Məhkəmə qərarları › İş №3(050)-2160/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2160/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2160/2024 03.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Masallı rayonu, Banbaşı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, Masallı rayonu Böyük Xocavar kənd həkim məntəqəsində mama işləyən, Masallı rayonu, Böyük Xocavar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu əməlinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Masallı rayonu Böyük Xocavar kəndində yerləşən kənd həkim məntəqəsində Zərərçəkmiş şəxs və Şəxs arasında mübahisə olmuş, həmin mübahisə zəminində Zərərçəkmiş şəxs xəsarət almışdır. Bununla bağlı ekspert rəyidə vardır. Masallı RPŞ-nin Təhqiqat bölməsində iş aparılmış və xx.xx.2024-cü il tarixdə cinayət işinin rədd olunması haqqında qərar qəbul edilərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması qərara alınmışdır. Lakin Zərərçəkmiş şəxs dəvət olunmasına baxmayaraq polis şöbəsinə gəlmədiyi üçün xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Ona məlumat verilməsi ilə bağlı telefon danışıqları aparılmış və bununla bağlı raport tərtib olunmuşdur. Zərərçəkmiş şəxs yaşayış və iş yeri bəlli idi, lakin anası xəstə olduğu üçün Bakı şəhərində olduğundan polis şöbəsinə gəlməmişdir. xx.xx.2024-cü il tarixdə icraat təzələnmişdir. Tərəflər arasında profilaktiki söhbət aparılmış, lakin aralarında barışıq əldə olunmamışdır. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. İş üzrə icraat dayandırılmış müddət ərzində inzibati xəta törətmiş şəxs Şəxs yaşadığı Masallı rayonu Böyük Xocavar kəndində olmuş və yeri bəlli olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həmin günü adəti üzər hər bir şəxs kimi oda saat 9-da işə gəlmişdir. Həmişə tək gəldiyi zaman Aysel gəlib onu təhqir edərək qovmuşdur. Bu dəfə iş yoldaşları Nəzakətlə birlikdə gəldiyini görüb ürəklənmişdir ki Nəzakətin yanında Aysel ona bir söz deməyəcəkdir. Artıq üç ildir ki, Aysel ona şər və böhtan atmışdır və aralarında bir heçə məhkəmə mübahisələri olmuşdur. Bu səbəbdən bu dəfə mobil telefonunu çəkiliş etməsi üçün qurub kənara qoymuşdur. Aysel işlədikləri otağa daxil olan kimi onu qovmağa başlamış ona “it rəddol burdan demişdir”. Sonra ona xoşagəlməz sözlər demişdir. Daha sonra Aysel imza edib çıxıb getdiyi zaman sumkasını onun başına vurmuş, saçından tutub dartaraq onu təpiklə vuraraq döyməyə başlamışdır. Həmin vaxt orada olan Nəzakət adlı iş yoldaşı onları ayıraraq onu Ayselin əlindən almışdır. Daha sonra Aysel onu öldürməklə hədələmiş, ona ərizəsini yazıb işdən çıxmasını, onu işləməyə qoymayacağını demişdir. Eyni zamanda Aysel onun uşaqlarınıda gördüyü zaman təhqir edir. Zərərçəkmiş şəxs vurmamışdır, ona hər hansı bir xəsarət yetirməmişdir. Ayseli dişləməmişdir, çünki dişləri protez olduğundan çörəyi belə güclə yeyir, Aysel özünə harada xəsarət yetiribsə hazırda onun üzərinə atır. Əksinə Aysel onu döyüb, söyür. Döyüləndə odur, barəsində tədbir görüləndə odur. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixi olmuş, həmin günü o, işlədiyi müəssisənin rəhbəri ilə rayon prokurorluğuna etmiş olduğu şikayətlərlə bağlı getməli imiş. Eləcədə artıq üç ildir ki, Şəxs ona gün verir işıq vermir. Əvvəllər Vüsalə müdir əvəzi olduğu zaman onun maaşından 65 manat kəsilməsinə nail olmuş, lakin etdiyi şikayətdən sonra həmin pul ona qaytarılmışdır. Daha sonra aralarında böyük bir mübahisələri olmuş və hər ikisinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə iş açılmışdır. Həmin zaman hətta Vüsalənin çantasından və iş yerindən bıçaqlar çıxmışdır. Bundan sonra Vüsalə onun qapısına adam göndərmiş üzür istəmiş, oda kəndçilik, qohumçuluq olduğuna görə ona güzəşt etmişdir. Anasına əl qaldırması ilə bağlı prokurorluqda iş başlanılmış onuda bağışlamışlar. Sonra onun sırğalarını oğurlamışdır. İstintaq şöbəsində sırğaları alınaraq ona verilmişdir, sözsöhbətləri qurtardıqdan sonra xx.xx.2024-cü il tarixdə işə getmişdir ki, bir qədər işdə olsun daha sonra prokurorluğa gedəcəkdir. O, Vüsalənin dedikəri ilə razılaşmır, çünki Vüsalə dəfələrlə ona ziyan vurmuşdur. Həmin günü o, qapıdan çıxıb getdiyi zaman Vüsalə arxadan ona yapışmışdır. Bu zaman o, Vüsaləni özündən uzaqlaşdırmaq üçün itələmiş və bu vaxtı yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra ayağa qalxıb özünü toparlamaq istədiyi zaman Vüsalə əlində kəsici alətlə başına vuran zaman o, öz əlini qaldırmış və bu zaman əlinə dəymiş və xəsarət almışdır. Sonra çıxıb rayon prokurorluğuna getmişdir. Rayon prokurorluğunda Vəli müəllim onu görən kimi köməkçisinə göstəriş vermiş təhqiqata zəng vursun və onun aldığı xəsarətlə bağlı iş açılsın. İş başlanılmış, izahatlar alınmışdır. Lakin anası ankoloji xəstə olduğundan Bakı şəhərində yerləşən ankoloji mərkəzə gedib-gəldiyi üçün iş vaxtında yekunlaşmamışdır. Barışmamışdır. Məhkəmədən qanuni tədbirlər görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahat, inzibati xəta haqqında protokol, məhkəmə tibbi ekspertin rəyi, cinaytət işi başlanmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 03 iyun 2024-cü il tarixli qərarda göstərilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 339 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ said nahiyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən ola bilər ki, dişləmə nəticəsində törənmişdir, törənmə müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarından görünür ki, Şəxs inzibati xətanı xx.xx.2024-cü ildə törətmiş, faktla bağlı araşdrıma aparılmış və nəticədə xx.xx.2024-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 104.1.1-ci maddəsinə əsasən iş üzrə icraat dayandırılmış, 03 dekabr 2024-cü il tarixdə işin icraatı təzələnmiş və inzibati xəta haqqında protokol 03 dekabr 2024-cü ildə tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə araşdırılması zaman iş materiallarına nəzər salındığı zaman müəyyən edilmişdir ki, iş üzrə icraat barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin tapılmaması səbəbindən dayandırılmış olsa da, əslində isə iş üzrə icraat zərərçəkmiş şəxs Bakı şəhərində olduğuna görə dayandırılmışdır. Bunu inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında iş üzrə məlumat verdiyi zaman göstərdi. O qeyd etmişdir ki, “Zərərçəkmiş şəxs polis şöbəsinə dəvət olunmasına baxmayaraq polis şöbəsinə gəlmədiyi üçün inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Zərərçəkmiş şəxs yaşayış və iş yeri bəlli idi, lakin anası xəstə olduğu üçün Bakı şəhərində olduğundan polis şöbəsinə gəlməmişdir. İş üzrə icraat dayandırılmış müddət ərzində inzibati xəta törətmiş şəxs Şəxs yaşadığı Masallı rayonu Böyük Xocavar kəndində olmuş və yeri bəlli olmuşdur”. Eləcədə Şəxs vermiş olduğu izahatında Masallı rayonu Böyük Xocavar kəndində yaşadığını və həmin kənddə yerləşən həkim məntəqəsində işlədiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs verdiyi izahatında anası xəstə olduğundan Bakı şəhərinə gedib-gəlmək məcburiyyətində qaldığını bu səbəbdəndə işin vaxtında yekunlaşmadığını qeyd etmişdir. Azərbaycan Respublikası İXM-in 104-cü maddəsinin tələblərində isə zərərçəkmiş şəxsin olmaması səbəbindən işin icraatının dayandırılması nəzərdə tutulmamışdır. Göründüyü kimi iş üzrə icraatın xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixədək dayandırılması Azərbaycan Respublikası İXM-nin tələblərinə ziddir. Azərbaycan Respublikası İXM-in 104.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda dayandırılır: - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin ağır xəstəliyi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatda iştirakı mümkün olmadıqda; inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda. Həmin Məcəllənin 104.5-ci maddəsinə əsasən prokuror inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarı aldığı vaxtdan bir ay müddətində həmin qərarın qəbul edilməsində bu Məcəllənin 104.1-ci maddəsinin tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin yoxlama ilə əlaqədar prokuror müvafiq qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxsdən inzibati xəta haqqında iş üzrə icraatın materiallarını tələb etdikdə, materiallar bir gün ərzində prokurora təqdim edilməlidir. Həmin Məcəllənin 104.6-cı maddəsinə əsasən prokuror inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın bu Məcəllənin 104.1-ci maddəsi pozulmaqla qəbul edildiyini müəyyən etdikdə, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edir və onun surətini qərarı qəbul etmiş səlahiyyətli vəzifəli şəxsə göndərir. Bu halda prokuror həmçinin səlahiyyətli vəzifəli şəxs barəsində bu Məcəllənin 596.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 104.8-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. Həmin Məcəllənin 53.1 və 53.1.6-cı maddələrinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi Şəxs tətbiq olunmalı olan inzibati tənbeh tədbiri üçün müddət keçmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən başlanılmış inzibati icraata xitam verilməlidir. Belə ki, həmin maddədə göstərilmişdir ki, İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar