə, X6 Azərbaycan Respublikası DİN-nin Masallı rayon polis şöbəsinin polis mayoru X4 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Masallı rayon polis şöbəsinin polis mayoru X4 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərarla razı deyil, qərar qanun pozuntusu ilə qəbul edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində işdən çıxmış, 21:40-21:50 arası Masallı şəhərində yerləşən “Tam Store” super marketinə girmiş, bununla bağlı video görüntüdə vardır. 21:50-də “Tam Store”dən çıxıb Masallı rayonu Musaküçə ərazisində yerləşən Seyidlər kafe-çay evinə getmişlər. Orada “ayaqüstü” təxminən 10-15 dəqiqə müddətində çay içmişlər. Oradan çıxıb isə ASAN xidmətin qarşısından keçməklə Banbaşı kəndinə getmişlər. Banbaşıya getdikdə yol kənarında olan obyektə girmişlər həmin vaxt Şəhid bulağının yanında polis maşını dayanmışdır. Onlar obyektdən çıxıb təxminən 50 mert getmişlər polis əməkdaşları sirenləri yandırıb dayanma işarəsi vermiş, onlarda dayanıb maşından düşmüşlər. Polis əməkdaşları yaxınlaşraq salamlaşmışlar və içkili olduğunu soruşmuşlar, yox demişdir. Daha sonra onu oturtmuşlar polis maşınına təkrar soruşmuşlar içkilisən, yox demiş, sonra alkotestrə pilə demiş, piləmiş, içkili olduğunu demişlər, oda ola bilməz demişdir. Daha sonra onu aparmışlar şöbəyə. Şöbədə təkrar-təkrar pilətdirirlər deyir keflisən, oda deyir ola bilməz gedək xəstəxanaya. Lakin xəstəxanaya aparmamışlar. Həmin vaxt təxminən saat on birə qalmış olardı. Çünki o, şöbədən on ikiyə beş – on dəqiqə işləmiş çıxmışdır. Getmiş Lənkəran rayonuna Lənkəran şəhər Narkoloji xəstəxanasına girmişdir. Orda müayinədən keçmiş və sərxoş olmadığı qeyd olunmuşdur. Saatda 23:45 qeyd olunmuşdur. Daha sonra qayıtmışdır. Onuda qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi məhkəmənin səlahiyyətlərinə aid olan bir maddədir və Polis şöbəsi tərəfindən həmin maddə ilə şəxsin cərimələnməsi qanunsuzdur. Odur ki, belə hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Heç bir inzibati xəta törətmədiyinə baxmayaraq cərimə protokolu tərtib edib vətəndaşı yüksək məbləğdə cərimə etmək ədalətsizlikdir. Qanunun tələblərinə görə X3 qəbul etdikləri protokol və qərarlar Ədalət və Humanizm prinsiplərini özündə əks etdirməlidir. Humanizm - insan rifahının, sosial institutların qiymət meyarının, bərabərlilik ədalət kimi bəşəri prinsipləri insanı məhəbbət və ehtiramı müəyyən edir. X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, ayıq olduğu halda içkili yazdıqları üçün həmin qərardan narazıdır. 03 sentyabr 2025-ci il tarixdə axşam saat onbirə qalmış polis əməkdaşları tərəfindən saxlanılmış və alkotestr müayinəsindən keçirilmişdir. Lakin içkili çıxmamışdır. Daha sonra polis şöbəsinə gətirilmişdir. Maşınını saxlanc yerinə vermişlər, özünüdə 4-5 dəfə alkotestr müayinəsindən keçirib içkili olduğunu demişlər. O, isə müayinə olunması ilə bağlı xəstəxanaya getməyi demiş, lakin onu aparmamışlar, içkili olduğunu demişlər. O, isə içkili olmadığı halda yazıb-pozmuşlar. İlk dəfə idiki polis əməkdaşları tərəfindən saxlanılmışdır. Basqı altında ona imzalatdırmışlar. O, polis şöbəsindən çıxdıqdan sonra Lənkəran rayonunda yerləşən Narkoloji xəstəxanaya getmiş müayinədən keçmiş rəy verilmişdir. Şöbədən çıxması ilə xəstəxanaya getməsi arasında heç 30-40 dəqiqə vaxt keçməmişdir. Xəstəxanadan nəticənin sıfır olduğunu içkili olmadığını bildirmişlər. X7 iştirakçısıdır. Alkotesrtin nəticəsi ilə razı olmamışdır. Müayinəyə aparılmasını tələb etmiş, lakin aparmamışlar. Məhkəmədən şikayətinin təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilmiş Masallı rayon Polis Şöbəsinin nümayəndəsinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, məhkəmə iclasında iştirak edən şəxsin izahatını dinləyib və toplanmış materialı nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. İş materiallarında olan xx.xx.2025-ci il tarixli alkotestr nəticəsindən görünür ki, X10 nəqliyyat vasitəsini idarə edərkən spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur. (Alkaqolun miqdarı 0.4136 litr, saat 21:48:36-da) Alkotestr nəticəsində əlyazma qaydasında “bir bakal pivə içmişəm, tanış oldum” qeyd yazmışdır. İş materiallarında olan nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X1 şübhəli olması səbəbindən tibbi müayinəyə göndərilir. İş materiallarında olan X10 tərəfindən təqdim edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında xx.xx.2025-ci il tarixli 001465 saylı aktda qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə, saat 23:45-də X10 alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materialına əlavə edilmiş 28 sentyabr 2025-ci il tarixli TP ******* saylı qərardan görünür ki, Masallı RPŞ DYPB-nin rəisi polis mayoru X4 tərəfindən X10 barəsində xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən X10 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətan törətdiyinə görə 400 manat inzibati qaydada cərimə edilmişdir. Hadisə ilə bağlı təqdim edilmiş Diskə baxış zamanı müəyyən edilmişdir ki, sürücü X10 üç dəfə alkotestr müayinəsindən keçirilmişdir. Sürücü alkotestrin nəticəsinə etiraz edir, eləcədə iki gün öncə pivə içdiyini bildirir və sürücü polis əməkdaşının diktə etdiyi sözləri alkotestr müayinəsinin nəticələrinə dair qəbzə yazır. İş materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqələrinin sürətindən görünür ki, X10 “Vətən müharibəsi iştirakçısı” medallarla təltif edilmiş və “Vətən müharibəsi iştirakçıları” üçün müəyyən edilmiş 80 manat müavinət alır. Azərbaycan Respublikasının İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının 2.1-ci bəndinə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmişdir “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” qaydalarının 3.1-ci bəndinə əsasən Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Amil Abasov polis əməkdaşları tərəfindən texniki vasitədən (alkotester) istifadə edilməklə müayinə edilməsi və onda 0.4136 litr alkoqol sərxoşluğu aşkar edilməsi ilə razı olmadığı üçün hadisədən sonra öz təşəbbüsü ilə Lənkəran şəhər narkoloji xəstəxanasında könüllü şəkildə müayinədən keçmişdir. Həmin müayinənin nəticəsində tərtib olunmuş xx.xx.2025ci il tarixli 001465 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, Amil Abasov həmin tarixdə, saat 23:45-də müayinə olunmuş, müayinə nəticəsində alkoqol sərxoşluğunun dərəcəsinin 0.00% olması, nəticədə Amil Abasovda alkoqol sərxoşluğu vəziyyətinin olmaması müəyyən edilmişdir. Amil Abasovun isə alkoqol sərxoşluğunun aşkar edilməsi ilə bağlı razı olmaması həm alkotestr nəticəsində əlyazma qaydasında icra etdiyi “bir bakal pivə içmişəm, tanış oldum” qeydlə və barəsində sərxoşluqda şübhəli olması səbəbindən tibbi müayinə göndərilməsinə dair xx.xx.2025-ci il tarixli protokolla təsdiq edilir. Lakin həmin protokolun tərtib edilməsinə baxmayaraq, Amil Abasovun hansı səbəbdən tibbi müayinədən keçirilməməsi isə anlaşılmazdır. Məhkəmə hesab edir ki, işin faktiki halları ilə sübut olunur ki, Amil Abasov səlahiyyətli orqan tərəfindən onun sərxoşluğunun müəyyən edilməsi üçün aparılmış alkotesterin nəticəsindən narazı qalmış, nəticədə tibbi müayinədən keçirilməsini tələb etmiş, hətta bu barədə səlahiyyətli orqan tərəfindən müvafiq protokol da tərtib edilmiş, lakin onun bu tələbi təmin edilməmiş, sonuncu öz təşəbbüsü ilə aidiyyəti xəstəxanada müayinə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Göründüyü kimi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən qanunvericiliyin göstərilən tələbinə riayət olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi» Qaydalarının 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. X5 Məcəlləsinin 82-1.1-ci maddəsində qedy edilir ki, inzibati xətalar haqqında işlər üzrə barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxs, fiziki şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs və ya onun nümayəndəsi onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün özəl məhkəmə ekspertinə və ya məhkəmə ekspertizası idarəsinə rəsmi müraciət etmək hüququna malikdirlər. Həmin Məcəllənin 82-1.3-cü maddəsinə əsasən ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir. Göründüyü kimi, qanunvericilik tərəfindən hazırki işin hallarına münasibətdə şəxsin öz təşəbbüsü ilə tibbi müayinədən keçməsinə, öz təşəbbüsü ilə sübutlar toplamasına, həmin sübutların mötəbər sübut kimi qəbul edilməsinə hər hansı məhdudiyyət qoyulmamışdır. Azərbaycan Respublikası Konstisusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-in “Təqsirsizlik prezumpsiyası prinsipi” adlanan 8-ci maddəsində göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Amil Abasovun Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanı törtməsi təsdiq edən hər hansı bir mötəbər sübutun mövcud olmaması və iş materiallarında olan sübutların ziddiyyətli olması Amil Abasovun qeyd olunan inzibati xəta üzrə təqsirli olması barədə şübhələr kimi qiymətləndirilməli və onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Amil Abasovun Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmir. Belə olduğu halda, şikayət təmin edilməli, Masallı rayon polis şöbəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Masallı rayon polis şöbəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən X10 barəsində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2154/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2154/2025
20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver