Məhkəmə qərarları › İş №3(050)-2177/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2177/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2177/2023 29.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Masallı rayonu, Tüklə kəndində fəaliyyət göstərən (VÖEN **********) Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında 15 noyabr 2023-cü il tarixli, EP ******* nömrəli protokolda göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC (VÖEN **********) 172800.00 ABŞ dolları məbləğində vəsaiti 22 oktyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 39160.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhməmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə bildirdi ki, bağlanmış müqaviləyə əsasən 172800.00 ABŞ dolları məbləğində vəsait 22 oktyabr 2021-ci il tarixdə Çin Xalq Respublikasına göndərmiş, lakin Çin Xalq Respublikasında fabriklər işləmədiyindən mallar sonradan İndoneziya dövlətindən ölkə ərazisinə 35610.00 ABŞ dolları məbləğində mal gömrüyə daxil olmuş, gömrük sənədləşməsində problemlər olduğundan həmin maldan 5189 ABŞ dolları məbləğində mal Dövlətə ianə edilmiş, qalan 30421 ABŞ dolları məbləğində mal ölkəyə idxal edilmiş, hansı ki, həmin mallardan 28800 ABŞ dolları məbləğində olan mal hazırki mübahisədən əvvəlki müqaviləyə görə olan maldır. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, 26610 ABŞ dolları məbləğində mal gömrüyə daxil olmuşdur. Protokola əsasən ölkəyə 39160 ABŞ dolları məbləğində malın idxal edilmədiyi göstərilsədə, təqdim edilmiş sənədlərdən görünür ki, həmin məbləğdən 1621, 26610 ABŞ dolları məbləğində mal gömrüyə daxil olmuş, həmçinin 5189 ABŞ dolları məbləğində mal Dövlətə ianə edilmişdir. Müqaviləyə əsasən ölkəyə 5740 ABŞ dolları məbləğində mal idxal edilməmiş, buda qanunvericiliyə əsasən inzibati məsuliyyət yaratmır. Sonda Nümayəndə göstərilənləri nəzərə alıb barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. xx.xx.2021-ci il tarixli, OX1 ödəniş tapşırğından görünür ki, Şəxs MMC müqaviləyə əsasən 172800.00 ABŞ dolları ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, müqaviləyə əsasən 35610.00 ABŞ dolları məbləğində mal gömrüyə daxil olmuşdur. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, müqaviləyə əsasən 26610.00 ABŞ dolları məbləğində mal gömrüyə daxil olmuşdur. Sistemdən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə müqaviləyə əsasən 1621 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. xx.xx.2023-cü il tarixli, 170 İ/2023 saylı aktdan görünür ki, 80 ədəd inqalasiya aparatı Dövlət xeyrinə imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 saylı «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları» nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsini dinləyərək, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və məhkəməyə təqdim edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 172800.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 2 (iki) il müddət keçdikdən sonra 5740.00 ABŞ dolları məbləğində malın ölkəyə idxal edilmədiyini, lakin geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olmadığından belə qənaətə gəlir ki, Şəxs MMC-in barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar