Məhkəmə qərarları › İş №3(050)-2170/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2170/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2170/2024 05.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Masallı rayon Polis şöbəsinin Boradigah Polis bölməsinin sahə rəisi, polis kapitanı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1995-ci il tarixdə Masallı rayonu, Türkoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli 05 dekabr 2024-cü il tarixli protokola əsasən Şəxs 04 dekabr 2024-cü il tarixdə Masallı rayonu, Türkoba kəndində küçədə ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Eyni zamanda inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 05 dekabr 2024-cü il tarixli protokola əsasən Şəxs 04 dekabr 2024-cü il tarixdə Masallı rayonu, Türkoba kəndində küçədə ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Masallı rayon Polis şöbəsinin Boradigah Polis bölməsinin sahə rəisi, polis kapitanı Nümayəndə izahatında bildirdi ki, 04 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində DİN-nin 102 xidmətinə daxil olmuş məlumat əsasında polis əməkdaşları Masallı rayonu, Türkoba kəndinə getmişlər. Orada 2 nəfər şəxsin qan içində xəstəxanaya aparıldığını görüb hadisə baş verən ünvana getmişlər. Şəxs yaşadığı evin həyətində uca səslə nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmələrinə baxmayaraq onların qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Halhazırda polis şöbəsində Şəxs anasını və qardaşını vurması ilə bağlı araşdırma aparılır. Şəxs törətmiş olduğu hadisə ilə bağlı protokollar tərtib olunmuş və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, 04 dekabr 2024-cü il tarixdə spirtli içki qəbul etdikdən sonra hava qaralan zaman yaşadığı evə gəlmişdir. Ondan təxminən 30 dəqiqə sonra qardaşı evə gələrək onun arvadına əl qaldırdığını demiş, lakin anası və qardaşının arvadı elə bir hadisənin olmadığını demişdir. Buna baxmayaraq qardaşı onu əlləri ilə itələyərək evdən çölə çıxatmışdır. Qardaşının dəmir setka ətrafında olan dəmir borunu götürüb ona tərəf gəldiyini görüb özünü qorumaq üçün dərhal evə daxil olmuş və stəkan götürərək evdən çölə çıxmışdır. Qardaşı həmin dəmir boru ilə onun gözünün altından, boynundan və əlindən vrumuş, o isə özünü müdafiə üçün əlində olan stəkanı qardaşının başına vurmuşdur. O, hadisə zamanı anasını vurmamışdır, sadəcə onun qanı anasının üzərinə sıçramışdır. Hadisədən sonra polis əməkdaşları həyətə gələrək onu sakitləşdirmək istəmişlər. Polis əməkdaşları onu şöbəyə dəvət etsələr də, hadisə zamanı qardaşı belindən vurduğundan ayağa qalxa bilmədiyi üçün onlara gözləmələrini demişdir. Lakin polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Polis əməkdaşları tərəfindən ona qarşı hər hası fiziki zor tətbiq olunmamışdır. O, qardaşı ilə mübahisə edərkən sərxoş olduğundan uca səslə nalayiq ifadələr işlətmişdir. Törətdiyi əməldən səmimi peşman olaraq cərimə cəzasının təyin olunmasını məhkəmədən xahiş etdi. Suallara cavab bildirdi ki, Masallı Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli qərarına əsasən təyin edilmiş cəriməni ödəməmişdir. Həmçinin Masallı Rayon Məhkəməsinin hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və ona elektron nəzarət vasitəsi tətbiq olunmuşdur. Elektron nəzarət vasitəsi ayağında olsa da, mobil nəzarət qurğusunu evdə qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin Boradigah Polis bölməsinin polis nəfəri Şahid3 izahatında bildirdi ki, 04 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində DİN-nin 102 xidmətinə daxil olmuş məlumat əsasında polis əməkdaşları, təhqiqatçı Bəhmən Əsgərli, Növbətçi hissənin sürücüsü Şahid2 və Boradigah Polis bölməsinin polis nəfəri Şahid1 ilə birlikdə Masallı rayonu, Türkoba kəndinə getmişlər. Hadisə yerinə çatdıqda iki nəfər şəxsin qan içində xəstəxanaya aparıldığını görmüşlər. Bu zaman bir nəfər şəxs uca səslə qışqıraraq nalayiq ifadələr işlətdiyindən ona yaxınlaşaraq özlərini təqdim edib nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Ona görə də, onu polis şöbəsinə getməyi təklif etmişlər, həmin şəxs bir neçə dəfə getmək istəməsə də, sonra onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin Boradigah Polis bölməsinin polis nəfəri - sürücü Şahid2 və Şahid1 Şahid3unu izahatına uyğun, eyni məzmunlu izahat verərək Şəxsu ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmadığını bildirmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmim peşmançılığını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini və 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsini Şəxs məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, yəni onun Masallı Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən 200 manat məbləğində cərimə olunmasını və hal-hazıradək həmin cəriməni ödəməməsini, Masallı Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 15 faiz məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına, Masallı Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.1.3-cü maddələrinə əsasən qəti olaraq 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, Masallı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilmə yerinin məcburi müalicə aldığı Respublika Narkoloji Mərkəzi hesab olunmasını, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən məhkəmə iclasındakı davranışını nəzərə alaraq və onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə törətdiyi İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan o, daha ciddi xəta hesab olunan İnzibati Xətalar Məcəlləsinin 535.3-cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İş materiallarında olan AZA seriyalı 022202 nömrəli 04 dekabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 dekabr 2024-cü il tarixdə, saat 20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı 04 dekabr 2024-cü il tarixdən, saat 20:00-dan hesablanmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 04 dekabr 2024-cü il tarixdən, saat 20:00-dan hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Şəxs Masalı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar