Məhkəmə qərarları › İş №3(050)-2159/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2159/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2159/2024 02.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Masallı Rayon Polis X5 Polisi Bölməsinin baş dövlət avtomobil müfəttişi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Şəxs 02 noyabr 2024-cü il tarixdə, saat 17:00 radələrində idarə etdiyi «BMW 330l minik» markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri, Həzi Aslanov küçəsində toy karvanında ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərlə, yəni qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarıb, yolun səthində çoxsaylı təkər izləri buraxaraq avtoxuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı dindirilmiş Masallı Rayon Polis X5 Polisi Bölməsinin baş dövlət avtomobil müfəttişi, polis mayoru X3 izahatında göstərdi ki, Şəxs 02 noyabr 2024cü il tarixdə, saat 17:00 radələrində idarə etdiyi «BMW 330l minik» markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri, Həzi Aslanov küçəsində toy karvanında ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək avtomobillə yerində dəfələrlə dairəvi manevrlər etmiş, ictimayətin diqqətini özünə cəlb edərək avtoxuliqanlıq etmişdir. Bu səbəbdən də Şəxs Masallı RPŞ-yə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, 02 noyabr 2024-cü il tarixdə dostunun toyu ilə əlaqədar Masallı rayonuna gəlmişdir. Həmin gün saat 17:00 radələrində toy karvanında özünə məxsus «BMW» markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomaşınla Masallı şəhəri, Həzi Aslanov küçəsində yerində dəfələrlə dairəvi manevrlər edib əhalinin dincliyini pozmuş, ictimayətin diqqətini özünə cəlb edib avtoxuliqanlıq hərəkətləri etmişdir. Hazırda etdiyi əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmədən himayəsində iki nəfər azyaşlı uşağının olmasını və ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: - 03 noyabr 2024-cü il tarixli, AZA 022209 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 03 noyabr 2024-cü il tarixdə, saat 00:10-da tutulmuşdur. - Masallı Rayon Məhkəməsinin 03 noyabr 2024-cü il tarixli, 3 (050)-2004/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilmiş, həbs etmənin əvvəli 03 noyabr 2024-cü il tarixdən, saat 00:10-dan hesablanmışdır. - Şirvan Apellyasiya Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 3 (106)-526/2024 saylı qərarından görünür ki, Şəxs müdafiəçisi X4 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsi hakiminin 03 noyabr 2024-cü il tarixli, 3 (050)- 2004/2024 saylı qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və Şəxs dərhal həbsdən azad edilmişdir. - Masallı Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 3 (050)-2004/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş İXP ******* nömrəli, 02 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, onun qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən CD diski sübut növü kimi qiymətləndirir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında 02 noyabr 2024-cü il tarixli, İPX ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən səmimi peşman olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Onun əməlində iş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə nəqliyyat vasitəsini idarə etmək hüququ müəyyən müddətə məhdudlaşdırılmaqla, cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar