Məhkəmə qərarları › İş №3(050)-2156/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2156/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2156/2025 24.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsn nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 26 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmaması göstərilmişdir. İşin halları və tərəflərin izahatları: Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCnin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, mühasibi olduğu Şəxs MMC kiçik sahibkarlıq subyekti kimi fəaliyyət göstərsə də, lakin 2023-cü ilin oktyabr ayından fəaliyyəti dayandırılmış, bütün işçi heyyəti işdən azad olunmuşdur. Hazırda həmin MMC-nin Vegilər İdarəsi ilə bağlı məhkəmə çəkişmələri davam etməkdədir. Belə ki, 2023-cü ilin sentyabr ayında Vergi baş idarəsi tərəfindən müəssisədə yoxlanılma aparılmış, qanunsuz olaraq verigən yayınma faktları aşkar edilməklə müəssisə cərimələnmişdir. MMC-nin barəsində protokol tərtib edilərək məhkəməyə göndərildikdən sonra elektron kabinet vasitəsi ilə bu barədə məlumat aldıqdan sonra Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qaynar xəttinə müraciət etmiş, məlum olmuşdur ki, kiçik sahibarlıq subyekti olmasına baxmayaraq, MMC-nin barəsində qanunsuz protokol tərtib edilmişdir. Halbuki, Şəxs MMC orta və ya iri sahibkarlıq subyektlərinə aid deyildir. Ona görə ki, MMC-nin 50 nəfərdən yuxarı ümumiyyətlə işçisi olmamış, nə də ki illik dövriyyəsi üç milyon manat təşkil etməmişdir. Hazırda məhkəməyə təqdim etdiyi Şəxs MMC-nin kiçik sahibkarlıq subyekti olması barədə Ərazi vergilər Baş idarə tərəfindən əldə etdiyi sənədi, həmçinin 6 saylı Ərazi Vergi baş idarəsi tərəfindən Şəxs MMC-nin ilkin dövriyyəsi barədə sənəd və ləğv edilməsi barədə sənədlərdən bir daha aydın olur ki, Şəxs MMC-nin illik maliyyə dövriyəsinə əsasən kiçik sahibkarlıq subyekti olmaqla illik dövriyyəsi 2,405,027, 51 manat təşkil etmişdir. Bundan əlavə müəsissə vergi borcu olmaması səbəbindən fəaliyyətini dayandırmışdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Şəxs MMC-nin dövlət büdcəsinə ümumlikdə 357,850, 62 manat vergi borcu yaranmışdır. Odur ki, qeyd olunanları nəzərə alıb inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 464-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsasına görə xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmamasına görə törədilmiş inzibati xətaya görə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin müdiri X1 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-23/2-5586/2025 saylı bildirişdən görünür ki, 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmamasına görə törədilmiş inzibati xətaya görə İXMnin 464-cü maddəsi üzrə məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə baxılması ilə əlaqədar iştirak etməsi üçün bildiriş ünvanlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 3-21-2-1/2-462/2025 saylı məlumat və cədvəldən görünür ki, Şəxs MMC (VÖEN **********) 2023-cü ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyekti kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təqdim edilmiş mənfəət vergisinin bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin 2023-cü il üzrə illik dövriyəsi 2,405, 027.51 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş vergi borcunun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Şəxs MMC-nin dövlət büdcəsinə xx.xx.2025-ci il tarixə olan borcu 357,850.82 manat təşkil edir. Müqaviləyə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanmış icarə müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv olunmuş, hər iki tərəf üzçün müqavilə üzrə bütün öhdəlik, vəzifə və hüquqlara xitam verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş hüquqi şəxsin fəaliyyətinin dayandırılmasına dair arayışdan görünür ki, Şəxs MMC fəaliyyəti və əməliyyatları xx.xx.2024-cü il tarixdən dayandırılmış, fəaliyyətin və əməliyyatların dayandırılmasının son tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş sahibkarlıq subyektinin aid olduğu kateqoriya ilə bağlı xx.xx.2025-ci il tarixli elektron arayışdan görünür ki, Şəxs MMC (VÖEN: **********) 2024-cü ilin hesabat dövrünə aid məlumatlara əsəsən kiçik sahibkarlıq subyektinə aid edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən məsuliyyət “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə görə yaranır. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1. maddəsinə əsasən bu Qanun mülkiyyət formasından və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikası ərazisində (Ələt azad iqtisadi zonası istisna olmaqla) fəaliyyət göstərən bütün müəssisələrə, təşkilatlara və idarələrə (bundan sonra - təsərrüfat subyektləri) şamil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 556 nömrəli Qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü illik gəlir (ig) və işçilərin sayı (is) meyarları üzrə müəyyən edilmişdir:

1. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

2. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

3. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.

4. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsini 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qeyd edilən normaların da məzmunundan görünür ki, müəssisədə auditin aparılması iri və orta sahibkarlıq subyektləri üçün məcburi, digər müəssisələr üçün isə könüllü qaydada müəyyən edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş Dövlət Statistika Komitəsi tərəfindən verilmiş elektron arayışdan görünür ki, Şəxs MMC 2024-cü ilin hesabat dövrünə aid məlumatlara əsəsən kiçik sahibkarlıq subyektinə aid edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə iclasında təqdim edilmiş Dövlət Vergi Xidmətinin elektron arayışından görünür ki, Şəxs MMC öz fəaliyyətini xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırmışdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Şəxs MMC kiçik sahibkarlıq subyekti olduğundan barəsində məcburi auditin aparılmamasına görə inzibati xəta hadisəsi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-cı maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar