Məhkəmə qərarları › İş №3(050)-2199/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2199/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2199/2024 06.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, Masallı rayonu, Banbaşı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 05 dekabr 2024-cü il tarixdə saat 17:30 radələrində Banbaşı kəndində ucadan ünvansız nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə Masallı RPŞ-in əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə spirtli içki olan araq içmişdir. Daha sonra siqaret almaq üçün qonşuluqda yerləşən mağazaya getmişdir. Orada iki nəfər şəxslə rastlaşmışdır. Həmin şəxslərlə arasında mübahisəsi olmuşdur. Əvvəlcə həmin şəxslərin polis əməkdaşları olduğunu bilməmişdir, çünki həmin şəxslər mülki geyimdə olmuşlar. Polis əməkdaşları olduğunu bildikdən sonra onlardan üzr istəmişdir. Həmçinin həmin şəxslər ona polis şöbəsinə getməyi təklif etmişlər, lakin o razılaşmayaraq maşına oturmamışdır. Sonradan, yəni polis əməkdaşları olduqlarını bildikdən sonra onlarla birlikdə polis şöbəsinə getmişdir. Həmin vaxt sərxoş olduğu üçün “ağlı başında” olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fizki, psixi zor tətbiq olunmamışdır. Əməlindən peşmandır. Məhkəmədən bağışlanmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Masallı RPŞ-in PPXB-ün polis nəfəri polis serjantı Xalıqzadə İsmayıl ilə birlikdə xidməti ərazisi olan Masallı rayonu, Banbaşı kəndi ərazisində yerləşən ərzaq mağazasına siqnalizasiyanın quraşdırılmasından ötrü profilaktiki söhbətlər aparmaq məqsədilə mağazaya daxil olmaq istəyərkən, şəxsiyyəti sonradan məlum olan Masallı rayonu, Banbaşı kənd sakini Şəxs kəskin sərxoş vəziyyətdə, özünü idarə edə bilmədiyi halda, onlara yaxınlaşaraq “siz kimsiniz bura gəlmisiz” soruşduqda, həmin vaxt onlar ona polis əməkdaşı olduqlarını və məqsədlərini bildirmişlər. Bundan sonra Şəxs mağazanın qarşısında, ictimai yerdə uca səslə ünvansız nəlayiq küçə söyüşləri söyməyə başlamışdır. Bu zaman onlar Şəxsla təxminən 15 dəqiqə ərzində profilaktik söhbətlər aparmışlar və onu dəfələrlə nizam intizama dəvət etsələrdə lakin, o polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra onlar Şəxs iradəsinə zidd olaraq avtomobilə əyləşdirib Masallı RPŞ-nə gətirmişlər. Çünki o, polis maşınına əyləşməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 şahid X2 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Orxan Balakişiyev tərəfindən 05 dekabr 2024-cü il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarında olan 05 dekabr 2024-cü il tarixli 022221 saylı protokoldan görünür ki, Şəxs 05 dekabr 2024-cü il tarixdə saat 21:30-da inzibati qaydada tutulmuş, 06 dekabr 2024-cü il tarixdə azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə və qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 112, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 05 dekabr 2024-cü il tarixdən, saat 21:30-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Mənəfov X3 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar